Facebook Twitter WhatsApp

Andiçmə və andiçmə kəffarəsi

Sual: And içmək nə deməkdir?
CAVAB
And, qüvvət deməkdir. Sözün, niyyətin, işi görmək və ya görməmək arzusunun qüvvətli olduğunu göstərir. Ən qüvvətli şəkildə söz verməkdir. Bu söz də ancaq Allahü təala üçün verilə bilər. Digər andlar günahdır. Bəziləri “Uşağımın ölüsünü öpüm” kimi andlar verir. Bu, doğru deyildir. And vermək yalnız Allah adıyla edilir. Məsələn, “Vallahi” demək, “Allahın adıyla and içirəm” deməkdir. Sadəcə “And içirəm” demək də and vermək sayılır. O da Allah üçün andiçmədir.

Sual: Andiçmə necə olur?
CAVAB
Andiçmə, yalnız Allahü təalanın adlarını söyləməklə olur. Vallahi, billahi, tallahi kimi.
Quran, Peyğəmbər, Kəbə haqqı deməklə andiçmə sayılmaz. Ancaq adət olduğu üçün Müshaf [Quran] haqqı üçün demək və ya əlini Müshafa qoyaraq bunun haqqı üçün demək andiçmə sayılır. “Quran vursun”, “Quran qənim olsun” demək, “Allah şahidim olsun” demək andiçmə sayılır.

Qəlbdən vallahi deyilsə, andiçmə səhih olmaz. Dil ilə söyləmək lazımdır. Küfrə səbəb olan şeyləri, andiçmə niyyətilə deyən, kafir olmaz, and içmiş sayılar. “Əgər bunu etsəm kafir olum” kimi küfrə səbəb olan bir şeyi andiçmə qəsdilə söyləmək də andiçmə sayılır. Andiçmə qəsdilə söyləməyən özü kafir olur. Ona görə də kafir olum sözü heç vaxt söylənməməlidir!

“Atamın başı üçün, balamın, anamın ölüsünü öpüm...” deyə and içmək haramdır, tövbə etmək lazımdır. Allahdan qeyrisi üçün and içmək olmaz. Bu and sayılmadığı üçün pozulsa andiçmə kəffarəsinə ehtiyac yoxdur. Hədisi-şərifdə buyuruldu ki:
“Atam haqqı deyərək and verməyin! Andiçmə Allahü təalanın adıyla olur.” [Müslim]

Haram işləmək və ya ibadət etməmək üçün and verən, andını pozmalı, sonra andiçmə kəffarəsi verməlidir. Məsələn, “Bu işim baş tutarsa, vallahi şərab içəcəm” deyən, şərab içməməli, and içdiyi üçün andiçmə kəffarəsi verməlidir.

Halal malını haram edərək and içməklə o mal haram olmaz. Məsələn, “Bu paltarı geyinsəm haram olsun” deyən, sözündə durmayıb geyinsə, paltarı haram olmaz. Lakin, o paltarı geyindikdə, kəffarə verməlidir.

Yalan yerə and içmək böyük günahdır. Doğru olaraq çox and içmək də uyğun deyildir. Allahü təalanın isminə və anda qiymət verməmək sayılır. Mahnılarda, nəğmələrdə, əyləncələrdə and içmək də belə günah olur. (Dürrül-muxtar)

Sual: Andiçmə kəffarəsi necə verilir?
CAVAB
Andiçmə kəffarəsi üçün zəkat alması caiz olan on yoxsula, bütün bədənini örtəcək qədər bir qat geyim verilir. Yaxud ac olan on yoxsula, bir gün iki dəfə yemək verilir. On yoxsula bir dəfə, bir fitrə miqdarı buğda, un da vermək olar. Yaxud bu dəyərdə parça, dəsmal, yaylıq, corab, ət, düyü, tərlik, ayaqqabı, dərman, qızıl vermək də olar və ya doğru bir din kitabı da vermək daha uyğundur. Məsələn, on ədəd İslam Əxlaqı kitabını on yoxsula vermək uyğun olar. Yaxud bir yoxsula on gün vermək də olar. Bunları edə bilməyən yoxsul ard-arda, yəni fasiləsiz 3 gün oruc tutar.

Ən asan andiçmə kəffarəsi, on yoxsula uyğun bir din kitabı [məsələn “Hakikat Kitabevi” nəşrlərindən Hər kəsə Lazım Olan İman və İslam Əxlaqı] verməkdir. Andını pozmadan əvvəl andiçmə kəffarəsi verilməz, verilərsə səhih olmaz. Pozduqda təkrar vermək lazım olacaq. Andiçmə kəffarəsini gecikdirmək günahdır. Qurani-kərimdə məalən buyurulur ki:
“Allahü təala, bilərək verdiyiniz andlardan ötrü sizi məsul tutur, hesabını soruşacaq.” [Maidə 89]

Siqaret çəkməyəcəyinə dair üst-üstə on dəfə and içənin, siqaret çəkərsə, bir andiçmə kəffarəsi verməsi kifayətdir.

Nəzri, edilməsi doğru olmayan bir şərtə bağlayıb, məsələn, “Əlinin çantasını oğurlasam, bir ay oruc nəzrim olsun” deyən, oğurlamayıb oruc tutmalı və ya andiçmə kəffarəsi verməlidir.

“Kağız pulla bir şey almayacağam” deyə and içən, qızılla satın aldıqda, andı pozulmaz. Qapıdan çıxmayacağam deyən, pəncərədən çıxsa, qırbac vurmayacağam deyən, sopa vursa, çörək yeməməyə and içən simit yesə, andı pozulmaz. Danışmayacağına and içən, məktub yazsa andı pozulmaz. Siqaret çəkməyəcəyinə and içən siqar çəksə, andı pozulmaz.

“Filankəsin üzünə baxmayacağam” deyə and içən, o kimsənin güzgüdəki [və ya ekrandakı] təsvirinə, yaxud rəsminə baxsa, andı pozulmaz.

“Bu baqqaldan alış-veriş etməyəcəyəm” deyə and içən, oğlunu və ya başqa birini göndərip alış-veriş etdirsə, andı pozular. Çünki vəkil əsl kimidir.

“Haqqımı Əliyə halal etmərəm” deyə and içən, “Haqqımı hər kəsə halal etdim” desə, andı pozular. Çünki Əliyə də haqqını halal etmiş olacaq.

Xəstəliyindən sağalarsa, ömür boyu Rəcəb ayında oruc tutacağına dair nəzir deyənin, oruc yerinə andiçmə kəffarəsi verməsi caizdir. Andiçmə kəffarəsi, dinən həddi-büluğa çatmış yoxsula verilir, uşağa verilməz. (Rəddül-muxtarHindiyyə, Taxtavi)

Sual: Qardaşlarıma inad, atama pul verməyəcəyəm deyə and içdim, sonra verdim. İndi nə etməliyəm?
CAVAB
Andınızı pozduğunuz üçün andiçmə kəffarəsi verməlisiniz. Ana-atanız, digər övladlarından almasa da, sizdən pul alsa nə olacaq ki? Peyğəmbər əfəndimiz, “Sən də, malın da atanındır” buyurmuşdur. Ana-atadan heç bir şeyi əsirgəmək olmaz!

