Gözəl İslam / İntihar etmək

İntihar etmək

Sual: Düşmənin işkəncə və təcavüzünə məruz qalacağını bilənin, özünü və yaxınlarını öldürməsi və ya ağrı hiss etməmək üçün yuxu dərmanı ilə intihar etməsi günahdırmı?
CAVAB
Xəstəlik və dünya sıxıntılarından qurtulmaq üçün ölümü istəmək caiz deyildir. Ancaq dindəki fitnələr səbəbilə ölümü istəmək olar. Hədisi-şəriflərdə buyuruldu ki:
“Ölümü istəməyin! Çünki bir insan yaxşıdırsa, yaşadıqca yaxşılığı artar. Pisdirsə, xətalarından dönüb doğru yola gələ bilər.” [Buxari]

“Sıxıntılardan ötrü ölümü istəməyin! Dözə bilməyən, Ya Rəbb, haqqımda yaşamaq xeyirlidirsə yaşamağı, ölmək xeyirlidirsə, ölümü nəsib et!” desin!” [Buxari]

Düşmənin hər cür işkəncə və təcavüzünə məruz qalacağını bilən bir şəxsin özünü və yaxınlarını öldürməsi caiz deyildir. Zorla təcavüzə məruz qalan günah işləmiş də sayılmır. Həm də düşmən əlində ölən şəhid olur. Şəhid olan ölüm acısını hiss etməz.

Hədisi-şərifdə buyuruldu ki:
“Şəhid, ölüm acısı hiss etməz, qəbirdə üzülməz, qiyamətin dəhşəti, hesab, mizan, sırat onu narahat etməz, birbaşa Cənnətə gedər.” [Beyhəqi]

Ümumiyyətlə, imansız və ya imanı zəif olanlar intihar edirlər. Müsəlman heç vaxt intiharı düşünməz. Çünki intihar, bir çarə, bir qurtuluş deyil, əksinə tərifi imkansız əzablara özünü atmaq deməkdir.

Ölüm acısı çox şiddətlidir
İntihar etmək, küfrə yaxın olan çox böyük günah olduğu üçün, ölərkən dözülməz acılar çəkilir. Ölüm acısı zənn edildiyi kimi bir an deyildir. İntihar etdikdə axirətdə də daha böyük acılara girilir. Axirət sıxıntıları dünya sıxıntıları kimi deyil, çox ağırdır. Dünya sıxıntılarına tab gətirə bilməyib intihar edən insan, ölüm acısına və axirət sıxıntılarına necə dözəcək? İntihar edən adam, dirilənə qədər intihar acısını duyar. Özünü öldürmək, başqasını öldürməkdən daha böyük günahdır.
Qurani-kərimdə məalən buyuruldu ki:
“Özünüzü öldürməyin!” [Nisə 29]

Hədisi-şəriflərdə də buyuruldu ki:
“Bir şeylə canına qıyana Cəhənnəmdə onunla əzab ediləcək.” [Buxari]

“İplə boğazını sıxaraq özünü asıb intihar edən, boğazı sıxılarak əzab görər. Hər hansı bir bıçaqla intihar edən, Cəhənnəmdə bıçaqlanaraq əzab görər.” [Buxari]

Bir kafir yuxu dərmanı içərək və ya narkozla hər tərəfi keyidildikdən sonra da ölsə, çox şiddətli olan ölüm acısını duyar. Hədisi-şəriflərdə buyuruldu ki:
“Ölüm mələyini görmək min qılınc zərbəsindən daha şiddətlidir.” [Əbu Nuaym]

“Ölüm acısı çox şiddətli olsa da, ölümdən sonrakı acılara görə çox yüngüldür.” [İ.Əhməd]

“Dirilənə qədər ölüm acısı hiss ediləcək”(İ.Əvzai)

İmam Rəbbani həzrətləri buyurur ki:
“Ölmək fəlakət deyil, öldükdən sonra başına gələcəkləri bilməmək, tədbirini almamaq fəlakətdir.”

