Sual: Təravih namazı neçə rükətdir? Camaatla qılmaq lazımdırmı?
CAVAB
Peyğəmbər əfəndimiz 3-4 gün təravihi camaatla qıldırdı, daha sonra isə evdən çıxmadı. Səbəbini soruşuduqda “Təravih namazının sizə fərz olacağından qorxduğum üçün evdən çıxmadım” buyurdu. [Buxari]
Təravih namazının 20 rükət olması və camaatla qılınması hədisi-şəriflə bildirilmişdir. Sünnət olduğu icma ilə sabitdir. [Məraqıl-fəlah şərhi]
Peyğəmbər əfəndimiz təravih namazını 8, 12 və 20 rükət olaraq da qılmışdır. [S. Əbədiyyə]
İbni Abbas həzrətləri bildirir ki, Rəsulallah yatsıdan sonra vitrdən əvvəl 20 rükət namaz qıldıqdan sonra “Ramazanda 20 rükət təravih namazı qılanın iyirmi min günahı əfv olar” buyurdu.
[İbni Əbi Şeybə]
Təravih namazının 20 rükət olduğuna inanmayanın bidət əhli olduğu Nur-ül-izah şərhində də yazılmışdır. İmamı-əzəm həzrətləri “Təravih namazı müəkkəd sünnətdir. Həzrəti Ömər təravihin 20 rükət olaraq camaatla qılınmasını özündən ortaya çıxartmadı. O, əlindəki möhkəm təmələ, yəni Rəsulallahın sünnətinə əsaslanaraq əmr etdi” buyurur. [Əl-İxtiyar]
Rəsulullah (sallallahu aleyhi və səlləm) təravihi heç qılmasa belə, Xüləfayi raşidinin, yəni dörd xəlifənin qılması, sünnət olması üçün kifayətdir. Hədisi-şərifdə “Sünnətimə və Xüləfayi-raşidinin sünnətinə möhkəm yapışın” buyuruldu. [Buxari]
Təravihin camaatla qılınması sünnəti-kifayədir. Yəni bir məhəllədə camaatla qılınanda, başqaları evdə qılsa belə, sünnət yerinə yetirilmiş sayılar. [Neməti-İslam]
Kişilərin məsciddə camaatla namaz qılmaları evdə qıldıqları namazdan 27 qat daha artıq savab olduğu, qadınların isə evdə namaz qılmalarının məsciddə namaz qılmalarından daha çox savab olduğu hədisi-şəriflərlə bildirilmişdir. Qadınlar camaatla namaz qılmaq üçün məscidə gedə bilməzlər.
Qadınların beş vaxt namazı, cümə, təravih və bayram namazları üçün məscidə getməsi caiz deyil. [Rədd-ül-muxtar]
Təravih namazı iki və ya dörd rükətdən bir salam verməklə qılınır, lakin iki rükətdən bir salam vermək daha yaxşıdır. Təravih namazını on rükətdən bir salam verərək iki salamla bitirmək məkruhdur. Şafiidə isə qətiyyən səhih deyil. Təravih vitrdən əvvəl qılınır. Vitrdən sonra da qılmaq caizdir. Tədili-ərkən Hənəfidə vacib, Şafiİdə isə fərzdir. Buna görə tədili-ərkənə riayət etməli, tərahiv tez qılınmamalıdır.
Sual: Təravih namazını qılmasaq, qəzası lazımdırmı?
CAVAB
Qılınmayan təravih namazının qəzası lazım deyil.
Təravih namazını tək qılmaq
Sual: Yatsını camaatla qılan adam təravihi tək, vitri də camaatla qıla bilərmi?
CAVAB
Qıla bilər, hətta təravihi qılmasa belə, fərzi qılmış olduğu imama uyaraq vitri qıla bilər. Yatsının fərzi imamla birlikdə qılındıqdan sonra imam gedərsə, camaatdan biri imam olub təravihi və vitri qıldırsa səhih sayılar. Bir neçə adam məscidə girəndə yatsının fərzinin qılınmış olduğunu görsələr onlardan biri yatsının fərzini qıldırsa, təravih qıldıran imama uysalar, vitri də bu imamla qıldıqda səhih sayılar.
Üzrlü bir səbəbdən məscidə gedə bilməyən şəxs təravih namazını evdə təkcə qıla bilər. Xanımı, anası və qızı ilə camaat edib qıla bilər, lakin imamın etiqadı düzgündürsə və sünnətə də uyğun qıldırarsa, kişilər məscidə getməlidir.
Sual: Üzrlü bir səbəbdən məscidə gedə bilməyən şəxs, təravihi evdə xanımı, anası və qızı ilə də camaat edib qıla bilərmi?