Sual: Bir kişi bu belədir deyə and içsə, ancaq bilməyərək yanlış söyləsə nə etmək lazımdır?
CAVAB
Tövbə etməsi kifayətdir. Çünki bilmədən etdiyi üçün günah olmaz.

Sual: Bir işi etdiyi halda etmədim deyərək insan yalan yerə and içsə, sonra peşman olsa, “yalan yerə and verməyin” cəzası nədir?
CAVAB
Sadəcə tövbə etmək lazımdır.

Sual: Günah işləməmək üçün “vallahi və billahi və tallahi..... günahı işləməyəcəyəm, etsəm imansız ölüm” şəklində söz verib, bu sözü tuta bilməyib yanlış olduğunu bilə-bilə səhv etsək, bunun tövbəsi nədir, əfvi nədir?
CAVAB
İmansız ölüm demək çox təhlükəlidir. Zarafatca mən imansızam deyən kafir olar. Ancaq andiçmə niyyətilə söylədiyiniz üçün kafirlik sayılmaz. Sizin etdiyiniz kimi üç dəfə and içilsə, üç dəfə andiçmə kəffarəsi verməlisiniz.

Sual: Vallahi, billahi, tallahi demək üç andiçmə olur?
CAVAB
Aralarında “” deyilmədiyi üçün bir andiçmə olur.

Sual: Andiçmə kəffarəsi orucunu tuta bilməyən xəstə sağaldığında tutmalıdır?
CAVAB
Bəli. Tutmadan ölsəm, isqatı edilsin deyə vəsiyyət etsin.

Sual: “Doğru söyləyəcəyinə and iç” deyildikdə “And içirəm” demək andiçmə sayılır?
CAVAB
Sayılır.

Sual: Verməyib, verdim zənn edib and içən kəffarə verməlidirmi?
CAVAB
Verməli deyil. Günah da olmaz.

Sual: Andiçmə kəffarəsi pulunu, xanımla, qonaqla yemək caizdirmi?
CAVAB
Bəli.

Sual: Bir fitrənin dəyərindən az olan yemək çeki ilə yoxsul doyuzdurulsa, andiçmə kəffarəsi yerinə yetirilmiş sayılırmı?
CAVAB
Sayılır. Çekin qiyməti deyil, yoxsulun doyması əsasdır.

Sual: Siqaret çəkməyəcəyinə and içən, siqar çəksə andı pozularmı?
CAVAB
Hənəfidə andı pozulmaz.

Sual: “Əhdim olsun, yüz kiloqrama çıxacam” deyən andiçmə kəffarəsi veriməlidirmi?
CAVAB
Bəli.

Sual: Avtomobilimi satmamağa and içdim. Hədiyyə etsəm caiz olarmı?
CAVAB
Hədiyyə etdikdə and pozulmaz.

Sual: Andiçmə kəffarəsində, səhər də, günorta da yemək vermək caizdirmi?
CAVAB
Bəli.

Sual: Yoxsula yemək verərkən, bu andiçmə kəffarəsidir demək lazımdır?
CAVAB
Xeyr.

Sual: Pis filmləri nəzərdə tutaraq “Vallahi bir daha kinoteatra getməyəcəyəm” dedim. Normal filmlər üçün kinoteatra getsəm andım pozulacaqmı?
CAVAB
Bəli.

Sual: “Vallahi siqaret çəkməyəcəyəm” deyə dalbadal on dəfə and içdim. Siqaret çəksəm, on dənə andiçmə kəffarəsi verməliyəm?
CAVAB
Bir kəffarə kifayətdir.

Sual: Andiçmə kəffarəsində, başqa mal deyilir. Başqa maldan, din kitabı, süd, meyvə, qələm kimi mallar da anlaşılır?
CAVAB
Bəli.

Sual: Kafir “Bu günahı işləsən, müsəlman olacağam” deyə and içsə, o günahı işləmək caizdirmi?
CAVAB
Xeyr.

Sual: “Vallah, billah” və ya “valla billa, vallaha” deməklə də andiçmə sayılırmı?
CAVAB
Xeyr. Vallahi, billahi deyilsə sayılar.

Sual: 
Bir yoldaşa “Vallahi səni bu işi görməyə qoymaram” dedim. Yoldaş, mən namazda olanda o işi etdi. Andiçmə kəffarəsi lazımdır?

CAVAB
Xeyr.

Sual: 
Ərimə “Məhkəməyə gedib vallahi səndən boşanacağam” dedim. Andiçmə kəffarəsi verməliyəm?

CAVAB
Bəli.

Sual: 
Doğru danışacağına and iç deyildikdə, “bəli” deyilsə və yalan danışsa kəffarə lazımdırmı?

CAVAB
Xeyr.

Sual: 
“Heyvan olsaydın, səni vallahi kəsərdim” demək and verməkdir?

CAVAB
Andiçmə deyil.

Sual: 
Eyni işi etməyən birinə “Vallahi bu işi edə bilməzsən” dedim. Bu dəfə o işi etdi. Verdiyim and ləğv oldumu?

CAVAB
Bəli.

Sual: 
2 adam 5, beş adam 2 gün doyurulsa, andiçmə kəffarəsi ödənilirmi?
CAVAB
Bəli.

Sual: 
Bir şeyi etməyəcəyimizə and içdiyimizi unutsaq və o işi etsək yenə kəffarə lazımdır?

CAVAB
Unudularaq da olsa o işi etdikdə andiçmə kəffarəsi lazımdır.


Sual: 
Tələbə, andiçmə kəffarəsi olaraq üç gün oruc tutsa olarmı? Yoxsa on yoxsulu doyurması və ya on yoxsula kitab verməsi lazımdır?

CAVAB
Tələbə və ya müəllim olması heç nəyi dəyişdirmir. On ədəd namaz kitabı alsın versin. İmkanı yoxdursa, üç gün ara vermədən oruc tutması lazımdır.


Sual: 
Çox hirsli bir anda söylədiyimiz anddan məsuluq?
CAVAB
Bəli məsuluq. Ağzımızdan çıxıbsa artıq iş-işdən keçib. Nəzir də belədir. Bir gün oruc tutacağam deyəcək yerdə min gün desək min gün tutmalıyıq. Andiçmədə, nəzirdə, boşamada, evlənmədə niyyətə yox, sözə baxılır.