Narkozlu xəstə, əməliyyat acısını hiss etmədiyi kimi, saleh mömin də güllə yağışına tutulsa, bədəni dilim-dilim olsa da ölüm acısını duymaz. Həzrəti Yusifin gözəlliyi qarşısında huşunu itirən qadınlar, əllərini kəstiklərini özləri də hiss etmədilər. Allahü təala ölüm mələyinin gözəl surətini görən möminə acı hiss etdirməz. İntihar etmək çox böyük günah olsa da, intihar edən kafir olmadığı üçün cənazə namazı qılınır.

Türkiyədə, Tənzimatdan sonra tək-tük intihar hadisələri müşahidə olunmağa başladı. Müsəlmanların çox olması intiharın yayılmasının qarşısını almışdır. İntihar kəlməsi, Tənzimatdan əvvəl yazılan lüğətlərdə belə yox idi. Dinsizliyin və inanc zəifliyinin intihar üzərindəki təsiri böyükdür. Avropada, həyat standartı yüksək olan yerlərdə, intiharların faizi daha yüksəkdir. Bu faiz, şimala getdikcə artır. Avropadakı intihar faizi Türkiyədəkindən 15-20 qat daha artıqdır. Məsələn, Fransada 100 min insandan 44-ü intihardan dünyasını dəyişir. İntiharda Türkiyə ən aşağı sıralardadır.

Keçmişdə İstanbulda illərlə yaşamış tədqiqatçı Fransız Dr. A. Bayer deyir ki:
“Qərb ölkələrində insanların yalnız qalması, həyatdan nifrət etməyə, hətta intihara yol açır. Halbuki Müsəlman Türklər arasında heç bir zaman bu hallara təsadüf edilmir; mədəni sayılan millətlərdə çox tez-tez görülən intiharı onlar bilmir. Müsəlmanlar, Allahın onlara bəxş etdiyi varlığa təcavüzün Allaha qarşı gəlmək olduğuna inandıqları üçün intiharı düşünməzlər. Buna görədir ki, intihar edən heç bir İslam alimi yoxdur.”

Təəssüf ki, bəzi müasir gənclər Avropanın hər cür çirkinliyinə qibtə edirlər. İntihar etmək də bunlardan biridir.

Sual: İntihar edən və ya öldürülən insan, əcəli ilə ölmürmü?
CAVAB
Mötəbər kitablarda deyilir ki:
Öldürülən insan da əcəli ilə ölür, ömrü ortadan kəsilmiş olmur. Əcəl birdir. (Əqaidi-Nəsəfi s.3, Cövhərətüt-tövhid 89-cu beyt, Avnül-mürid c.2 s.982, Bədul-əmali 62-ci beyt, Mərahul-məalı s.209, Hədiyyətül-mehdiyyin s.5, Nurul-islam s.246, Fiqhi əkbər şərhi 334, Hadiqa c.1 s.265, Təftazani-Şərhil-əqaid s.211, İthafül-mürid s.213, Tənvirul-kulüb s.61, Bərika s.233, Nuhbətül-ləali s.36, Haqq dini Quran dili c.2 s.1195)

Sual: “İntihar etmək mənim taleyimdə, alın yazımda varsa, günahı mənə aid olmaz” demək doğrudurmu?
CAVAB
Bu çox səhv düşüncədir. Əzəldəki təqdir, yəni alın yazısı, bir əmr deyil, bir elmdir. Taleh, yəni alın yazısı, Allahü təalanın əzəli elmi ilə, insanların və digər məxluqların edəcəyi işləri bilməsi deməkdir. Qurani-kərimdə, “Allah hər şeyi ən yaxşı biləndir” buyurulur. Allahü təala da, əzəli elmi ilə, qulların öz istəkləri ilə, günah və ya savab işləyəcəyini, nə qədər yaşayacağını və intihar edib-etməyəcəyini bilir. Onun bu bilməsi, qulların etdikləri işlərə zorla olan müdaxilə deyil. Bu cəhətdən günah işləyən də, intihar edən də, öz istəyi ilə bunları edir.

