Gözəl İslam / Oruc tutarkən

Oruc tutarkən

Oruc tutarkən dinimizin digər əmrlərinə də diqqət edilməlidir. Diqqət edilməzsə tutulan orucun savabı azalır və ya yox olur. Orucdan və digər bütün dini əmrlərdən məqsəd saleh bir insan ola bilməkdir. Oruc tutan kimsə yamanlıq etməyə davam edirsə orucdan gözlənilən faydanın əldə edilməsi çox çətindir. Hədisi-şərifdə buyuruldu ki, “Neçə-neçə oruc tutanlar var ki, aclıq və susuzluqdan başqa bir şey əldə etməzlər.”
Orucdan gözlənilən yüksək faydaya qovuşmaq üçün:
Gözü faydasız şeylərə, harama baxmaqdan, qəlbi məşğul edən və yaxşı işlərdən uzaqlaşdıran xüsusiyyətlərdən qorumalıdır.
Dilini yalan, qeybət, söz daşımaq kimi pis işlərdən çəkinməlidir. Hədisi-şəriflərdə buyuruldu ki, “Oruc bütün pisliklərə qalxandır. Oruclu adam cahillik edib pis söz deməsin! Şayət bir nəfər onunla mübahisə edib dalaşmaq istərsə, mən orucluyam deyib mübahisədən uzaqlaşsın”
Qeybət edənlə qulaq asan günaha ortaq olduqları üçün haram şeyləri dinləməkdən qulağı mühafizə etməlidir. Gözü, dili, qulağı pisliklərdən qoruduğu kimi digər üzvləri də haramlardan və şübhəlilərdən qorumaq lazımdır.
Sahurda qüvvətli qidalar yeməkdə maneə olmasa da iftar vaxtı tıxa-basa yeyərək mədəyə zərər vermək doğru deyildir.
İftar vaxtı “əcəba tutduğumuz oruc qəbul edildimi?” deyə düşünüb qorxmalı və orucun qəbul olunması üçün Allahü təalaya yalvarmalıdır. Ramazanda çox istiğfar deməli, Qurani-kərim oxumalı və dinini doğru yazılmış elmi-hal kitablardan öyrənməlidir.

14-03-2018, 10:04
Geri