Sual: Dua edərkən, Allahü təalaya söz verib, məsələn “Bir daha qeybət etməyəcəyəm. Əgər etsəm bir gün oruc tutacam” və ya “Allahım, hər gecə Təbarəkə surəsini oxumağa söz verirəm” kimi sözlər söyləmək nəzir sayılırmı? Belə sözlər yerinə yetirilməzsə nə etmək lazımdır?
CAVAB
Andiçmə kəffarəsi vermək lazımdır.


Sual: 
Hər siqaret çəkdiyim zaman on manat sədəqə verəcəyəm deyə nəzir dedim. Dözə bilməyib yenə çəkməyə başladım. Verməli olacağım sədəqə pulu çox olur. Nə etməliyəm?

CAVAB
Həyata keçməsi istənməyən bir şey şərt edildikdə, o şey həyata keçsə, istəyən nəzr dediyi sədəqəni verər, istəməyən andiçmə kəffarəsi verə bilər. (Tahtavi)


İstəmədiyiniz şey olsa, andiçmə kəffarəsi verməklə nəzir borcundan qurtulmuş olacaqsınız. İmkansız olan şeyi nəzir demək də andiçmə sayılır. Bir andiçmə kəffarəsi kifayət edir. (İmdad həşiyəsi)

Sual: 
Bu işim baş tutarsa hər ay bir xoruz kəsib sədəqə verəcəyəm, deyə nəzir edən adam, ömür boyu kəsməlidir?

CAVAB
“Hər ay” dedikdə neçə ay olduğu dəqiq bilinmədiyi üçün nəzir olmaz, andiçmə kəffarəsi verilməlidir.


Sual: 
Siqaret çəksəm 7 dəfə həccə gedəcəyəm və ya 3 il oruc tutacağam və ya 7 min manat kasıblara sədəqə paylayacağam, deyən adam bunların yerinə andiçmə kəffarəsi versə caiz olarmı?

CAVAB
Caizdir. (F. Xayriyyə)


Sual: 
Andiçmə kəffarəsi olaraq, 9 kasıba 9 kitab və bir kasıba da, bir sədəqəyi-fitr miqdarında dərman və ya meyvə vermək caizdirmi?

CAVAB
Bəli.

Sual: 
Bir şəxs Allahü təalanın rizası üçün oruc tutum desə, həm nəzir, həm andiçmə olmasını niyyət etsə, tutacağı oruc and sayılır, yoxsa nəzir sayılır? Orucunu pozarsa nə etməlidir?

CAVAB
Bu oruc həm and, həm də nəzir sayılır. Bu orucu pozarsa, həm qəza, həm də andiçmə kəffarəsi lazımdır.


Sual: 
Xanımımın boş olmasına and içirəm demək, andiçmə sayılırmı?

CAVAB
Xeyr, andiçmə deyil.

Sual: Bunu etsəm hər halal mənə haram olsun deyilsə, hər şey haram olacaqmı?
CAVAB
O işi etdikdə yeyilib-içilən şeylər haram olduğu kimi, evlidirsə xanımı da bir bain talaqla boş olur. Ancaq andiçmə kəffarəsi vermək lazım deyil. Evli olan, iddət müddəti bitdikdə nikahını təzələməlidir.


Sual: Aşağıdakı sözlərdən birini söyləyib, amma sözündə durmayan nə etməlidir?
CAVAB
And içib, andını pozan kimsə, andiçmə kəffarəsi verməlidir.
Bunları söyləmək andiçmə sayılır:
Allaha əhd edirəm [söz verirəm].
Allaha misaq edirəm [qüvvətli əhd və andlaşma].
Allaha and verirəm.
Allah haqqı üçün.
And içirəm.
Andım olsun.
Əhdim olsun.
Nəzrim olsun.

Sual: Alış-verişdə çox and içirlər, düzgündürmü?
CAVAB
Xeyr. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yalan yerə and içməklə mal çox satılsa da, belə qazancın bərəkəti olmaz.” [Buxari]

“Malını, and içərək bəyəndirənə qiyamətdə mərhəmət edilməyəcəkdir.” [Müslim]

“Alış-verişdə “Vallahi belə, billahi belə deyildir” deyə and içənlərə və sənətkarlardan, “Sabah gəl, birisi gün gəl” deyə sözündə durmayanlara ayıb olsun!” [Deyləmi]

Anam arvadım olsun demək
Sual: Anam arvadım olsun ki... demək küfür sayılırmı? Bu sözü deyənin nikahı pozulurmu?
CAVAB
İnsanın anası arvadı ola bilməz, bu cahillik, səviyyəsizlik, tərbiyəsizlikdir. Belə and içmək olmaz. And içmək Allah adına olur. Təəssüf ki, ölkəmizdə Allahdan qeyrisi üçün də and içirlər. Anam arvadım olsun deməklə, nikaha zərər gəlməz, küfür də olmaz. Ancaq Allahdan başqasına and içməkdən çox çəkinmək lazımdır. Kəbə haqqı, namusum haqqı, balamın canına and olsun deyib and içmək olmaz. Hədisi-şəriflərdə buyurulur ki:
“Atamın canına and olsun deyərək and verməyin! Andiçmə, Allah adı ilə olur.” [İbda]

“Əmanət, yəni namus üçün and içən, bizdən deyildir.” [Əbu Davud]

“Allahdan başqa bir adla and içən kafir olur.” [Tirmizi]

And vermək və kəffarə
Sual: Tam Elmihalda qeyd olunub ki:
“Yanından keçərkən, qalxmaq istəyənə, “Allah xətrinə” və ya “Allah üçün” qalxma desə, o da dinləməyib qalxsa, söyləyənə bir şey lazım gəlməz, amma digər adamın Allahü təalanın adına hörmət etməsi, and verilən işi etməməsi lazımdır. Bir işə başlamaq üçün and verərsə, andiçmə olar. Digəri etməsə, and verənin kəffarə verməsi lazımdır.”
Burada and verilən işi etməməyin hörmətsizlik olduğu anlaşılır. Amma son cümlədə and verənin niyə kəffarə verməsi lazımdır ki?
CAVAB
Birinci cümlədə zərurət olmadıqca, mübah bir iş üçün, Allah xətrinə bunu etmə deyilsə, etməmək lazımdır. Amma dinə zidd olan bir iş üçün etmək lazım deyil. Məsələn, “Allah xətrinə bir stəkan pivə iç” deyilsə, içmək olmaz, içmək haram olar.


Son cümlənin izahı isə belədir:
Biri, dostuna, “Allaha and içirəm ki, bu axşam sənə elmihal oxudacağam” desə, dostu da oxumasa, və ya ”Allah haqqı üçün bu axşam sənə çay içirəcəyəm” desə, digəri də çay içməsə, sözündə durmadığı üçün, dediklərini etdirmədiyi üçün and verənin andiçmə kəffarəsi verməsi lazımdır.

