Facebook Twitter WhatsApp

2. Peyğəmbərlərin ən üstünü

Peyğəmbər əfəndimiz, Peyğəmbərlərin ən üstünü və sonuncusudur. Allahu təalanın yaratdığı varlıqların ən şərəflisi Muhamməd əleyhissəlamdır. Hər şey Onun hörmətinə yaradıldı. O, Allahu təalanın rəsulu, son peyğəmbəridir. Allahu təala bütün peyğəmbərlərinə adları ilə xitab etdiyi halda, Ona “Həbibim” (sevgilim) deyərək xitab etmişdir. Necə ki, Allahu təala bir hədisi-qüdsidə: “Sən olmasaydın, heç bir şeyi yaratmazdım!” buyurdu. Bütün məxluqatı Onun şərəfinə yaratmışdır. Allahu təala qullarına razı olduğu və bəyəndiyi yolu göstərmək üçün müxtəlif qövmlərə zaman-zaman peyğəmbərlər göndərmişdir. Muhamməd əleyhissəlamı isə son Peyğəmbər olaraq bütün insanlara və cinlərə göndərdi. Bunun üçün Peyğəmbərimizə “Xatəmün-Nəbiyyin” və “Xatəmül-Ənbiya” deyilmişdir.

Hər peyğəmbər, öz zamanında, öz məkanında, öz qövmünün hamısından hər baxımdan üstündür. Muhamməd əleyhissəlam isə, hər zamanda, hər məmləkətdə, yəni dünya yaradıldığı gündən qiyamət qopana qədər, gəlmiş və gələcək bütün varlıqların, hər baxımdan ən üstünüdür. Heç bir kimsə heç bir baxımdan Onun üstündə deyildir. Allahu təala hər şeydən əvvəl Muhamməd əleyhissəlamın nurunu yaratdı. Əshabı-kiramdan Abdullah ibn Cabir radıyallahu anh; “Ya Rəsulallah! Allahu təala hər şeydən əvvəl nəyi yaratmışdır, mənə söyləyərsənmi?” dəyincə, Sevgili Peyğəmbərimiz belə buyurdu: “Hər şeydən əvvəl sənin peyğəmbərinin yəni mənim nurumu öz nurundan yaratdı. O zaman nə Ləvh, nə Qələm, nə Cənnət, nə Cəhənnəm, nə mələk, nə səma, nə ərz (yer üzü), nə günəş, nə ay, nə insan, nə də cin vardı.” Adəm əleyhissəlam yaradılınca Ərşi-əlada nur ilə yazılmış “Əhməd” adını gördü. “Ya Rəbbi! Bu nur nədir?” deyə soruşduqda Allahu təala; “Bu, adı göylərdə Əhməd və yerlərdə Muhamməd olan sənin nəslindən bir peyğəmbərin nurudur. Əgər O olmasaydı, səni yaratmazdım.” buyurdu. Adəm əleyhissəlam yaradılınca alnına Muhamməd əleyhissəlamın nuru qoyuldu və o nur onun alnında parlamağa başladı. Adəm əleyhissəlamdan etibarən atadan oğula intiqal edərək əsl sahibi Muhamməd əleyhissəlama çatdı.

Muhamməd əleyhissəlam hicrətdən 53 il əvvəl Rəbiüləvvəl ayının on ikinci bazar ertəsi gecəsi, səhərə yaxın, Məkkədə təvəllüd etdi. Tarixçilər, bu günün Miladi təqvimə görə, 20 Aprel 571-ci il tarixinə rast gəldiyini söyləyir. Doğulmazdan bir neçə ay əvvəl atası, altı yaşında ikən də anası vəfat etdi. Bu səbəbdən Peyğəmbər əfəndimizə Dürri-Yetim (yetimlərin incisi) ləqəbi də verilmişdir. Səkkiz yaşına qədər babası Əbdülmuttalibin yanında qaldı. Babası da vəfat edincə, əmisi Əbu Talib Onu yanına aldı. İyirmi beş yaşında ikən Xədicətül-Kübra ilə evləndi. Bu xanımından doğulan ilk oğlunun adı Qasımdır. Buna görə Peyğəmbərimizə Əbül-Qasım yəni Qasımın atası da deyildi. Ərəblərdə belə künyə ilə bilinmək adət idi. Qırx yaşında, bütün insanlara və cinlərə peyğəmbər olduğu Allahu təala tərəfindən bildirildi. Üç il sonra hər kəsi imana çağırmağa başladı. Əlli iki yaşında merac hadisəsi meydana gəldi. 622-ci ildə 53 yaşında olduğu halda, Məkkədən Mədinəyə hicrət etdi. İyirmi yeddi dəfə müharibə etdi. 632-ci ildə (Hicri 11) Rəbiüləvvəl ayının on ikinci bazar ertəsi günü günortadan əvvəl 63 yaşında vəfat etdi.