CAVAB
Bəli, qıla bilər.
Sual: Yatsı namazını qıldıqdan sonra vitri qılıb gecə sahura qalxanda təravihi də qılamq caizdirmi? Yəni hər hansısa bir səbəbdən vitri təravihdən əvvəl qılmaqda bir yanlışlıq varmı?
CAVAB
Təravih namazı vitrdən əvvəl qılınır. Vitrdən sonra da qılmaq caizdir.
Sual: Təravihdə hər dörd rükət qılındıqdan sonra nələr oxunur?
CAVAB
Dörd rükət qılacaq qədər oturub salavatı-şərifə, təsbeh və ya Quran oxumaq sünnətdir. İki rükət arasında oturulmur. Bəzi yerlərdə “sallu ala Muhamməd” deyilir. Bu ifadə “Muhamməd əleyhissəlama salavat gətirin” deməkdir. Belə deyilməməli, “Allahummə salli ala Muhamməd” deməlidir. Əlbəttə ki, daha uzun olanları söyləmək yaxşıdır.
Sual: Təravihdə xor kimi oxunan salavati-şəriflər caizdirmi?
CAVAB
Bəli.
Sual: Şafii məzhəbindəyəm. Bizim məzhəbimizə görə qəzası olan adamın vaxtın sünnətlərini, təravih və vitr kimi sünnət namazları qılması haram sayılır. Hənəfi məzhəbində təravih qılarkən imama uyub qəza namazı qıla bilərikmi?
CAVAB
Şafii məzhəbində sünnət qılana da uyub qəza namazı qılmaq mümkündür. İmam dörd rükətdən bir salam verirsə, ilk qəzaya qalmış zöhr, əsr və ya yatsının fərzinə niyyət edib qəza qılmaq mümkündür. İmam iki rükətdən bir salam verirsə, ancaq sübh namazının fərzini qəza etmək daha asan olur. Hənəfidə isə qəza qılan təravih qıldıran imama uya bilməz.
Sual: Qadın imamın qadınlara təravih namazı qıldırması səhihdirmi?
CAVAB
Qadının qadınlara imam olması tahrimən məkruhdur. Tahrimən məkruh harama yaxın deməkdir. Məkruh olan namaz səhih olsa da qəbul olmaz, yəni savab verilməz. [Rədd-ül Muxtar]
Maliki məzhəbində qadının qadına imam olması səhih deyildir. [Tənvir, Mizan]
Sual: Təravih namazını qılarkən məsbuq olmaq mümkündürmü? Dörd rükətdən bir salam verilərkən, ikinci dörd rükətin dördüncü rükətinə çatan şəxs təravihi necə tamamlayar?
CAVAB
Təravih qılarkən məsbuq olunur. Dördüncü rükətinə çatarsa, dərhal namaza durmamalı, imamın namazı bitirməsini gözləməli və yenidən başlamalıdır. Dördüncü rükətə çatdıqda qalxıb üç rükət yenə qılmalıdır. Sonra ikinci dörd rükətə də çata bilməz, həmişə belə davam edər. Yəni təravih namazı bitənə qədər daim məsbuq olur. Əgər ilk dördə heç uymazsa, məsbuq olmaz, qalan dörd rükəti vitrdən sonra qılar.
Sual: Ramazanda camaatla təravih qılan şəxs qəzaya qalmış namazlarına niyyət etsə caizdirmi?
CAVAB
Caiz olmaz.
Sual: Ramazanda Şafii məzhəbindən olan imam Hənəfi məzhəbində olanlara təravih və vitr namazı qıldıra bilərmi?
CAVAB
Bəli, qıldıra bilər. Şafiidə təravih namazında iki rükətdən bir salam verilir. Hənəfidə isə iki rükətdən bir salam vermək daha üstündür. Bu baxımdan təravih qılarkən Şafii məzhəbindən olan imama umaqda heç bir zərər yoxdur.
Sual: Vitr namazı qılarkən iki rükətdən bir salam verən Şafii məzhəbindən olan imama uymaq caizdirmi?
CAVAB
Şafii məzhəbində olanların üç rükət qılıb salam verməsi də caizdir. Şafii imam iki rükətin sonunda salam verərsə, Hənəfi məzhəbində olanlar uya bilməz, lakin eyni ilə Hənəfi məzhəbi kimi üç rükət qılarsa, Hənəfilərin ona uymalarında zərər yoxdur. [T. Kulub, Rədd-ül Muxtar]
Sual: Yatsının fərzini camaatla qılan beş-on nəfərin başqa bir məscidə gedib təravih qıldıran imama uyması caizdirmi?
CAVAB
Bəli.