Günah üçün and içmək
Sual: Günah olan bir şey üçün and içən, məsələn “Vallahi pivə içəcəyəm” və ya “Qumar oynayacağam, filankəsi öldürəcəyəm” deyən nə etməlidir?
CAVAB
Haram işləməməlidir. Yəni pivə içməyəcək və qumar oynamayacaq, heç kimi öldürməyəcək və bununla yanaşı and içdiyi üçün andiçmə kəffarəsi verəcək.

Telefonla danışmaq
Sual: Birinə, “Səninlə danışmayacağam” deyə and içən, telefonla danışsa andı pozulacaqmı?
CAVAB
Bəli.

Üçünüzlə də danışmayacağam
Sual: Üç nəfərə, “vallahi üçünüzlə də danışmayacağam” deyə and verən adam, biri ilə danışsa andiçmə kəffarəsi verməlidirmi? Üçü ilə danışsa üç andiçmə kəffarəsi verəcək?
CAVAB
Biri ilə danışsa kəffarə lazım deyil. Üçü ilə danışdıqda bir andiçmə kəffarəsi verməlidir.

Bu mövzuda, Rəddül-muxtar kitabındakı ifadələr belədir:
Bir kimsə bir məclisdəkilərə xitab edərək, “Vallahi mən sizinlə danışmayacağam” desə, o insanların hamısıyla danışmadıqca andı pozulmaz.

Bir kimsə “dörd kitabdan uzağam” desə, bu bir anddır. Həmçinin “Qurandan, Zəburdan, Tövratdan, İncildən uzağam” desə, yenə bir tək and sayılır. Bir kimsə “Qurani-Kərimdən uzağam, Tövratdan uzağam, İncildən uzağam, Zəburdan uzağam” desə bu dörd andiçmə olacaq.

Bu növ məsələlərdə uzaqolma ifadəsi birdən artıq olduqda, kəffarə də birdən çox olur. Uzaqolma ifadəsi bir olduğu təqdirdə, kəffarə də bir olur.

“Filankəs və filankəslə danışmaq mənə haram olsun” və ya “Vallahi filankəs və filankəslə danışmayacağam” deyə and içildiyində də, səhih olan qövlə görə, o iki nəfərdən yalnız biri ilə danışılsa, and pozulmaz. Ancaq o iki nəfərdən hər biri ilə danışılmamağa niyyət edilsə, bu təqdirdə onlardan biri ilə danışıldığında and pozulacaq. Çünki and içən şəxs, o iki nəfərdən hər birilə danışmamağa niyyət etməklə, hökmü öz əleyhinə şiddətləndirmişdir.

Bir kimsə, “Zeydlə, yaxud Əmr və Bəkirlə danışmayacağam” deyə and içcə, Zeydlə, yaxud Əmr və Bəkirlə danışsa, andı pozulacaq. And içən şəxs, yalnız Əmr, yaxud yalnız Bəkirlə danışsa, digəriylə danışmadıqca andı pozulmaz. Əksinə, yəni “Zeyd və Əmrlə, yaxud Bəkirlə danışmayacağam” deyə and içsə, bu təqdirdə Bəkirlə danışsa, yaxud Zeyd və Əmrlə danışsa, andı pozulacaq.

Bir kimsə “Filankəs və filankəslə danışmaq mənə haram olsun” deyə and içsə, bunlardan biriylə danışsa, andı pozulacaq. Çünki, “Bağdad xalqıyla danışmaq mənə haram olsun” deyə and içən kimsə, Bağdad xalqından biriylə danışarsa andı pozular.

“Vallahi, nə filankəslə və nə də filankəslə danışaram” deyilsə iki andiçmə sayılır, bunlardan hər hansı biriylə danışılsa and pozulacaq və kəffarə vermək lazım olacaq. (Andiçmə bəhsi)

Buna görə:
1- Vallahi üçünüzlə də danışmayacağam, deyə and içən adam, üçüylə də danışmadıqca andı pozulmaz. Üçüylə danışıb andı pozulduqda, bir andiçmə kəffarəsi verəcək.

2- Vallahi üçünüzlə də danışmayacağam, deyə and içərkən, hər biri ilə ayrı-ayrı danışmamağa niyyət edərsə, biriylə də danışsa andı pozulur. Bir andiçmə kəffarəsi verməlidir. Sonra digərlərilə danışsa da, başqa kəffarə verməsi lazım deyil.

3- Üçüylə danışmaq mənə haram olsun, deyə niyyət edilsə, biriylə də danışılsa and pozulur. Bir andiçmə kəffarəsi verilməlidir. Sonra digərilə danışdıqda, başqa kəffarə lazım deyil.

4- Əhməd və Məmmədlə danışmaram deyə and içdikdə, ikisiylə də danışmadıqca and pozulmaz. İkisiylə danışıb, and pozulduqda, bir andiçmə kəffarəsi verilir.

5- Nə Əhmədlə və nə də Məmmədlə danışaram, deyə and içmək , iki andiçmə sayılır. Hər hansı biri ilə danışmaq, andı pozur və kəffarə lazım olur. Sonra digərilə danışdıqda, digər and da pozulur və onun üçün də kəffarə vermək lazımdır.

Andiçmə Allahın adıyla olur
Sual: “Balamın ölüsünü öpüm”, “Anamın ölüsünü görüm”, “Kafir olum”, “başım üçün”, “şərəfim haqqı”, “Kəbə haqqı”, “Peyğəmbər haqqı” kimi ifadələrlə and içmək caizdirmi?
CAVAB
Caiz deyil. Andiçmə, yalnız Allahü təalanın adlarıyla olur. Başqa şeylər üçün and içmək haramdır. (Mültəqa)

Belə caiz olmayacaq şəkildə and içdikdə, andiçmə kəffarəsi vermək lazım deyil. Sadəcə tövbə etmək lazımdır.

Anda inanmamaq
Sual: Saleh bir Müsəlmanın andına inanmamaq haramdırmı?
CAVAB
Bəli, haramdır. Yalan yerə and içirsən demək sayılır ki, bu da sui-zənn və günahdır.

Andiçmə kəffarəsi üçün
Sual: Andiçmə kəffarəsi üçün, bir yoxsulu on gün doyurmaq yerinə, on yoxsula, o dəyərdə, əczacı olan dərman, tekstil işi ilə məşğul olan, dəsmal, qəssab ət, baqqal düyü, zərgər qızıl, kitabçı din kitabı versə andiçmə kəffarəsi yerinə yetirilmiş sayılırmı?
CAVAB
Bəli, andiçmə kəffarəsi yerinə yetirilir. O işi görənlərin, mütləq ki, ticarətini etdiyi maldan verməsi vacib deyil. Zərgər düyü verə bildiyi kimi, baqqal da qızıl verə bilər. Kitab satmayan da din kitabı verə bilər. Doğru din kitabı verilsə, üstəlik fərz olan elm yayma savabı da hasil olar. Andiçmə kəffarələrində doğru yazılmış, yəni nəqli əsas götürən din kitabı verməyə üstünlük vermək lazımdır. Hakikat Kitabevinin nəşrləri, Əhli-sünnət alimlərinin kitablarından tərcümə edilmiş, nəqlə əsaslanan əsərlərdir.

