Facebook Twitter WhatsApp

Gəncliyi

Hər baxımdan insanların ən üstünü olan Muhamməd əleyhissəlam, hələ gəncliyində Məkkə xalqı arasında, digərlərindən fərqli olaraq, çox sevilmişdir. Gözəl əxlaqı, insanlara görülməmiş bir şəkildə yaxşı davranması, sakitliyi, yumşaqlığı və digər üstün halları, insanlar arasında fövqəladə fərqliliyi ilə hər kəs Ona heyran olmuşdur. Məkkə xalqı, Onda gördükləri heyrətləndirəcək dərəcədəki doğru sözlülük və etibarlılıq səbəbilə Ona Əl-Əmin (hər zaman güvənilən) dedilər və gəncliyində bu adla məşhur oldu.

 

Peyğəmbərimizin gəncliyi zamanında, Ərəblər tünd bir cahiliyyət dövrü yaşamaqda olub, aralarında bütə tapınmaq, içki, qumar, zina, faiz və daha bir çox çirkin iş yayılmışdı. Muhamməd əleyhissəlam onların bu xarab hallarından son dərəcə nifrət edər, hər pisliklərindən daim uzaq durardı. Bütün Məkkə xalqı Onun bu halını bilər və heyrət edərdilər. Hələ uşaqlığında Onunla birlikdə Kəbəni təvaf edən babası Əbdülmuttalib və əmisi Əbu Talib, Onun bütlərdən nifrət etdiyini yaxşı bildikləri üçün təvaf əsnasında Onu Kəbənin ətrafındakı bütlərə yaxınlaşdırmazlar və pis işlərin edildiyi yerlərdən uzaq tutardılar. Necə ki, əmisi Əbu Talib ilə ticarət üçün Şama getmək üzrə yola çıxıb Busra deyilən yerdə fasilə verdikləri vaxt, Onda peyğəmbərlik əlamətləri görərək Lat və Uzza bütləri adına and verib, bəzi şeylər soruşan rahib Bahiraya; “Mənə Lat və Uzza adına and verərək bir şey soruşma! Vallah, mən, o bütlərə qarşı duyduğum nifrəti heç bir şeyə duymaram.” demişdir. Bütlərdən şiddətlə nifrət etdiyi üçün əsla yanlarına yaxınlaşmazdı.

 

Uşaqlığında və gəncliyində özünə aid qoyunları güdər dolanışığını belə təmin edərdi. Bir tərəfdən də çox pozulmuş olan cəmiyyətdən bu münasibətlə uzaq durardı. Bir dəfə Əshabı-kirama; “Qoyun güdməyən heç bir peyğəmbər yoxdur.” buyurmuşdur. “Ya Rəsulallah, sən də güddün mü?” deyilincə; “Bəli, mən də güddüm.” buyurdu.

 

Muhamməd əleyhissəlam iyirmi yaşlarında olduğu sıralarda Məkkədə nizam tamamilə pozularaq zülm son dərəcə yayılıb mal, can və namus əmniyyəti qalmamışdı. Məkkənin yerli xalqından kasıb olanların yanında ticarət üçün və Kəbəni ziyarət üçün gələn yad adamlar da haqsızlığa və zülmə uğrayırlar, haqlarını almaq üçün müraciət edə biləcəkləri bir yer tapa bilmirdilər. Bu ərəfələrdə ticarət məqsədilə Məkkəyə gələn Yəmənli bir tacirin malları, As ibn Vail adında bir Məkkəli tərəfindən zorla əlindən alınıb qəsb edilmişdi. Bu hadisənin ardınca Yəmənli, Əbu Kubeys dağına çıxıb fəryad edərək haqqının alınması üçün qəbilələrdən kömək istədi. Artıq zülmün hədd mərhələyə çatdığını dilə gətirən bu cür hadisələr üzərinə Haşim və Zührə oğulları və digər qəbilələrin mühüm şəxsiyyətləri Abdullah ibn Cədanın evində toplaşdılar. Yerli-yad heç kimə zülm və haqsızlıq edilməməsinə, zülmə mane olmağa və haqsızlığa məruz qalanların haqlarını almağa qərar verdilər. Bu məqsədlə bir də ədalət cəmiyyəti qurdular. Muhamməd əleyhissəlamın gənc yaşda qatıldığı və quruluşunda çox təsirli olduğu bu cəmiyyətə, daha əvvəldən Fadl adında iki adam ilə Fudayl adında biri tərəfindən qurulub zamanla unudulan belə bir cəmiyyəti də xatırlatmaq baxımından, Fadillərin andı mənasında Hilful-Fudul Cəmiyyəti deyildi. Bu cəmiyyət, zülmün qarşısını alıb Məkkədə pozulan nizamı yenidən qurdu. Təsiri uzun müddət davam etdi. Muhamməd əleyhissəlam özünə peyğəmbərlik verildikdən sonra bu hadisəni Əshabı-kirama anladıb: “Abdullah ibn Cədanın evində edilən andlaşmada mən də oldum. Məncə o andlaşma qırmızı tüklü dəvələrə (sərvətə) sahib olmaqdan daha sevimlidir. İndi də belə bir məclisə çağırılsam qəbul edib gedərəm.” buyurdu.