Sual: Təravih namazını bəlli rükətdə qılmaq şərtdirmi? Məsələn, 20 rükət ərzində bəzən 4 rükət, bəzən də 2 rükət qılıb salam vermə vəziyyəti olarmı?
CAVAB
Bəli, bəzən dörd, bəzən də iki rükətdən bir salam vermək də caizdir.
Sual Qəza borcu olan adamın camaatla qılınan təravih namazında təravih namazına, yoxsa qəzaya qalan namazlarına niyyət etməsi lazımdır?
CAVAB
Camaatla qılınan təravih namazında qəzaya niyyət edilmir. Camaatla yalnız eyni namazların qəzası qılınır. Hər kəsin qəzası ayıdır.
Sual: Məscidə gələndə təravih namazı qılınırsa, həmin şəxs yatsının ilk sünnətini və yatsının fərzini qıldıqdan sonra təravih üçün camaata uymalıdırmı? Yoxsa, dərhal camaata uymalıdır? Camaata uyarsa, əksik qalan rükətləri necə tamamlamalıdır?
CAVAB
Yatsının fərzini bir kənarda qılıb, sonra camaata uymalıdır. Çatdıra bilmədiklərini vitrdən sonra tək qılar.
Sual: Fərz borcumuz olduğu üçün təravih namazının əvəzinə qəza namazı qılarkən təravih də qılınmış olurmu?
CAVAB
Gecə bir günlük qəza qılarkən təravih də qılınmış sayılır, amma qəza qılarkən təravihə də niyyət edilərsə, təravih savabına da qovuşulmuş olur.
Sual: Qəzaya da niyyət edərək təravih namazını evdə bir neçə nəfərlə camaatla qılmaq caizdirmi?
CAVAB
Qəza namazı eyni namazlar olmadığı üçün camaatla qılınmır. Hamı eyni qəzanı qılsa, olar.
Sual: Təravih namazına camaatla qatılan, amma qəza namazını qılan şəxs təravih namazı arasında iqamə oxumağa vaxt tapa bilməz. İqaməsiz qılmaq düzgündürmü?
CAVAB
Təravih qılarkən qəzaya niyyət edilmir. Qəza namazını evdə qılmalıdır. Qəzanı qılarkən təravihə də niyyət edilir.
Sual: Təravih namazına ilk dəfə başlayarkən imamın iki-iki, yaxud dörd-dörd qıldıracağını bilmirik. İki rükət, yoxsa dörd rükət olaraq niyyət etməliyik?
CAVAB
İmam neçə rükət qıldırarsa qıldırsın, fərqi yoxdur, yalnız təravihə niyyət edilir.
Sual: Evdə təravihin əvəzinə qəza qılarkən aralarda təravih dualarını oxumaq olarmı?
CAVAB
Bəli, yaxşı olar.
Sual: Təravih namazı qılarkən ilk başlarda niyyət edib digərlərində etməsək olarmı?
CAVAB
Təravih namazı qılarkən hər iftitah təkbirində niyyət etmək daha yaxşıdır.
Sual: Oruc tuta bilməyən təravih namazı qılmalıdırmı?
CAVAB
Bəli, qılmalıdır.
Sual: Qəza niyyəti ilə təravih namazını qılarkən cəmi 20 rükət qılmaq lazımdırmı? Yəni, deyək ki, iki günlük qəza qıla bilmərikmi? Təravih namazının savabını qazanmaq üçün niyyət necə olmalıdır?
CAVAB
Bir günlük qəza namazı qılarkən təravihə də niyyət edilərsə, həm qəza, həm də təravih qılınmış olar. İki günlük qəza qılınarsa, daha yaxşıdır. Qəza namazı nə qədər çox qılınarsa, bir o qədər də savabı olar.
Sual: İmam və camaat qəza qılmağa niyyət edərək evdə camaatla birlikdə təravih qıla bilərmi?
CAVAB
Eyni namazlar qəzaya qalmışdırsa, olar. Ancaq bunu uyğunlaşdırmaq çox çətindir. Buna görə də ayrı-ayrı qılmaq lazımdır.
Sual: Şafii məzhəbində təravih namazının rükətləri neçə-neçə kılınır?
CAVAB
İki-iki qılınır.
Sual: Qəza borcu olmayan evdə tək başına qılarkən təravih namazına niyyət etməlidir, yoxsa qəza namazına?
CAVAB
İkisinə də niyyət etməsi yaxşı olar.
Sual: Qəza borcu olan təravih qıla bilərmi? Şafiidə də eynidirmi?
CAVAB
Qəza borcu varsa, təravih qıla bilməz. Bəli, Şafidə də eynidir.
Sual: 10 illik qəza namazı borcum var. Təravih namazı qıla bilərəmmi?
