Gözəl İslam / Hər kəs şəhid ola bilərmi?

Hər kəs şəhid ola bilərmi?

Sual:Kimlər şəhid sayılır? Şəhidlərin bədəni çürüyürmü?
CAVAB
Hər kəs şəhid ola bilməz. Şəhid olmaq və ya şəhidlik savabına çata bilmək üçün müsəlman olmaq şərtdir. Nə edərsə-etsin, harada, necə ölürsə-ölsün və ya öldürülsün müsəlman olmayan şəhid olmaz.
Müsəlman bir şəxs çox günahkar olsa da, hətta İbn Nüceym həzrətlərinin fətvasında bildirdiyi kimi, günah iş görərkən məzlum kimi öldürülsə, şəhid olar.

Şəhidlər də müxtəlifdir. Çox günahkar biri ilə, saleh birinin şəhidliyi arasında çox fərq var. Döyüşdə öldürülən şəhidlə, atdan yıxılıb ölən şəhid arasında çox fərq var. İslamın beş şərtindən sonra ibadətlərin ən üstünü cihaddır. Cihadda ölən şəhidin, qul haqlarından başqa bütün günahları əfv olur. Cihadda, həcc yolunda və sərhəd xidmətində, növbəsində ölənlərə, Qiyamətə qədər bu ibadətlərin savabı davamlı verilir. Hər biri Qiyamətdə yetmiş nəfərə şəfaət edəcək.
Bir hədisi-şərifdə, “Şəhid, ölüm acısı duymaz, qəbirdə üzülməz, qiyamətin dəhşəti, hesab, mizan, sirat onu narahat etməz, birbaşa Cənnətə gedər” buyurulmaqdadır. (Beyhəqı)

Şəhidliyin növləri haqqında hədisi-şəriflərdə buyuruldu ki:
“5 vaxt namaz qılana, hər gün üçün min şəhid savabı verilir.” 
[Tərgibi-Hadimi]

“Elm öyrənərkən ölən şəhiddir.” 
[Hatib]

“Allahü təaladan ixlasla şəhidlik istəyən yatağında ölsə də şəhid olar.” 
[Müslim]

“Aşiq olub, eşqini gizləyərək, iffətini qoruyub ölən şəhid olar.” 
[Hakim]

“Dəstəmazlı yatıb ölən şəhiddir.” 
[Deyləmi]

“Suda boğulan, yanğında ölən, qərib, kimsəsiz halda ölən, zəhərli heyvan sancmasından ölən, daxili xəstəliklərdən ölən, divar və dağıntı altında qalaraq ölən, ərini qısqandığını gizləyən qadın, özünün, din qardaşının və qonşunun malını qoruyarkən öldürülən, əmri-məruf və nəhyi-münkər edərkən öldürülən şəxslər şəhiddir.” [İbn Asakir]

“Hamiləlikdə, doğuşda və ya zahılıq zamanı ölən qadın şəhiddir.” [Tabərani]

“Cümə günü və ya gecəsi ölən şəhid olar, qəbir əzabından qurtular.” [Əbu Nuaym]
“Hər gecə Yasin oxumağa davam edən şəhid olaraq ölər.” [Tabərani]

“Ümmətimin arasında fitnə, fəsad yayıldığı zaman, sünnətimə sarılana yüz şəhid savabı vardır.) [Hakim]

“Tərk edilmiş bir sünnətimi ortaya çıxarana yüz şəhid savabı vardır.” [Hakim]

“Qonaq, bir möminin evinə girdikdə, onunla min bərəkət və min rəhmət girər. O ev xalqının günahları dənizlərdəki köpüklərdən və ağaclardakı yarpaqlardan daha çox olsa da əfv olar. Hər birinə min şəhid savabı verilər. Qonağın yediyi hər tikə üçün bir həcc və ümrə savabı yazılır və onlar üçün Cənnətdə bir şəhər inşa edilər.” [Nisabül-əhbər]

Bunlar da şəhid sayılır:

Allahü təalanın əmrlərinə uyğun ticarət edənlər. 
(Tirmizi)
Dinini öyrənərkən, öyrədərkən və yayarkən ölənlər. (İbn Asaqir)
Davamlı olaraq müdara edənlər, insanlarla yaxşı yola gedənlər. (Deyləmi)
Ərzağı ucuz qiymətə satanlar. (Deyləmi)
Gündə iyirmi dəfə ölümü düşünənlər. (İhya)
Quldurlar, şəhər quldurları [anarxistlər] tərəfindən öldürülənlər. (Tabərani)
Heyvandan yıxılıb ölənlər. (İ. Süyuti)
Zimmilərin can, mal və namusunu müdafiə edərkən öldürülənlər. (Ramuz)
Haqsız yerə, zülümlə həbs edilib ölənlər. (İ. Süyuti)
Allah rizası üçün müəzzinlik edərkən ölənlər. (İ. Əhməd)
Soyuqda qüsl alıb ölənlər. (İ. Həsən)
Sarılıqdan, taundan [vəbadan],xoleradan, verəmdən, sətəlcəmdən, yoluxucu xəstəliklərdən, şiddətli öskürəkdən, ishaldan və bəzi daxili xəstəliklərdən ölənlər. (S. Əbədiyyə)
Hər səhər-axşam üç dəfə “Əuzü billahissəmiilalimi minəş-şeytanirracim” ilə “Həşr” surəsinin sonunu oxuyanlar. (Tabərani)
Əhli-sünnət etiqadını və namazı tadili-ərkanla qılmağı meydana çıxaranlar. (Məktubatı-Rabbani)
Duha namazı qılanlar, hər ay üç gün oruc tutanlar, səyahətdə vitr namazını tərk etməyənlər, hər gecə Yasin oxuyanlar, halal qazanıb ailə-uşağının ibadət etmələri üçün çalışanlar, hər gün 25 dəfə “Allahümmə barik li filməvt və fi-ma bəadəl-məvt” oxuyanlar, ölüm xəstəliyində, qırx dəfə “La ilahə illa əntə sübhanəkə inni küntü minəz-zalimin” oxuyanlar. (Rəddül-muxtar)
Namazda ölənlər. (Abdurrəzzaq)
Peyğəmbər əfəndimizə gündə yüz dəfə salavat gətirənlər. (Tabərani)
Altmış yaşını keçib, beş vaxt namaza davam edənlər. (Cənnət Yolu Elmihalı)

Şəhidlər çürüməz
Qurani-kərimdə məalən buyurulur ki:
“Allah yolunda öldürülənləri [şəhidləri] ölü zənn etməyin, onlar Rəblərinin yanında diridirlər, orada ruziləri vardır.” [Ali İmran 169]

Hər Peyğəmbər, şəhiddir və digər şəhidlərdən üstündür. Peyğəmbərlərin bədənləri çürüməz. Hədisi-şərifdə buyuruldu ki:
“Allahü təala torpağa Peyğəmbərləri çürütməsini haram etmişdir.” [Beyhəqı]

Haram tikə yemiş və müxtəlif günah işləmiş insanlar, şəhid də olsalar, bədənləri çürüyə bilər. Haram yeməmiş, müttəki kimsələr, yataqlarında ölsə belə şəhid olar və bədənlərini torpaq çürüdə bilməz. Bir hədisi-şərifdə buyuruldu ki:
“Müttəki, müəzzin, qan içində tərpənə bilməyən şəhid kimidir. Ölərsə qəbrində qurdlanmaz.” [Tabərani]

Sual:
Neçə cür şəhid vardır?
CAVAB
Üç cür şəhid vardır:
1- Tam şəhid,
2- Dünya şəhidi,
3- Axirət şəhidi.
Müharibədə düşmən, sülhdə quldurlar tərəfindən öldürülənlər, tam şəhid olur.
Dünya mənfəəti üçün hərbdə ölənlər, dünya şəhidi olur.
Axirət şəhidi çoxdur. Elm öyrənərkən, dəstəmazlı ölənlər kimi.

Sual: 
Tam Elmihalda, Həşr surəsinin sonunu oxuyanların axirət şəhidi olacağı bildirilir.Həşr surəsinin sonu dedikdə, sondan neçə ayə nəzərdə tutulur?
CAVAB
Hüvallahülləzi… ilə başlayan üç ayə nəzərdə tutulur. Beş və beşdən artıq ayə oxumaq daha savab olar.