 

Məkkəlilər keçmişdən bəri ticarətlə məşğul olub dolanışıqlarını təmin edərdilər. Muhamməd əleyhissəlamın əmisi Əbu Talib də ticarətlə məşğul olurdu. Muhamməd əleyhissəlam iyirmi beş yaşında ikən Məkkədə dolanışıq çətinliyinin çox artması üzərinə Məkkəlilər Şama getmək üzrə böyük bir ticarət karvanı hazırlamışdı. Əbu Talib qardaşoğlusu Muhamməd əleyhissəlama bu karvana qatılmasını tövsiyə etdi. Əmisi Əbu Talibin tövsiyəsi üzərinə Məkkədə üstün əxlaqı və məziyyətlərilə bilinən və Tahirə (çox təmiz) ləqəbilə tanınan həzrəti Xədicənin mallarını aparıb satmaq üzrə bu ticarət karvanına qatıldı. Bu işə böyük məmnuniyyət göstərən həzrəti Xədicə köləsi Meysərəni də Onun yanına köməkçi olaraq vermişdi. Bu səfər əsnasında bir bulud davamlı üzərində gəzərək Muhamməd əleyhissəlamı kölgələdi. Quş şəklinə girən iki mələk səfər bitənə qədər Onunla birlikdə hərəkət etdi. Yolda gedə bilməyəcək dərəcədə yorulub karvandan geri qalan iki dəvə Muhamməd əleyhissəlamın ayaqlarını əliylə sığamasından sonra, birdən sürətlənərək yola davam etdilər. Üç ay davam edən bu səfər boyunca Muhamməd əleyhissəlamın daha nə qədər xariqüladə hallarına şahid olan karvandakılar, Onu çox sevib şanının çox uca olacağını anlamışdılar. Busra deyilən yerə çatdıqda, daha əvvəl əmisi Əbu Talib ilə ticarət üçün gəldikləri vaxt dayandıqları monastırın yaxınında bir yerdə bu səfərdə də dayandılar. Gördüyü bir çox əlamətdən Onun son peyğəmbər olacağını söyləyən rahib Bahira ölmüş, Onun yerinə Nəstura adında başqa bir rahib keçmişdi. Monastırın yaxınına gəlib qonan Qureyş karvanını seyr edən rahib Nəstura monastırın yaxınında olan quru ağacın altına birinin oturmasıyla birlikdə yaşıllaşmasını görərək qaçıb gəldi. Bir əlindəki səhifələrdə yazılı olanlara, bir də Muhamməd əleyhissəlamın üzünə baxır, baxdıqca da heyrətə düşürdü. Nəstura bildiyi, eşitdiyi və oxuduğu əlamətləri eynilə görüb, Muhamməd əleyhissəlamı göstərərək; “İsa əleyhissəlama İncili endirən Allah haqqı üçün bu şəxs son peyğəmbər olacaqdır. Nə olaydı mən Onun peyğəmbər göndərilərək əmr olunduğu zamana çataydım!” dedi.  Muhamməd əleyhissəlam Busra bazarında Xədicə Xatunun mallarını satarkən də Onunla bazarlıq edən bir Yəhudi inanmadığı üçün; “Lat və Uzzaya (iki büt adı) and ver ki, inanım.” deyincə Muhamməd əleyhissəlamın; “Mən o bütlər adına əsla and vermərəm! Onların yanından keçərkən üzümü başqa tərəfə çevirərək keçərəm.” demişdi. Ondakı digər əlamətləri də görən Yəhudi; “Söz sənin sözündür. Vallah bu şəxs peyğəmbər olacaq bir kimsədir ki, alimlərimiz kitablarda bunun vəsfini tapmışdırlar.” deyərək heyranlığını dilə gətirmişdi.

 

Qureyş karvanı ticarətini tamamlayıb Məkkəyə qayıdınca, karvanda olan Xədicə Xatunun köləsi Meysərə Muhamməd əleyhissəlam haqqında eşitdiklərini və gördüklərini Xədicə Xatuna bir-bir anlatdı. Xədicə Xatun mallarını satmaq üzrə təslim etdiyi Muhamməd əleyhissəlamın yaxşı qazanc gətirdiyini görərək çox məmnun olmuşdu. Fəqət bundan ziyadə karvanı qarşıladığı sırada Muhamməd əleyhissəlamı kölgələyən iki mələyi görməsi və səfər əsnasında baş verən xariqüladə halların, köləsi Meysərə tərəfindən tək-tək anladılması üzərinə dərhal əmisinin oğlu Vərəqə ibn Nofəlin yanına getdi. Vərəqə ibn Nofəl bütlərə tapınmayan, oxumuş və çox bilgili, yaşlı bir Xristian idi. Daha əvvəldən yuxusunda; göydən ayın enərək qoynuna girib, qoltuğundan çıxdığını və bütün aləmi aydınlatdığını anladan Xədicə Xatuna Vərəqə ibn Nofəl; “Axırzaman peyğəmbəri vücuda gəlmişdir. Sən Onun xanımı olarsan. Sənin zamanında Ona vəhy gələr. Onun dini bütün aləmi doldurar. Sən Ona ən əvvəl iman edən olarsan. O peyğəmbər Qureyş qəbiləsinin Haşimoğulları qolundan olacaq...” demişdi. Xədicə Xatun bu dəfə köləsi Meysərənin anlatdıqlarını Vərəqə ibn Nofələ söyləyincə, heyrətə düşüb: “Bu söylədiklərindən aydın olur ki, şübhəsiz Muhamməd bu ümmətin peyğəmbəri olacaq. Mən zatən bu ümmətdən bir peyğəmbərin çıxacağını bilir və Onu gözləyirdim. Bu zaman Onun tam zamanıdır.” dedi. Beləcə həzrəti Xədicənin sevgisi və etimadı daha da artdı.

 

Muhamməd əleyhissəlam 12 yaşında ikən əmisi Əbu Talib ilə ticarət üçün Busraya qədər, 17 yaşındaykən əmisi Zübeyr ilə Yəmənə və 25 yaşındaykən həzrəti Xədicənin mallarını satmaq üzrə Şama olmaq üzrə üç dəfə səyahətə çıxdı. Bunların xaricində heç bir yerə səyahət etmədi.