CAVAB
Qəzası olan nafilə namaz və sünnət qıla bilməz. Təravih namazı da sünnətdir. Onun əvəzinə qəza qılmaq lazımdır. Qəza namazını qılarkən təravihə də niyyət edilir.
Sual: Təravih namazı 20 rükət olmasına baxmayaraq bəziləri daha az qılınsa da və ya heç qılınmasa da olar deyirlər. Bu doğrudurmu?
CAVAB
Sünnət olanı 20 rükətdir. Az qılan az savab qazanar. Tam qılan çox savab qazanar. Heç qılınmazsa, böyük savabdan məhrum qalınar. Çünki hədisi-şərifdə buyuruldu ki:
“Ramazanda inanaraq və savabını umaraq təravih namazı qılanın günahları əfv olar.”
Sual: Təravih namazı qılmayan şəxs yatsını qıldığı imamla vitr namazını qıla bilərmi?
CAVAB
Bəli, qıla bilər. İmam da təravih qılmasa, yenə yatsı ilə vitri camaatla qıldıra bilər.
Sual: Ramazanda vitr namazını qılarkən Qunut duası açıq şəkildə oxunurmu?
CAVAB
Qunut duası həmişə səssiz oxunur.
Sual: Təravih namazına qalxanda və təravih bitəndə hansı dualar oxunur?
CAVAB
Təravih namazına qalxarkən oxunacaq dua:
Sübhanə zil mülki vəl mələküt. Sübhanə zil izzəti vəl azəməti vəl cələli vəl cəməli vəl cəbərüt. Sübhanəl məlikil məvcüd. Sübhanəl məlikil məbüd. Sübhanəl məlikil hayyilləzi la yənəmü və lə yəmüt. Sübbuhun quddusün Rabbünə və Rabbül məlaikəti vərruh. Mərhabən, mərhabən, mərhaba ya şəhrə Raməzan. Mərhabən, mərhabən, mərhaba ya şəhrəl-bərəkəti vəl ğufran. Mərhabən, mərhabən, mərhaba ya şəhrət-təsbihi vət-təhlili vəz-zikri və tilavəti-il Quran. Əvvəlühu, axiruhu, zahiruhu. Batınühu ya mən lə iləhə illə hu.
Diqqət: Ramazanın on beşindən sonra mərhabən, mərhabən əvəzinə əlvəda, əlvəda ... deyilir.
Təravihin sonunda oxunacaq dua
Allahummə salli əla seyyidinə Muhammədin və əla Ali seyyidinə Muhamməd. Biadədi külli dain və dəvain və bariq vəsəllim aleyhi və aleyhim kəsira. Üç dəfə oxunur və üçüncüsündə “və səlli və səllim və bariq aleyhi və aleyhim kəsiran kəsira.” deyilir. Ya Hannan, ya Mənnan, ya Dəyyan, ya Burhan. Ya zəl-fadlı vəl-ihsan nərcül-əfvə vəl ğufran. Vəcal-na min utəqai şəhri Raməzan bi hurmətil Quran.
Sual: Təravihdə oxunan duaların türkcəsi necədir?
CAVAB
Sübhanə zil-mülki vəl-mələqut.
Görülən-görünməyən, bilinən-bilinməyən bütün məxluqatın sahibi olan [Rəbbimiz] hər cür nöqsanlardan uzaqdır.
Sübhanə zil-izzəti vəl əzəməti vəl cəmali vəl-cəlali vəl-cəbərud.
İzzət, əzəmət, camal və cəbərud sifətlərin sahibi olan [Rəbbimiz] hər cür nöqsanlardan uzaqdır.
Sübhan-əl məlikil məvcud. Sübhan-əl məlik-il mabud.
Varlığı lazım olan hər şeyin sahibi olan [Rəbbimiz] hər cür nöqsanlardan uzaqdır. Hər şeyə gücü yetən məbudu hər cür əksikliklərdən tənzih edirəm.
Sübhan-əl məlikil hayy-illəzi la yənamü və la yəmud.
Hər şeyə gücü yetən, yatmayan və ölməyən daim həyat sahibini [Rəbbimizi] tənzih edirəm.
Sübbuhun, qüddusun, Rəbbüna və Rabb-ül məlaikəti vərruh.
Bizim, Mələklərin və Cəbrayılın rəbbi, nöqsan süfətlərdən münəzzəh və kamal sifətlərlə müttəsifdir.
Mərhaba, mərhaba, mərhaba ya şəhrə Ramzan.
Xoş gəldin, Ramazan ayı, gəlişinə çox sevindik.
Mərhaba, mərhaba, mərhaba ya şəhr-əl bərəkəti vəl-ğufran.