Günah işləyən kafir olmaz
Sual:
 Mehdi olduğunu söyləyən bir nəfər, “İntihar etmək küfürdür. Nisə surəsinin 29-cu ayəsində yazılıb. Kafir olduğu üçün cənazə namazı da qılınmaz” deyir. İntihar edən insan dini inkar etmir ki, niyə küfür olsun? Sadəcə haram işləyir. Əməl imandan parça deyil ki. Bu mötəzilə etiqadı deyilmi?

CAVAB
Bəli, Mötəzilə inancı belədir. Bu batil inancı hiyləgərcəsinə Müsəlmanlar arasında yaymağa çalışırlar. Əməl imandan parça deyil. Yəni günah işləyən kafir olmaz. Günah işləyən kafir olsaydı, yer üzündə müsəlman qalmazdı. İntihar edənə kafir deyilməz. Din kitablarında qeyd edilir ki:

Şüuru yerində ikən intihar etmək, başqasını öldürməkdən daha böyük günahdır. (Bəriqa)

İntihar edən kafir olmadığı üçün cənazə namazı qılınır. (Dürər və Gurər)

İndi bildirilən ayəyə baxaq:
“Ey iman edənlər, aranızda qarşılıqlı rizaya dayanan ticarət halı istisna olmaqla, mallarınızı, batil [haqsız və haram] yolla yeməyin və nəfslərinizi öldürməyin. Əlbəttə, Allah sizə mərhəmət edər. Düşmənliklə, zülüm və təcavüzlə bu qadağalara əməl etməyəni oda atarıq; bu isə Allah üçün çox asandır.” [Nisə 29-30]

Burada faiz, qumar kimi batil yollarla qazanc əldə edənlərin də Cəhənnəmə atılacağı bildirilir. Haram yoldan pul qazanmaq küfür deyil, haramdır. Haram işləyənlər əlbəttə cəzalandırılacaqlar.

“Nəfslərinizi öldürməyin” ayəsi üçün təfsirlərdə, “Bir-birinizin canına qıymayın” demək olduğu bildirilir. Başqasının canına qıymaq da haramdır, küfür deyildir. Sadəcə, müsəlmanı müsəlman olduğu üçün öldürmək küfürdür. Bu isə fərqli şeydir. Müsəlmanı müsəlman olduğu üçün öldürmək isə İslama düşmənlik olduğuna görə küfürdür.

İntihara tövbə
Sual:
 Bir Müsəlman intihar etmək üçün çoxlu həb və ya zəhər içsə, sonra peşman olub tövbə etsə, az sonra ölsə, intihar günahı əfv olarmı?

CAVAB
Bəli, əfv olar. İntihar etmək başqalarını öldürməkdən daha böyük günahdır. Qəbirdə Cəhənnəm əzabı çəkər. Dərhal ölməyib tövbə etsə, bütün günahları əfv olar. Qəbir əzabı da çəkməz. (İslam Əxlaqı)

Ümidsizlik halındakı tövbənin qəbulu xüsusunda ixtilaf edilmişsə də, muxtar qövlə görə Müsəlmanın tövbə etməsi səhih olur, lakin kafirin imana gəlməsi səhih olmaz. (Dürrül muxtar)

Bir ayəti-kərimə məalı belədir:
“Allah tövbələri qəbul edən və mərhəməti bol olandır.” [Bəqərə 37]

Bir hədis-i şərif məalı da belədir:
“Ölmədən az bir müddət əvvəl, tövbə edənin tövbəsi qəbul olur.” [İ. Əhməd]

İntihar qürursuz bir davranışdır
Sual: 
Bəzi ölkələrdə, işində müvəffəqiyyətli olmayanlar, qanunsuz fəaliyyətləri aşkarlanan nazirlər, vəzifəli şəxslər intihar edirlər. Buna görə də, intihar üçün qürurlu davranışdır, deyirlər. Bu doğrudurmu?