Andiçmə sayılırmı?
Sual: “Bu işi etsəm, Allah lənət etsin” demək andiçmə sayılırmı?
CAVAB
Xeyr, andiçmə sayılmaz. Həmçinin, “Əgər bunu etsəm, şərab içmiş olum” demək də andiçmə sayılmır. Çünki bu sözlərlə and içmək Müsəlmanların adəti deyildir. (Dürrül-muxtar)

Sual: Bir kimsə, “Bu iş belə olsa, kəlləmi kəsərəm və ya oğlumu qurban edərəm” deyərək nəzir desə, dörd məzhəbə görə nə etməlidir?
CAVAB
İmam azama, İmam Malikə və İmam Əhmədə görə bir qoyun kəsməlidir. İmam Şafiiyə görə bir şey lazım deyil. Hənəfidə isə, İmam azamın qövlü deyil, digər imamların qövlü seçilmişdir. Seçilən qövlə görə, andiçmə kəffarəsi vermək lazımdır, çünki uşağını və ya özünü öldürmək haramdır. Haram bir şeyi nəzir demək andiçmə sayılır. S. Əbədiyyə kitabında, “Filankəsi öldürmək, Allah üçün nəzrim olsun deyən, öldürməməli, andiçmə kəffarəsi verməlidir” deyilir. Həmçinin, “Bu işim baş tutsa, vallahi bir şüşə şərab içəcəyəm” deyən də, işi baş tutduqda şərab içməyib, andiçmə kəffarəsi verməlidir.

Andiçmə kəffarəsi üçün pul vermək
Sual: Andiçmə kəffarəsi olaraq bir kasıba 10 gün səhər-axşam doyuracaq qədər kağız pul vermək caiz olarmı?
CAVAB
Verilən pulla qarnını doyuracağı dəqiq bilinirsə, pul vermək caiz olar.

Doyura biləcək qədər
Sual: Andiçmə kəffarəsi olaraq, bir dəfə yemək üçün kasıba nə qədər pul vermək lazımdır?
CAVAB
Müəyyən bir pul miqdarı yoxdur. Ölçü, kasıbın doymasıdır. Qarnını doyura biləcək qədər verilməlidir.

And içsəm
Sual: “And içsəm başım ağrımaz” demək caizdirmi?
CAVAB
Caiz deyildir. Andiçməni əhəmiyyətsiz bir şey kimi saymaq sayılır.

Andiçmə kəffarəsi orucu
Sual: Andiçmə kəffarəsini ödəmək məqsədilə, kasıb doyura bilmədiyi və ona geyim verə bilmədiyi üçün üç gün oruc tutmaq məcburiyyətində qalan kimsənin, oruca imsaq vaxtından əvvəl niyyət etməsi lazımdır?
CAVAB
Bəli, imsaq vaxtından əvvəl niyyət etməsi lazımdır.

Allaha söz vermək
Sual: Allaha söz verirəm demək, andiçmə sayılır?
CAVAB
Bəli, andiçmə sayılır. (Mültəka, Dürrül-muxtar)

Çox anda çox kəffarə
Sual: “Vallahi və billahi və tallahi” demək, tək andiçmədir? Bir kəffarə kifayətdirmi?
CAVAB
Bir deyil, üç andiçmədir. Çeşidli andların kəffarələri ayrı-ayrı edilir. “Vallahi və-r-rahmani və-r-rahimi bu işi edərəm və ya etmərəm” desə, üç andiçmə sayılır. (Damad)

Aralarına “və” qoyulmazsa bir andiçmə olur.

“Xülasə”dən və “Təcrid”dən nəql edərək, Bəhrdə bildirilmişdir ki: And birdən çox olarsa, kəffarə də birdən çox olar. Birdən çox verilən and, istər bir məclisdə olsun, istər ayrı-ayrı məclislərdə olsun hökm eynidir. [Məsələn, bir adam evdə and içsə, eyni andı çayxanada etsə də iki and sayılır. Amma çayxanada, evdə and içdiyini söyləsə bu and sayılmaz.] Bəhrdə bildirilmişdir ki: Bir kimsə, “Mən bu işi etsəm yəhudi olum, xristian olum” desə, bu iki and olacaq. Fiqh alimləri ittifaqla bildirir ki:
And içən atıf hərfilə söyləsə iki anddır və atıfsız olsa sifət olacağı üçün bir andiçmədir. (Rəddül-muxtar) [Vallahi billahi atıfsızdır, vallahi və billahi atıflıdır.]

Bir andiçmə olur
Sual: “Vallahi, billahi, tallahi” deyə arada “və” hərfi olmadan and içən, bir andiçmə kəffarəsi verməli olduğuna görə, eyni şeyi qüvvətləndirmək məqsədilə, ard-arda və ya başqa zamanlarda dəfələrlə “Vallahi bunu edəcəyəm” deyə and versə, bu andını pozduqda yenə bir andiçmə kəffarəsi lazımdır?
CAVAB
Bəli, bir kəffarə lazımdır, çünki sonrakı andlar birinci andı təkid  üçündür, yəni qüvvətləndirmək üçün söylənmişdir, ayrı bir andiçmə deyildir. Təkid üçün deyildirsə, eyni iş üçün olsa da, hamısı ayrı andiçmə olacaq.

Andın pozulması
Sual: Bir yoldaş, “Sənə bu köməyi edəcəyəm” dedi. Mən də “Vallahi qoymaram” dedim. Xəbərim olmayanda o işi etdi. Andiçmə kəffarəsi verməliyəm?
CAVAB
Xeyr, çünki siz etdirmədiniz, o özü etdi. Andınız pozulmadı.