Xoş gəldin, ey bərəkət, bolluq və məğfirət, əfv ayı.
Mərhaba, mərhaba, mərhaba yə şəhr-ət təsbihi vət-təhlili vəz-zikri və tilavəti-il Quran.
Xoş gəldin, xoş gəldin, xoş gəldin ey təsbeh, təhlil, zikr və Quran oxuma ayı.
Əvvəlühu, axiruhu, zahiruhu, batinühu ya mən lə iləhə illə hu.
Özündən başqa ibadətə layiq ilah tapılmayan Rəbbimiz, əvvəldir, axırdır, batındır və zahirdir.
Allahummə salli alə Muhamməd.
Allahım, Muhamməd aleyhissəlma salatü salam olsun.
Təravih namazının arasında hər dörd rükətin sonunda oxunacaq salavat:
“Allahummə salli alə seyyidina Muhammədin və alə ali seyyidina Muhammədin biadədi külli dain və dəvain və bariq və səllim aleyhi və aleyhim kəsira.”
Allahım, seyidimiz Muhamməd aleyhissəlama, Onun yaxınlarına bütün dərdlərin və dərmanların sayı qədər çox salavat, salam və bərəkət ehsan eylə.
Təravih namazı bitdikdən sonra oxunacaq dua:
Ya hannan, ya mənnan, ya dəyyan, ya bürhan
Ey mərhəməti çox olan, ey ehsanı, neməti bol olan, ey insanları hesaba çəkən, onları inanc və əməlləri ilə mükafatlandıran, ey varlığını, birliyini göstərən, dəlilləri yaradan.
Ya zəl-fadlı vəl-ehsan, nərc-ül əfvə vəl-gufran,
Ey lütfü və ehsanı bol olan [Rəbbimiz], əfvini və bağışlamanı diləyirik.
Vəcal-na min ütəqai şəhri-raməzan bi-hürmət-il Quran.
Qurani-kərim hörmətinə bizi Ramazan ayında atəşdən [Cəhənnəmdən] azad edilənlərdən eylə.
Qəza və təravih
Sual: Qəza namazı borcumuz yoxdur. Buna baxmayaraq sünnətləri qılarkən qəza namazına da niyyət edirik. Ola bilsin ki, qəza namazımız olubsa, onun əvəzinə keçsin. Onsuz da fərzin yanında bir namaz qılmaqla sünnəti qılmış oluruq. Üstəlik sünnət qılmağa dediyimiz üçün sünnət savabı da qazanırıq. Evdə olarkən vaxtın sünnətlərində olduğu kimi, qəzası olmayan axşam və vitrin qəzasını qılarkən təravihə də niyyət edə bilərmi? Dörd rükətli fərzlərin üçüncü və dördüncü rükətində əlavə surə oxumaq lazımdırmı ?
CAVAB
Qəzası olmayan vaxtın sünnətlərində olduğu kimi, axşam və vitrin qəzasını qılarkən təravihə də niyyət etmək olar. Dörd rükətli fərzlərin üçüncü və dördüncü rükətində əlavə surə oxumaq lazım deyil, oxunsa da zərəri yoxdur. Qəza namazı borcu olmayan şəxslər iki nəfər olsalar belə, mütləq camaatla təravih qılmalıdır. Hər hansısa bir səbəbdən məscidə gedə bilməyən və camaat da tapa bilməyən şəxs bu zaman qəza qılarkən təravihə niyyət edə bilər.
Şafii məzhəbində olanların təravih namazı qılmaması
Sual: Şafii məzhəbindəki bəzi insanlar “Qəza borcumuz var, qəzası olan şəxs sünnət olan təravihi qıla bilməz” deyərək təravihi qılmırlar. Yatsının fərzini qıldıqdan sonra dərhal çıxıb çayxanada oyun oynayaraq dedi-qodu edirlər. Şafii məzhəbində qəzası olanlar təravih qıla bilməzmi?
CAVAB
Şafii məzhəbində qəzası olan sünnət və nafilə qıla bilməz, amma qəzası varsa, çayxanada oyun oynamaq əvəzinə qəzasını qılması fərzdir. Şafii məzhəbində fərz qılan sünnət qılana da uya bilər. Yəni təravih qıldıran imama uyaraq qəza qıla bilərlər. Beləliklə, təarvihi də qılmış olarlar. Hənəfi məzhəbində belə qılmaq caiz deyildir.
Təravih namazında birinci oturuş
Sual: Təravih namazında birinci oturuş fərz olduğuna görə, namazı dörd rükətdən bir salam verərək qılarkən, imam oturmağı unudub 3-cü rükətdə qalxarsa, dərhal oturmağı da bilməsə və ya unutsa, sonunda səcdəyi səhv etsə, namaz səhih sayılarmı?