CAVAB
Qətiyyən doğru deyildir. Qərbin elm və texnikadakı yenilikləri örnək götürüləcəyi yerdə, hər cür əxlaqsızlıqları təqlid edilir. İntihar etmək də bunlardan biridir.

İmanı olan insan heç vaxt intiharı düşünməz. İntihar bir qurtuluş deyil, sonsuz acı əzabların başlanğıcıdır. İntihar etmək başqasını öldürməkdən daha böyük günahdır!

Evtanaziya
Sual: 
Evtanaziya caizdirmi?

CAVAB
Fransızca euthanasiedir. Kəlmə olaraq ölmə haqqı deməkdir. Müalicəsi mümkün olmadığı söylənən xəstəliklərdə, dərmanla yatızdırılıb və ya başqa şəkildə, insanı və ya heyvanı öldürmək deməkdir. Qərblilər buna acı çəkdirmədən öldürmə deyirlər. Ölüm acısının dəhşətini bilmədikləri üçün belə səhvlərə yol verirlər. Ölüm əzabı dünya əzablarından daha ağırdır. Bir kafir yüksək dozalı dərman içərək və ya narkozla hər tərəfi keyidikdən sonra da ölsə, çox şiddətli olan ölüm acısını hiss edəcək. Peyğəmbər əfəndimiz buyurur ki:
“Allahü təalaya and içirəm ki, ölüm mələyini görmək min qılınc zərbəsindən daha şiddətlidir.” [Əbu Nuaym]

Ölüm acısından bir damcı, dağ üzərinə düşsə, dağ tamamilə əriyərdi. Şərhi-Hutabda da belə bildirilir. (Şira şərhi)

Avropalılar ağrı, əziyyət çəkməyəcəyini zənn edərək heyvanların başına çəkiclə vurub bayıldaraq öldürürlərmiş. Bu iş heyvanlara əziyətdir, haramdır. Halbuki boğazından Bəsmələylə kəsdikdə, heyvanlar acı hiss etmir. Şəhidlər və mömin olanlar da ölüm acısını hiss etmirlər. Ağrı-acını hiss etdirməyən Allahdır. Dinin əmrinə uyğun kəsilən heyvan ağrı-acı hiss etməz.

Peyğəmbər əfəndimiz, “Dəstəmazlı ölən müsəlman ölüm acısı çəkməz, çünki dəstəmaz imanlı olmağın əlamətidir” buyurur. Saleh mömin güllə yağışına tutulsa da bu ağrını hiss etməz. Bir hədisi-şərifdə, “Şəhid ölərkən acı duymaz” buyurulur. (Bəyhəki)

Yusif əleyhissalamın gözəlliyi qarşısında qadınlar əllərini kəsdikləri halda, bunun ağrısını hiss etmədikləri kimi, mömin də ölərkən rəhmət mələklərini və Cənnətdəki yerini görüb, qəlbi oradakı nemətlərlə məşğulkən ölüm acısını hiss etməz. (Şira şərhi)

Ağrı və sıxıntı səbəbilə ölümü istəmək caiz deyildir. Bir hədisi-şərif məalı:
“Sıxıntılardan ötrü ölümü istəməyin! Dözə bilməyən, “Ya Rəbb, haqqımda yaşamaq xeyirlidirsə yaşamağı, ölmək xeyirlidirsə, ölümü nəsip et!” desin!” [Buxari]

Evtanaziya xəstənin razılığı ilə olursa intihar sayılır. İntihar isə böyük günahdır. İntihar bir qurtuluş deyil, insanın özünü acı əzablara atmaqdır. Bir hədisi-şərif məalı belədir:
“Bir şeylə canına qəsd edənə Cəhənnəmdə onunla əzab edərlər.” [Buxari]

Qurani-kərimdə də məalən, “Özünüzü öldürməyin!” buyuruldu. (Nisə 29)

Xəstənin razılığı ilə deyil, yaxınlarının iznilə və ya həkimin məsləhətilə, ağrı-acı çəkməsin deyə xəstə öldürülsə, bu da cinayət sayılır. Cinayət də, yəni insan öldürmək də intihar kimi böyük günahdır. İki hədisi-şərif məalı belədir:
“Allaha şirk qoşmaq, ana-ataya asi olmaq, adam öldürmək və yalan yerə and içmək böyük günahdır.” [Buxari]

“Şərqdə bir adam öldürülsə və qərbdə olan buna razı olsa, onu öldürmə günahına ortaq olur.” [İ. Qəzali]

İki ayəti-kərimə məalı da belədir:
“Adəm peyğəmbərin oğlu Qabil, qardaşı Habilə “Səni öldürəcəyəm” dediği zaman, Habil, “Sən məni öldürmək üçün əlini uzatsan da, mən səni öldürmək üçün əlimi sənə uzatmaram, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram” dedi.” [Maidə 27, 28]

“Dolanışıq dərdindən uşaqlarınızı öldürməyiniz, çox böyük günahdır.” [İsra 31]

Bu sübutlardan aydın olduğuna görə, evtanaziya intihar və ya cinayətdir, İslamiyyətə ziddir. Heyvanları çəkiclə və ya şokla bayıldarak öldürmək də heyvanlara əziyyətdir. İslamiyyətin əmrinə tabe olan insan dünyada da, axirətdə də rahat olar.

Dərman qəbul etməyib ölmək
Sual: 
Bir söhbətdə, “Dərman qəbul etməyib ölənin cənazə namazı qılınmadığı kimi, 90 kilometr sürətlə getməli olduğu halda, yolda 100 kilometr sürətlə gedib qəzaya düşənin də, cənazə namazı qılınmaz. Çünki ikisi də intihar etmiş sayılır” dedilər. İntihar etsə belə, cənazə namazı qılınmamalıdırmı?

CAVAB
Söhbətdəki söz səhvdir. Hər bir həkim və hər kəs bilir ki, hər dərmanın təsiri qəti deyildir. Dərmandan istifadə etməmək günah deyildir. Bu mövzuda kitablarda deyilir ki:
Dərmandan istifadə etməyib ölən günaha girməz. Çünki dərmanın faydası qəti deyil. (Rəddül-muxtar)

Dərmanlardan təsiri qəti olanlar da vardır. Bunun üçün təsiri qəti olan dərmanlardan istifadə etmək fərzdir.

Yeməyib, içməyib, aclıqdan, susuzluqdan ölən insan günaha girər. Halbuki dərman içməyib ölən günaha girməz, lakin faydası qəti olan dərmanları qəbul etmək fərzdir. (S. Əbədiyyə)

Təsiri qəti olan səbəblərə yapışmayıb zərər görmək günahdır. (Hadiqa)

Təsiri qəti olan dərmanları qəbul etməyib günahkar olaraq ölənin, hətta intihar edən insanın cənazə namazı qılınmalıdır.

İntihar edənin, yəni özünü öldürənin cənazə namazı dörd məzhəbdə də qılınır. (Mizanı-kübra)

Bir hədisi-şərif məalı belədir:
“Hər Müsəlman ölünün cənazə namazını, intihar etsə də qılın!” [Deyləmi]

Yüz kilometr sürətlə gedərkən qəzaya düşüb ölən şəhid olur.

Dinə zidd söhbətlər aparılan belə yığıncaqlardan uzaq durmaq lazımdır.

Sual: İntihar edən dindən çıxır, yoxsa günaha girmiş olur?
Cavab: İntihar etmək, yəni insanın özünü öldürməsi, başqalarını öldürməkdən daha böyük günahdır. İntihar edərək ölən insan, qəbirdə Cəhənnəm əzabı çəkər. İntihar edən kimsə, dərhal ölməyib, səhv hərəkət etdiyini anlayıb tövbə etsə, bütün günahları əfv olur və qəbir əzabı çəkməz.

8-02-2021, 15:37
Geri