And içdim demək
Sual: “Mən, o işi etməməyə and içdim” deməklə and içilmiş sayılır?
CAVAB
Bəli, doğru söyləyirsə, yəni həqiqətən o işi etməyəcəksə and vermiş sayılır. O işi edəcəyi halda, yalandan elə deyirsə andiçmə deyil. (Hindiyyə)


Qadının and içməsi
Sual: Qadın ərinə, “Sən, mənə haramsan” və ya “Səni özümə haram etdim” desə, nə etmək lazımdır?
CAVAB
Bu andiçmədir. Qadının söyləməsinin nikaha zərəri olmaz. Sözündə durmayıb əriylə birlikdə olsa, andiçmə kəffarəsi verməsi lazımdır. (Hindiyyə)

Səninlə danışmaq haramdır
Sual: Bir kimsə digərinə, “Səninlə danışmaq haramdır” desə, bu andiçmədir? Yəni danışsa andiçmə kəffarəsi verməlidirmi?
CAVAB
Bəli, bu andiçmədir. Danışsa andiçmə kəffarəsi verməlidir. (Hindiyyə)

Almaniyada andiçmə kəffarəsi
Sual:
 Almaniyada unun kiloqramı 0,25-0,30 Avro arasındadır. Bir fitrə miqdarı 1750 qram olduğuna görə, bir günlük fitrə miqdarı təxminən 0,50 Avro edir. 10 günlük andiçmə kəffarəsi üçün 5 Avro miqdarında kitab vermək kifayət edir? Yəni 0,50 Avrodan 10 ədəd dini kitabı 10 kasıba versəm, andiçmə kəffarəsi yerinə yetirilmiş sayılarmı? Məsələn, 10 ədəd Namaz Kitabı 10 Avro edir. 10 ədəd Namaz Kitabı verilsə andiçmə kəffarəsi verilmiş sayılar?

CAVAB
Əlbəttə olar. Buğdaya görə hesablansa, 10 Avro ilə bir neçə andiçmə kəffarəsi vermək olar. Ölkəmizdəki vəziyyət də bundan çox fərqli deyildir. Ölçü, bir fitrə miqdarındakı kitabdan 10 ədəd verməkdir. Bir fitrə miqdarı Almaniyada da, burada da yarım Avrodur. 5 Avro bir andiçmə kəffarəsi üçün kifayətdir. Andiçmə kəffarəsi üçün 10 kitab şərtdir. Qiymətləri önəmli deyil. Yarım və ya 1 Avro da ola bilər, 10 Avro da ola bilər. Əsas olan, 10 kitab verməkdir.

Andiçmə kəffarəsi
Sual: Maidə surəsinin, “Andiçmənin kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabla on yoxsulu yedirmək və ya geyindirmək, yaxud bir kölə azad etməkdir. Bunlara gücü çatmayan üç gün oruc tutmalıdır. Andlarınızın kəffarəsi budur” məalindəki 89-cu ayəsində bildirilən yemək və ya geyimin qiymətində məbləği yoxsula vermək olmazmı?
CAVAB
Fiqh kitablarımızda qeyd edilir ki: Sarıq və məsti paltar kimi vermək, caiz olmaz, yemək əvəzi olaraq caiz olar. Əgər hər yoxsulun hər birinə sarıq verilsə, bu da köynək və ya uzun alt paltarı olmağa uyğun gəlsə caiz olar, deyilsə paltar kimi caiz olmaz. Ancaq qiyməti bir fitrə miqdarı olarsa, yeməyin əvəzinə vermək caiz olar.

On yoxsula bir paltar verilsə, bunun qiyməti, hər yoxsula veriləcək bir paltarın qiymətindən artıq olsa belə, bu, paltar yerinə caiz olmaz. Ancaq yemək yerinə olar. Andiçmə kəffarəsi üçün köhnə bir paltar verilsə, amma yeni paltarın dayandığı müddətin yarısından az zaman dayansa, bu caiz olmaz, çox dayansa caiz olar. Qiymətinin ucuz və ya bahalı olması hökmü dəyişdirməz. Bir kimsə bir yoxsula bir dəfəlik on paltar versə, yeməkdə olduğu kimi bu da caiz olmaz. On yoxsula bir heyvan versə, qiyməti on paltara və ya on yeməyə əvəz olsa, qiymət etibarilə, paltar əvəzi caiz olar. Verilən dirhəmlər də [gümüş pullar da] belədir, yəni qiyməti paltarla deyil, yeməyə əvəz olarsa, caiz olar. (F. Hindiyyə)

Andiçmə kəffarəsi üçün ölü kəfənləmək, məscid tikdirmək və ya ölünün borcunu ödəmək caiz olmaz. Yolda qalmışa verilsə caiz olar.

Andiçmə kəffarəsi üçün bir kölə azad etmək və ya on yoxsulu səhər-axşam doyurmaq, yaxud on kasıba orta hallı insanlara əlverişli, üç aydan fazla dayanacaq və bədənin çoxunu örtəcək bir qat paltar vermək lazımdır. Paltar yerinə yalnız alt paltarı caiz olmaz. Ancaq alt paltarın qiyməti səhər-axşam bir yoxsulu doyuracaq qədər, yəni bir fitrə miqdarı dəyərində olarsa, qiyməti etibarilə caiz olur. (Dürrül-muxtar)

Təfsirlərdə və fiqh kitablarında sirkə, zeytun yağı, başa geyilən sarıq, pendir kimi maddələrin də verilə biləcəyi yazılmışdır. (Qurtubi)

Andiçmə kəffarəsi olaraq on yoxsula bir dəfə və ya bir yoxsula on gün, hər gün bir dəfə yarım sa buğda, un və ya çörək, yaxud bu dəyərdə başqa mal, qızıl, gümüş pul təmlik etmək [vermək] də olar. [Bir fitrə dəyərindən aşağı olmamaq şərtilə] parça, məhrəba, kağız dəsmal, corab, ət, düyü, paltar, başmaq, dərman və ya din, fənn, əxlaq kitabı vermək olar. (S. Əbədiyyə)

And içərkən
Sual: And içərkən, kəlimənin lüğət mənası, yoxsa adət olaraq istifadə olunan mənası əsasdır?
CAVAB
Şafii məzhəbində lüğət mənasına, Malikidə, Qurani-kərimdə istifadə olunan mənasına, Hənbəlidə isə and içənin niyyət etdiyi mənaya baxılır.

Hənəfidə, o dövrdə, o ölkədə o kəlimənin adət olan mənası qəbul edilir. Bir neçə nümunə verək:
1- “Heyvana minməyəcəyəm” deyə and içən, insanın kürəyinə minsə, andı pozulmaz. Çünki lüğətdə, insan “Heyvani-natiq = Danışan heyvan” deyə tərif edilsə də, insana heyvan demək adət deyildir.

2- “Dirək üstünə oturmayacağam” deyə and içən kimsə, dağ üzərinə otursa, andı pozulmaz. Qurani-kərimdə dağa dirək buyurulsa da, belə demək adət olmamışdır.

3- “Ev dağıtmayacağam” deyə and içən, hörümçək yuvasını dağıtsa, andı pozulmaz. Qurani-kərimdə, hörümçək yuvasına da ev buyurulsa da, buna yuva demək adətdir.

4- “Kəlimənin Qurani-kərimdəki və ya lüğətdəki mənasını niyyət edərək and içdim” deyənin, sözü qəbul edilir. Lakin kəlimə məcazi mənada, yəni başqa mənada istifadə edilsə də, “Belə adət olan mənaya niyyət etdim” deməsi qəbul edilmir.