CAVAB
Bəli, səhihdir. Təravih də nafilə namazdır. Nafilə namazlarda hər iki rükətdən bir oturmaq fərzdir, lakin səhvən ilk oturuşu tərk edərsə, səcdəyi səhv edərək namazına davam etdirməsi istihsanən caiz sayılır. [Xülasə]
İstihsan, müctəhid alimlərin açıq-aydın hökmə deyil, insanlara faydalı olan tərəfi aşkar etməyə əsaslandığı ictihad növüdür.
Təravih namazı qılarkən
Sual: Təravihdə hər dörd rükət və ya iki rükət qılındıqdan sonra nələr oxunur?
CAVAB
Təravih, tərviha kəlməsinin cəmidir. Tərviha, istirahət oturuşudur, yəni dincəlmək üçün oturmaq deməkdir. Hər dör rükətdən sonra oturulduğu üçün bu namaza təravih deyilmişdir. İki rükət arasında oturmaq olmaz. Dörd rükət arasında dörd rükət qılınan vaxt qədər oturub salavatı-şərifə gətirmək, təsheh və ya Quran oxumaq sünnətdir. [Rədd-ül-muxtar]
Bu aralarda ilahi də oxuna bilər. Bu baxımdan ilahilər oxunaraq qılınan Ənderun üsulu adlı təravih namazı da caizdir. Amma təğənni şəklində ilə Qurani-kərimi oxumaq caiz olmaz. Bununla bağlı fihq kitablarında deyilir ki:
Qurani-kərim oxunursa təğənni ilə oxunmamalıdır, çünki Qurani-kərimi ahənglə, yəni səsi musiqiyə səsinə uyğunlaşdıraraq oxumaq hərfləri korlamazsa, məkruh olar. Fasiqlərin nəğməsinə bənzəyər. Əgər hərflər dəyişərsə, haramdır. Oxunması məkruh olan bir şeyi dinləmək də məkruhdur. Oxunması haram olan şeyi dinləmək də haramdır. təğənni ilə oxuyan bir imamın arxasında qılınan namazın yenidən, təkrar qılınması lazımdır. [Hələbi-yi saqir]
Təravih namazının vaxtı
Sual: Təravih namazını nə vaxta qədər qılmaq olar?
CAVAB
Təravih namazını yatsı qılındıqdan sonra, imsaq vaxtına qədər, vitrdən əvvəl və ya sonra da qılmaq olar. [Hindiyyə]
Fərzi yalnız qılarsa
Sual: Camaata çata bilməyən və yatsı namazını tək qılan şəxs təravihi camaatla qıla bilərmi?
CAVAB
Bəli, qıla bilər.
Təravihi başqa imamla qılmaq
Sual: Məsciddə iki imamımız var. Biri yatsının fərzini qıldırır, digəri isə təravihi qıldırır. Belə təravih qılmaq caizdirmi?
CAVAB
Bəli, caizdir.
Vitri qılmaq
Sual: Təravihi camaatla qıla bilmədikdə fərzi qıldığımız imamla vitri də qılmaq olarmı?
CAVAB
Bəli, qılmaq olar.
Bir niyyətlə təravih
Sual: Mən, keçən ilki Ramazan ayında təravihin əvvəlində niyyət etdim, sonra niyyət etmədən təravih qılmaq üçün imama uydum. Bir dostum dedi ki, “Namazda niyyət fərzdir. Ramazan ayının əvvəlində oruc tutmağa niyyət edib başqa günlərdə niyyət edilməzsə, oruc tutmaq sayılmadığı kimi, imama hər uyduqda təravih qılmağa niyyət etmədikdə təravih səhih sayılmaz”. Mənim qıldığım təravih namazı səhih deyilmi?
CAVAB
Dostunuzun dediyi doğrudur. Niyyət fərzdir. Niyyətsiz namaz olmaz. Ancaq təravih qılmaq niyyət ilə imama uymaq niyyətdir. Təravih qılmaq üçün imama uyursunuz. Bu niyyətdir, dillə söyləmək lazım deyil. Hətta namazda niyyəti dillə söyləmək bidətdir. Qəlblə niyyət etdikdə şübhə edən vəsvəsəli şəxslər üçün qəlblə niyyət etməklə yanaşı, dillə söyləməklə də niyyətə icazə verilmişdir.
Oruc tutanda da niyyət fərzdir. Əgər bir insan Ramazanda sahura qalxıb yeməyini yesə, imsaq vaxtından əvvəl su içmək, dərman qəbul etmək olmaz kimi düşünsə belə, yenə oruc tutmağa niyyət etmiş olar. Sahura oruc tutmaq niyyəti ilə qalxar, həmin niyyətlə yemək yeyilər. Bunlar niyyət olduğu üçün oruc da səhihdir. Təravih qılmaq niyyəti ilə imama uyan da niyyət etmiş sayılır. Hər dəfə dillə niyyət etmək lazım deyil.
Təravih namazı qılarkən
Sual: Təravih namazını dörd rükət olaraq qılarkən Fəlaq və Nas surələrini ilk iki rükətdə, Fil və Qureyş surələrini digər iki rükətdə zammı surə olaraq oxumaq caizdirmi?
CAVAB
Nafilə namazlarda hər iki rükət ayrıca bir namaz sayılır. Təravih sünnəti də nafilə namazdır. Üçüncü rükətlərində ikinci rükətlərdən əvvəlki surəni oxumaq məkruh deyil. Lakin bəzi alimlər bunu vərdiş halına gətirməyin, yəni hər dəfə bu cür oxumağın məkruh olduğunu bildirmişlər. Bu səbəbdən üçüncü rükətdə ikinci rükətdən əvvəlki surələri oxumamaq yaxşıdır.
Sual: Məscidə gedən şəxs yatsı namazının fərzi, yoxsa təravihin qılındığını bilməsə, nə etməlidir?
CAVAB
Məsciddəki camaata namaz arasında çatan şəxs ya yatsının fərzi, ya da təravihin qılındığını başa düşməsə, fərz namazına niyyət edərək imama uymalıdır. Əgər təravih namazı qılınrsa, onun namazı fərzdən əvvəl olduğu üçün nafilə sayılar. Çünki fərzdən əvvəl təravih qılınmır. Dərhal fəzri tək qılıb təravihin bir hissəsini camaatla qılar. Nöqsan qalan rükətlərini sonradan yalnız qılar. Bundan sonra da vitr namazını qılar.
Təravih namazı qılmaq sünnətdir
Sual: Təravih namazını qadın, kişi hər Müsəlmanın qılması lazımdırmı? Camaatla qılmaq və məscidə getmək mütləqdirmi?
CAVAB
Təravih namazı ilə əlaqəli olaraq Nur-ül-izah şərhində və haşiyəsində buyurulur ki:
“Kişilərin və qadınların iyirmi rükət təravih namazı qılması sünnəti müəkkədədir. İnanmayan azğındır və onun şahidliyi qəbul olunmaz. Rəsulullah əfəndimiz bir neçə gecə təravihi camaatla səkkiz rükət qıldı. Evlərinə gedərkən iyirmi rükətə tamamladılar. Tək olaraq iyirmi rükət qıldığı da bildirilmişdir. Dörd məzhəbdə də iyirmi rükətdir. Sünnət olduğu buradan anlaşılır. Üç xəlifə və dövrlərindəki Əshabi-kiramın hamısı camaatla iyirmi rükət qılırdılar. Bu xəlifələrə və Əshabi-kiramın icmasına tabe olmaq hədisi-şərif ilə əmr edilmişdir.
Təravih namazı yatsının son sünnətindən sonra və vitrdən əvvəl qılınır. Kimsə yatsını qılmadan əvvəl təravihi qıla bilməz. Vitrdən sonra və sübh namazına qədər qılmaq olar. Fəcr doğduqdan sonra qılmaq, qəza etmək olmaz. Çünki təravih qüvvətli sünnət olsa da, axşam və yatsı namazının son sünnəti qədər qüvvətli deyil. Bu sünnətlərin isə qəzasını qılmaq olmaz. Yalnız fərz namazlar və vitrin qəzası qılınar. Şafii məzhəbində Təravih namazının qəzası qılınır.
Təravih namazını camaatla qılmaq sünnəti-kifayədir. Məsciddə camaatla qılınan zaman başqalarının evdə tək qılması günah deyil. Lakin məsciddəki camaat savabından məhrum qalınar. Evdə bir və ya bir neçə nəfər camaatla qılarsa, tək qılmaqdan iyirmi yeddi qat artıq savab qazanılar.
Hər iki rükətdən bir salam verilir və dərhal sonrakı rükətə qalxır, yaxud dörd rükətdən bir salam verilir. Hər dörd rükət arasında dörd rükət qılacaq qədər oturub, salavat və ya təsbeh oxunur və ya sakit oturulur. İki rükətdən bir salam vermək və hər iftitah təkbirində niyyət etmək daha yaxşıdır.
Yatsı namazını camaatla qılmayanlar təravih namazını yığışıb camaatla qıla bilməzlər. Çünki təravih namazındakı camaat fərz namazındakı camaat olmalıdır. Yatsını camaatla qıla bilməyən bir şəxs fərzi tək qıldıqdan sonra təravihi qılan camaata qoşula bilər.
Sual: Ramazan ayında məscidə gedən şəxs yatsının fərzini qılmamış təravih namazı qılmaq üçün camaata qoşulsa, namazı qəbul olarmı?
CAVAB: Ramazan ayında yatsının fərzini camaatla qılmayanlar təravih və vitr namazını yığışıb camaatla qıla bilməzlər. Çünki təravih namazı yatsı namazının camaatı ilə qılınır. Hindiyyədə deyilir ki:
“Yatsının fərzini tək qılan şəxs təravihin camaatına qoşula bilər. Qaçırdığı rükətləri sonra tamamlayar. Təravihi camaatla qıla bilməyən fərzi qıldığı imamla vitri qıla bilər. Bir qövmə görə vitri camaatla qıldıqdan sonra başqa məscidə gedərkən imam fərz namazını qılırsa fərzə, təravih namazını qılırsa, təravihə niyyət edib imama uyarsa, səhihdir. Təravih namazının qılındığını anlasa, fərz namazını qılmamışdırsa, bir kənarda fərzi qılıb sonra imama uyar.”
Təravih namazı qılmağın fəziləti
Sual: Ramazan ayında yatsı namazının vaxtında qılınan təravih namazının fəziləti hər gecə üçün ayrıdırmı?
CAVAB
Həzrəti Əliyə Ramazan ayında hər gecə təravih namazı qılmağın fəzilətini soruşduqda cavabında buyurur ki:
“Hər kəs Ramazanı-şərifin birinci gecəsində təravih namazı qılsa, Haqq təala həmin şəxsin bütün tövbələrini qəbul edərək günahlarını bağışlayar, ikinci gecəsində təravih qılan şəxsin ana-atasının günahları əfv olunar. Üçüncü gecə qılsa, mələklər həmin qula deyərlər: “Sənə müjdələr olsun, Haqq təala sənin ibadətini qəbul buyurdu, istədiyin şərəfə qovuşdun, günahlarını əfv etdi.” Dördüncü gecə təravih namazını qılanda ona Qurani-kərimi xətm etmiş kimi savab ehsan edilər. Beşinci gecə qılanda Haqq təala Məscidi-aqsada, Məkkədə və Mədinədə qılmış kimi savab ehsan edər. Altıncı gecəsini qılsa, Beyt-ül mamuru təvaf etmiş kimi, yeddinci gecəsini qılsa, Firavun ilə edilən qəzada olmuş kimi, səkkizinci gecəsini qılsa, Bədr döyüşündə Rəsulullah əfəndimizin yanında olmuş kimi, Doqquzuncu gecəsini qılsa, Davud əleyhissəlam ilə birlikdə ibadət etmiş kimi, onuncu gecəsi üçün dünyaya sülh və xoşbəxtlik ehsan edilər.”
Beləliklə, Ramazanı-şərifin sonuna qədər olan bütün gecələrin öz fəziləti , yüksək dərəcələri və savabları vardır. Bu cür ədəb-ərkana riayət edərək tam olaraq bütün üzvləri ilə oruc tutaraq, təravih namazını qılmaqla və haramlardan çəkinməklə otuzuncu gecəsini ikmal etdikdə Ərşi-alanın altından bir carçı Haqq təalanın əmri ilə xitab edərək deyər: “Hər gecə təravih qılan qullar Cəhənnəmdən xilas olan qullardır. Qorxduqları Cəhənnəmdən qurtulub arzu etdikləri nemətə, Cənnət və cəmali-ilahiyə nail oldular.” Haqq təala əzəməti ilə buyurur ki: “Şərəf və izzim haqqı üçün bu qullarımı əfv etdim.” Bundan sonra Haqq təala əmr edər, o qullara bir-bir bəraət yazılar. Bütün qadın və kişilərdən bu şərtlər daxilində ibadətini ifa edərək cənabı Haqqın bu lütfünə tabe olanlara Cəhənnəm əzabından qurtulub Siratı asanlıqla keçmək üçün əllərinə bir-bir mükafat verilər.
Beləliklə, Ramazanı-şərif orucunu ixlasla tutaraq, namazlarını, sonra isə təravih namazlarını qılmaqla və haramlardan çəkinərək Cənab Haqqın rəhmətini qazanmağa çalışmalıyıq.
Sual: Vaxtında qılınmayan təravih namazının qəzasını sonradan qılmaq olarmı?
CAVAB
Vaxtında qılınmayan təravih namazının qəzası qılınmır. Qəzası qılınarsa, nafilə qılınmış olar, təravih sayılmaz.
В корзине: 0 шт.
на сумму: 0