“Təbii fəlakət şəhidi”
Sual:
Deyirlər “təbii fəlakət şəhidi” var. Belə bir şey varmı?
CAVAB
Kim, harada, necə ölürsə-ölsün, Müsəlman deyildirsə şəhid olmaz. Qeyri-müsəlmandırsa, zülmlə də öldürülsə şəhid olmaz. İmanı varsa, yəni etiqadı düzgün bir Müsəlmandırsa, günahları çox olsa da, döyüşdə də ölsə, fitnə zamanı da ölsə, tapşırıqda da ölsə, xərçəng kimi xəstəliklərdən də ölsə, şəhid olar. Təbii fəlakətlər səbəbilə, məsələn, zəlzələdə, yanğında, sel fəlakətində, uçurum altında qalmaqla, ildırım vurmaqla, sunamidə, dənizdə ölmüş olsa yenə şəhid olar. Onlara “Təbii fəlakət şəhidi” deyilmir. Deyilsə belə, şəhidliklərinə zərər gəlməz. Ancaq içkidən çatlayıb ölənə, içki şəhidi və ya sosializm uğrunda ölənə, inqilab şəhidi demək yanlış olar, çünki şəhidlik İslami bir ifadədir.

Boğularaq, yanaraq ölənlər şəhiddir
Sual: Suda boğularaq və ya bir yanğın əsnasında yanaraq ölənlər, əgər imanları varsa şəhid kimi ölürlər?

Cavab: Boğularaq, yanaraq, qərib, kimsəsiz halda, divar və dağıntı altında qalaraq ölənlər, ishaldan, yoluxucu xəstəliklərdən, zahılıq vaxtı, sarılıqdan, cümə gecəsində və günündə, din bilgilərini öyrənməkdə, öyrətməkdə və yaymaqda ölənlər? aşiq olub, eşqini, iffətini, namusunu gizləyərkən ölənlər, zülümlə həbs olunub ölənlər, Allah rizası üçün müəzzinlik edərkən, İslamiyətə uyğun ticarət edərkən, ailə-uşağına din bilgisi öyrədərkən və ibadət etmələri üçün çalışarkən vəfat edənlər, hər gün iyirmi beş dəfə “Allahümmə barik li filməvt və fi-mə bəadel-məvt” oxuyanlar, Düha, quşluq namazı qılanlar, hər ay üç gün oruc tutanlar, səyahətdə də vitr namazını tərk etməyənlər, ölüm xəstəliyində, qırx dəfə “La ilahə illa əntə sübhanəkə inni küntü minəz-zalimin” oxuyanlar, hər gecə Yasin oxuyanlar, dəstəmazlı yatanlar, davamlı dinini qorumaq üçün dünyalıq verənlər, ərzaq malları gətirib ucuz qiymətə satanlar, soyuqda qüsl alıb xəstələnib ölənlər, hər səhər və ya axşam davam üç dəfə “Əuzü billahissəmi-il-alimi minəş-şeytanirracim” ilə Həşr surəsinin sonunu oxuyanlar Axirət şəhidi olurlar.

Sual: Bir şəxs dəstəmazı varkən evində və ya iş yerində əcəli gəlib ölsə, bu şəxs şəhid olaraqmı can vermiş olacaq?
Cavab: Dəstəmazlı ölənlərə şəhid savabı verilir. Peyğəmbər əfəndimiz buyurdular ki:
“Dəstəmazlı ölən, ölüm acısı çəkməz. Çünki dəstəmaz, imanlı olmağın alamətidir. Namazın açarı, bədənin günahlardan təmizləyicisidir.”

“Müsəlman dəstəmaz aldıqda, günahları qulağından, gözündən, əlindən və ayağından çıxar. Oturduqda, məğfirət olunmuş oturar.”

“Əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza davam edənlər, ancaq möminlərdir. Mömin gündüz dəstəmazlı olmalı, gecə də dəstəmazlı yatmalıdır. Belə olarsa, Allahü təalanın qorumasında olar. Dəstəmazlı yeyib-içənin qarnındakı yemək və su zikr edər. Qarnında qaldıqları müddətdə, onun üçün istiğfar edərlər.”

28-12-2020, 16:09
Geri