5- “Kağız pulla bir şey almaram” deyə and içən, qızılla satın alsa, andı pozulmaz. Çünki qızıl ayrı, kağız pul ayrıdır. “Heç bir şey satın almaram” demək istədim deyilə bilməz. Belə demək adət olsa da, kağız pulun mənası açıqdır. Bu mənanı adət dəyişdirə bilməz.

6- “Qapıdan çıxmayacağam” deyən, pəncərədən çıxsa, andı pozulmaz.

7- “Qamçı vurmayacağam” deyən, sopa vursa, andı pozulmaz.

8- “Onun üzünə baxmayacağam” deyə and içən, güzgüdəki əksinə baxsa, andı pozulmuş olmaz.

9- “Onunla danışmayacağam” deyə and içən, telefon və ya oxşar bir cihazla danışsa andı pozulur.

Dinə zidd olan and
Sual:
 Dinə zidd olan, “Anamın ölüsünü görüm”, “Uşağımın ölüsünü öpüm”, “Atamın canı üçün”, “Anamın canı üçün” və ya “Namusum haqqı” deyə and içən adam nə etməlidir?

CAVAB
Belə and içmək haramdır, hətta küfür olur. Dərhal tövbə etməli və bir daha söyləməməlidir. Dinə uyğun and olmadığı üçün pozulsa da andiçmə kəffarəsi lazım deyil.

Nəzir və and
Sual:
 “Hər siqaret çəkəndə yüz manat verəcəyəm” deyə nəzir dedim. İndi nə etməliyəm?

CAVAB
İmkansız şeyi nəzir demək andiçmə sayılır. Andı pozduqda bir dəfə andiçmə kəffarəsi verilsə, hər dəfə çəkdikdə yüz manat verməkdən qurtulmuş olacaq.

Babasıyla danışmaram demək
Sual: Bir kimsə, “Əlinin babasıyla danışmayacağam” deyə and içsə, ancaq Əlinin ata tərəfindən olduğu kimi ana tərəfindən babası varsa, niyyət etdiyi babasıyla deyil, digər babasıyla danışsa, andı pozularmı?
CAVAB
Bəli, pozular. Hətta birinə, “Qardaşınla danışmayacağam” deyərkən onun qardaşlarından birinə niyyət etsə, o adamın da beş qardaşı olsa, heç biri ilə danışa bilməz. Danışsa andı pozulacaq və andiçmə kəffarəsi verməli olacaq.

Hər anda bir kəffarə
Sual: “Oruc kəffarəsində olduğu kimi, andiçmə kəffarəsində də, nə qədər çox and içib pozulsa da, bir kəffarə kifayət edir” deyirlər. Hər and üçün ayrı bir kəffarə lazım deyilmi? Bir də, yoxsula yemək yedirə biləcək vəziyyətdə olanın, andiçmə kəffarəsi üçün oruc tutması səhih olarmı?
CAVAB
Hər andiçmə üçün ayrı bir kəffarə lazımdır. Andiçmə kəffarəsi üçün bir kölə azad edər. Yaxud zəkat alması caiz olan kişi və ya qadın on yoxsula, bütün bədəni örtəcək qədər bir qat geyim verər və ya ac olan on yoxsulu bir gündə iki dəfə doyurar. Bu üçündən birini edə bilməyən yoxsul, üç gün dalbadal oruc tutar. Bu oruclara gecə niyyət edilir. Qadın, üç günü tamamlamadan heyz başlasa, oruca davam etməz. Heyz bitdikdən sonra, yenidən üç gün tutar. Damad kitabında qeyd edilir ki: Müxtəlif andların kəffarələri ayrı yerinə yetirilir. “Vallahi vər-Rahmani vər-Rahimi bu işi etməyəcəm” deyilsə, üç andiçmə sayılır. O iş  edilsə, üç kəffarə lazımdır. Bir andiçmə kəffarəsi üçün, ya bir yoxsula on gün və ya on yoxsula bir gündə bir fitrə miqdarı mal vermək lazımdır. Bir neçə andiçmə kəffarəsini bir gündə on yoxsula vermək olmaz. Andiçmə kəffarəsini gecikdirmək günahdır. (S. Əbədiyyə)

Deməli, andiçmə kəffarəsini verə bilməyəcək qədər kasıb olan, ard-arda üç gün oruc tutar. Andiçmə kəffarəsi olaraq ən asanı və ən uyğunu, on kasıbın hər birinə, “İslam Əxlaqı” kitabı kimi doğru yazılmış bir din kitabı verməkdir. Kitab işini 20-30 manata həll etmək olar. Andiçmə kəffarəsini verə biləcək qədər pulu olanın oruc tutması səhih olmaz.

Səs vermək üçün and
Sual: Bir kişi, xanımına, “Bu siyasi partiyaya səs verməlisən” desə və bunun üçün and içdirsə, qadın o partiyaya səs vermək istəmirsə, nə etməlidir?
CAVAB
İstədiyi partiyaya səs verə bilər. Andını pozduğu üçün də andiçmə kəffarəsi də verməlidir. Əgər, ərinin şərindən qorxursa, bir zərər verə biləcəksə, onun dediyi partiyaya səs verər, ləğv olunması üçün də başqa partiyalara da səs verər. Beləliklə, ərinin dediyi partiyaya səs vermiş sayılacaq. Andiçmə kəffarəsi də verməsinə ehtiyac qalmaz.

Sual: Başım üçün və ya oğlumun, qızımın başı üçün deyərək and içməkdə, dinimiz cəhətdən bir zərəri varmı?
Cavab: Bir kimsə, oğlumun, atamın başı və ya başım üçün deyərək and içsə, məsələn, vallahi oğlumun başı üçün deyərək and içsə, bu adamın imanının getməsindən qorxulur.

Sual: Bir kimsə, bir neçə dəfə and içib bu andları pozsa, hamısı üçün bir kəffarə verməlidir?
Cavab: Bir kimsə, bir neçə andını pozarsa, hamısı üçün ayrı- ayrı kəffarə verməsi lazımdır. Kəffarələr, zəkat kimi, ibadəti- maliyyədir. Malını kasıblara bir vəkil vasitəsilə verməsi caizdir. Lakin özü malı ayırarkən və ya kasıba verilənə qədər niyyət etməlidir.

Andiçmə üç cür olur
Sual: Andiçmə sadəcə Allahın adları ilə olur, yoxsa başqa söz və ya kəlimələrlə də and içmək olar?
Cavab: Bu mövzu haqqında Mültəqa və Dürrül-muxtarda deyilir ki:
“Andiçmə üç cür olur:
1- Allahü təalanın adları ilə edilir.
2- Küfrə səbəb olan bir şeyi şərtə bağlamaqla edilir.
3- Talağı, boşanmanı şərt etməklə, şərt olsun deməklə and içilir.

Allahü təalanın adları ilə olan andiçmə, ya hərflə və ya kəlimə ilə olur. Vallahi, billahi deyərək adın əvvəlində “bi, ta, və” hərflərindən biri söylənsə, adın sonu əsrə oxunsa, andiçmə sayılır. Andiçmə yalnız Allahü təalanın adları ilə olur. Başqa şeylərlə andiçmə olmaz. Allahü təalanın adlarından, Həlim, Alim, Cavad kimi, insanlar üçün də istifadə olunan bir adla and içərkən, Allahü təalanın adı olduğunu niyyət etmək lazımdır.

And içmək adət halını alan bəzi xüsusiyyətlərilə də and içmək caizdir. Məsələn, Allahü təalanın qüdrəti və ya əzəməti, rəhməti üçün demək kimi.

Qurani-kərim, Peyğəmbər, Kəbə üçün deyərək andiçmə olmaz. Namusum haqqı, söz verirəm, şərəfim üstünə doğru söyləyirəm demək, andiçmə deyildir. Canın üçün, başın üçün kimi ifadələrlə and içmək haramdır.

Allah üçün and içirəm demək, andiçmə olur. Allaha əhd edirəm, Allaha misaq edirəm demək, andiçmə olur. Kasəm edirəm, and içirəm deyərək də andiçmə olur. Əhdim olsun, nəzrim olsun, andım olsun deməklə də andiçmə olur.

Əgər bunu etsən kafirsən və ya yəhudisən, yaxud xristiansan və ya Allahsızsan kimi küfrə səbəb olan bir şey demək və ya bunları olacaqsan və ya ol deyə söyləmək, hamısı andiçmə olur. Qarşısındakı insan o işi etsə, and pozulur. Bunlar and niyyəti ilə söyləndisə, and içən kəffarə verməlidir. Əgər, onun kafir olmasını istəyərək söylədisə, and içən kafir olur. Çünki küfrə razı olan kafir olur. Müsəlmana kafir deyən, qəsd etməsə də, kafir olur. Özünə başqası tərəfindən kafir deyənə: “Bəli, buyur!” kimi cavab verən kafir olur. Cavab verməməli və ya rədd etmək lazımdır. Bir kimsə, küfrə səbəb olan şeyləri, andiçmə niyyətilə söyləsə, kafir olmaz, and içmiş olur.”

Sual: “Bu evə və ya otağa girsəm, halal olan hər şey mənə haram olsun” deməklə andiçmə olur, yoxsa bunu söyləyənin imanımı gedir?
Cavab: Bu otağa, bu evə girsəm, faiz yemək halal olsun və ya hər şeyi yemək mənə haram olsun demək, andiçmə olur. Çünki faiz hər dində haramdır. Halal olsun demək küfürdür. Hər şey haram olsun demək, yemək və içmək hər dində halal olan çörək, su kimi şeylər haram olsun demək sayılır, küfürdür. Küfrə səbəb olan şeylər andiçmə niyyətilə söyləndikdə, söyləyən kafir olmaz, and içmiş sayılır.

“Allah xatirinə” deyərək istəmək
Sual:
Bəzi insanlar, “Allah eşqinə, Allah xatirinə bunu edərsən” deyirlər. Belə söyləmək və bu şəkildə söylənəni yerinə yetirmək doğrudurmu?

Cavab: 

Bu mövzuda Hadiqada deyilir ki:
“And verərək, məsələn, Allah xatirinə deyərək bir kimsədən dünyalıq şey istəmək caiz deyildir. Hədisi-şərifdə onların məlun olduqları bildirildi.”

Dürər və Gurərdə, İbn Abidin və Hadiqada deyilir ki:
“Bir Müsəlman, “Allah haqqı üçün bunu et” desə, bunu etmək lazım olmaz, yəni etməmək günah olmasa da, taət, hətta mübah olan şeyləri etmək yaxşı olar. Peyğəmbər haqqı üçün yaxud ölü və ya diri bir Vəli haqqı üçün dua etmək haramdır. Çünki, heç kimin Allahü təala üzərində haqqı yoxdur. Alimlərin bir qismi belə ictihad etsə də, belə dua etmək, “Ya Rəbb, onlara verdiyin haqq üçün” niyyətilə caiz olar. Çünki, Rum surəsinin 47-ci ayəsində məalən: “Üzərimizə haqq oldu ki, möminlərə yardım edək” buyurulur. Allahü təala Ənam surəsinin 12-ci ayəsində məalən: “Allahü təala, qullarına mərhəmət etməyi Özünə lazım qıldı” buyurub, mərhəmət və ehsan edərək, sevdiklərinə haqlar verdiyini göstərmişdir.” Bəzzaziyyə fətvasında,ölü və ya diri Peyğəmbərlərin və Övliyanın hörmətləri üçün dua etməyin caiz olduğu bildirilməkdədir.

Sual: Başın üçün, balan üçün deyərək and içmək və ya belə and içməyi təklif etmək dini cəhətdən doğrudurmu?
Cavab: Allahü təalanın ismindən başqa, yer, göy və başın, balan üçün deyərək and içmək müxtəlif hədisi-şəriflərlə qadağan edildiyinə görə, dini cəhətdən caiz deyildir.

Sual: Yalan yerə and içməyin günahı dinimizə görə böyük böyükdür?
Cavab: Bu mövzuda Təriqəti-Muhammədiyyədə deyilir ki:
“Peyğəmbər əfəndimiz: “Yalan yerə and içmək böyük günahdır” buyurdu. Bir hədisi-şərifdə də: “Yalan and içərək bir Müsəlmanın haqqını alan kimsənin gedəcəyi yer Cəhənnəmdir” buyuruldu. Doğru olaraq çox and içmək Allahü təalanın isminə və anda dəyər verməmək sayılır. Bunlara dəyər verməyərək and içmək çox çirkindir. Mahnılarda, təmsillərdə, əyləncələrdə and içmək də bunlardandır.”

Sual: Bəzi insanlar, and içdirmək istədiklərinə, atanın başı üçün, canın üçün, namusun üstünə and iç deyirlər. Belə and içmək və etdirmək dini cəhətdən doğrudurmu?
Cavab: Bu mövzuda İbda kitabında deyilir ki:
“Hədisi-şərifdə: “Atam haqqı deyərək and verməyin! Andiçmə, Allah ismi ilə olur” buyuruldu. Əbu Davuddakı hədisi-şərifdə: “Əmanət, yəni namus üçün and verən, bizdən deyildir” buyuruldu. “Allahdan başqa bir isim ilə and içən kafir olur” hədisi-şərifini İmam Tirmizi bildirmişdir. Atanın başı üçün, canın, başın üçün, namus üçün kimi and vermələr, təəssüf ki, geniş yayılmışdır.”




В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину