Məzhar Canı-Canan həzrətləri, övliyanın böyüklərindəndir. Seyiddir. Silsiləyi-aliyyənin iyirmi yeddincisidir.
Adı, Şəmsəddin Habibullahdır. Atası Mirzə Candır. Onun adıyla bağlı olaraq Canı-Canan deyilmişdir. 1701-ci ildə doğuldu. 1781-ci ildə şəhid edildi. Cəddi, sayılıb-seçilən dövlət adamlarından olub, Teymuriyyə sultanlarına yaxınlıqları vardı. Atası Mirzə Can, mövqe və məqamı tərk edib, fəqirliyi və qənaəti tərcih etdi. Sərvətini Allah üçün kasıblara payladı. Qızının kəbini üçün ayırdığı iyirmi beş min rubiyyə miqdarındakı qızılı, bir dostunun şiddətli bir sıxıntıda olduğunu eşitdikdə, tamamilə ona hədiyyə etdi. Atası, məmləkətində, mərhəməti, üstün əxlaqı, insani məziyyətlərinin üstünlüyü ilə tanınmış bir şəxs idi.
Məzhar Canı-Canan həzrətlərinin, zəka, fəhm və anlayışının parlaqlığını görən fərasət əhli, onun yüksək bir fitrətə, yaradılışa sahib olduğunu söyləyərdilər. Atası, onun tərbiyə və təlimində, elm öyrənməsi xüsusunda çox diqqət göstərdi. Hələ kiçik yaşda elm, mərifət öyrənməyə və müxtəlif məharətlər qazanmağa başladı. Qiymətli ömrünü uşaqlığından etibarən olduqca yaxşı dəyərləndirdi. Elm və mərifəti yanında müxtəlif sənət və məharətləri öyrəndi. Özü belə demişdir: “Uşaqlığımda İbrahim əleyhissəlamı yuxuda görüb, çox iltifat və ehsanlarına qovuşdum. Yenə uşaqlığımda Həzrəti Əbu Bəkiri nə zaman xatırlayıb adını ansam, mübarək surəti qarşıma çıxardı. Ruhaniyyətini gözümlə görərdim. Mənə çox iltifat göstərərdi.”
Yenə belə anlatmışdır:
“Uşaqlığımda idi. Bir kimsə atamla danışırdı. İmam Rabbani həzrətlərindən bəhs etdilər. Mən o anda imam Rabbani həzrətlərinin ruhaniyyətini gördüm. Mənə oradan qalxmağım üçün işarə etdi. Bu halı atama söyləyincə; “Anlaşıldı ki, sən onların yolundan istifadə edəcəksən” dedi. Allahu təala mənim fitrətimə, sünnəti-səniyyəyə tabe olma, uyma xislətini yerləşdirib.”
Özü elm təhsilini belə anlatmışdır:
“Fars dilini və digər bəzi bilikləri atamdan, Qurani-kərimi, təcvid və qiraət elmini Qari Əbdürrəsuldan, əqli və nəqli elmləri də zamanımızın alimlərindən öyrəndim. Hacı Muhamməd Əfdaldan, təfsir və hədis elmini öyrəndim. On beş yaşında ikən elm öyrəndiyim xocam Hacı Muhamməd Əfdal, mənə bir təkkə hədiyyə etmişdi. Bunun bərəkəti ilə zehnim yaxşıca açıldı. Heç bir şeyi oxuyub öyrənməkdə çətinlik çəkmədim. Təhsilimi tamamladıqdan sonra, bir müddət də tələbələrə dərs verdim. On altı yaşımda atam vəfat etdi. Vəfat etmədən əvvəl belə vəsiyyət etdi: “Bütün vaxtını, kəmalatı, yetkinlikləri və üstün dərəcələri əldə etmək üçün xərclə. Qiymətli ömrünü boş şeylərlə keçirtmə.”
Atamın vəsiyyətinə uyaraq, elm öyrənməyə və öyrəndiyim elmlə əməl etməyə davam etdim. Bir gecə yuxumda övliyadan bir şəxsi gördüm. Məzarından qalxıb yanıma gəldi və öz papağını başıma qoydu. Bu yuxudan sonra könlümdə məqam və mövqe arzusu heç qalmadı. Təsəvvüfə yönəlmə arzusu olduqca çoxaldı. Bir dəfəsində yuxumda qeybdən bir səs: “Bizim səninlə işimiz var. İnsanların hidayətə qovuşması və onları hidayətə qovuşduracaq yolun yayılması sənin səbəbinlə olacaq!” dedi. Bu yuxunu da görüncə təsəvvüfə yönəlib, batin nisbətini əldə etmək arzum lap qətiləşdi. Bu məqsədimə qovuşmaq üçün Seyid Nur Muhamməd Bədayuninin hüzuruna getdim. Mübarək üzünü görüncə mərifət sahibi bir şəxs olduğunu anladım. Sünnəti-səniyyəyə son dərəcə bağlı, dinin əmrlərinə tam uyan, yüksək əxlaq sahibi bir şəxs idi. Söhbəti qəlbə səfa verir, cana can qatırdı. Yaxşıca aydın olmuşdu ki, axtaranlar məqsədə onun hüzurunda qovuşur, ölmüş qəlb onun hüzurunda dirilib itminana çatır. Haqqa qovuşmaq orada müyəssər olurdu. Məni tələbəliyə qəbul etməsini ərz edincə, istixarəsiz tələbə qəbul etmədiyi halda məni dərhal qəbul etdi. Feyzləri o qədər bərəkətli və təsirli idi ki, bir təvəccöh ilə tələbəsinin qəlbi zikr etməyə başlayardı. Ona tələbə olub feyzlərinə qovuşunca könlüm aydınlandı. Çox iltifatına qovuşdum.
Qısa zamanda Nur Muhamməd Bədayuni həzrətlərinin söhbətində yetişdim. Təsəvvüf hallarına qərq olmuşdum. Mən, məhəbbəti-ilahinin bürüməsindən, cəzbənin çoxluğundan yuxunu, istirahəti, yeməyi, içməyi tərk etmişdim. İnsanlardan uzaqlaşıb tək başıma gəzməyə başladım. Aclığın şiddətindən ağac yarpağı yemişdim. Vaxtım daim özümdən keçmiş bir vəziyyətdə və müraqəbə halında keçirdi. Əsl məqsədə qovuşmağı beləcə gözlədim. Nəhayət o hala gəldim ki; “Rəbbini görürmüş kimi ibadət et” hədisi-şərifində istənilən vəsfə çatdım. Böyüklərin təsvir etdiyi məqsədə, sirri-tövhidə yüksəldim.
Nur Muhamməd Bədayuni, mənim hallarıma baxıb, mənə qarşı təvazö ilə, böyük bir sevgi və yaxınlıq göstərdi. Bir gün ikimiz qarşı-qarşıya oturarkən; “İki günəş qarşı-qarşıya gəlmiş, birinin nurundan digəri görülmür. Əgər taliblərin tərbiyəsinə yönəlsən aləm nurlanar” buyurdu. Yenə bir gün mənə; “Səndə Allahu təalaya və Rəsuluna qarşı məhəbbət yüksək dərəcədədir. Bizim yolumuz, sənin təvəccöhlərin ilə yayılacaq. Sənə Şəmsəddin Habibullah adı verildi” buyurdu və tələbələrindən bir qisminin yetişdirilməsini mənə həvalə etdi.
Xocam Seyid Nur Muhamməd Bədayuninin söhbətinə dörd il davam etdim. Sonra mənə icazət verdi. Mənə Əhli-sünnə etiqadı üzrə olmağımı, sünnəti-səniyyəyə uymağımı və bidətlərdən saqınmağımı vəsiyyət etdi.
Xocası Seyid Nur Muhammədin vəfatından sonra, insanları irşada və doğru yolu anlatmağa başladı. Dərslərinə, söhbətlərinə alimlər, əmirlər, vəlilər və xalq davam edib ondan feyz aldılar. Mir Müsəlman, Sənaullah Pani-Püti, Qulam Qaki, Seyid Alimullah, Seyid Abdullah Dehləvi kimi böyük alimlər və vəlilər yetişdirdi.
Məzhar Canı-Canan həzrətləri buyurdu ki:
“Allahu təala bizə ən yetkin ağlı, doğru və kəskin görüşü lütf etdi. Səltənət işlərinin idarəsi və məmləkətin nizamı xüsusunda, hər kəsin halına uyğun ən gözəl üsulu öyrənmiş idim. Bunun üçün zamanın məşhur dövlət adamları, alacaqları silah və digər mühüm şeyləri bizdən soruşar və bizdən aldıqları cavaba görə hərəkət edərdilər.”
Yenə belə buyurmuşdur:
“Möhtərəm atamın bərəkətli tərbiyəsilə yetişdikdən sonra məndə elə bir hal hasil oldu ki, bir baxışla hər kəsin nə olduğunu və qəlbindəkini anlayardım. Bulunduğum yolun nuruyla insanların səadət və ya şəqavət, (Cənnət və ya Cəhənnəm) əhli olduğunu, alınlarından oxuyardım.”
Nəvvab Xan Firuzcənk, Məzhar Canı-Canan həzrətlərini, soyuğu şiddətli bir qış günündə, üzərində köhnə bir paltarla gördü. Bu halını görüncə ağladı. Yanında olan adamlarından birinə; “Biz nə bədbəxt insanıq ki, böyüklərimizdən bir şəxs hədiyyə qəbul etmir və ona xidmət etməklə şərəflənə bilmirik” dedi. Bu hadisə üzərinə Məzhar Canı-Canan həzrətləri: “Biz, zənginlərdən bir şey qəbul etməməkdə, almamaqda qərarlıyıq. Həyat günəşimiz batmağa üz tutdu, ömür bitmək üzrədir. İndiyə qədər qəbul etmədik” buyurdu. Sonra Nəvvab Xan Firuzcənk, otuz min rubiyyə pul hədiyyə etmək istədi. Qəbul buyurmadı və; “Biz sizin sərvətinizin yeyicisi deyilik, onu kasıblara paylayınız” dedi.
Yenə Əfqan sərdarlarından biri, əşrəfi deyilən üç yüz qızıl göndərmişdi. Bunu da qəbul buyurmayıb; “Hər nə qədər hədiyyəni qəbul etmək lazımsa da, mütləq qəbul etmək lazım olduğuna dair bir əmr yoxdur. Bizə öz tələbələrimiz, ixlas və ehtiyatla, haram qarışmaması üçün diqqət edərək hazırladıqları hədiyyələri gətirirlər, onları belə qəbul etmirik. Qaldı ki, əmirlərin və zənginlərin hədiyyə edəcəyi şeylərin tam halaldan hazırlanmış olduğu şübhəli olanları heç qəbul etmərik. Onda insanların haqqı vardır. Qiyamət günü onun hesabını vermək çətindir. İmam Tirmizinin, Əbu Bərzədən gətirərək yazdığı hədisi-şərifdə Peyğəmbər əfəndimiz buyurdu ki: “Qiyamət günü hərkəs, dörd suala cavab vermədikcə həsabdan qurtula bilməyəcəkdir: Ömrünü necə keçirdi. Elmi ilə necə əməl etdi. Malını haradan necə qazandı və haralara xərclədi. Cismini, bədənini harada yordu, taqətdən saldı.” Bunun üçün çox diqqət etmək lazımdır” buyurdu.
Məzhar Canı-Canana yenə dövlət adamlarından biri Hindistanın məşhur meyvəsi olan “Ənbə”-dən (Hind gilası) bir miqdar hədiyyə göndərmiş və qəbul etməsi üçün də çox yalvarmışdı. Bunun üzərinə iki dənə “Ənbə” alıb gerisini geri qaytarmış və; “Bu fəqirin könlü, bunları qəbul etmək istəmir” buyurmuşdu. Bir az sonra hüzuruna bir bağça sahibi gəlib; “Filan əmir, sizə göndərdiyi ənbələri bizdən zülm ilə alıb sizə hədiyyə etdi” dedi. Bunun üzərinə məzlumun haqqının verilərək, himayə edilməsini söylədi. Sonra da: “Sübhanallah, onun gətirdiyi bu yemək bizim batinimizə zərərli oldu” buyurdu. Ondan sonra da malı şübhəli kimsələrin ehsanını heç qəbul etmədi. Yenə bu hadisə üzərinə; “Yeməklərin ən zərərlisi qazancları şübhəli olan zənginlərin hədiyyə etdiyi yeməklərdir. Hətta kasıbların hədiyyə etdikləri də şübhəlidir. Çünki onlar da, bu yeməkləri hazırlamaq üçün, qazancları şübhəli olan zənginlərdən borc alırlar” buyurdu.
Məzhar Canı-Canan həzrətləri bu xüsusda belə buyurmuşdur: “Yeyilən loğmalar insanı müvəffəqiyyətə qovuşdurmalı, taət və ibadətin nurunu artırmalıdır. Fəqirliyi zənginliyə tərcih etməli, səbir və qənaəti seçməlidir. Təslimiyyəti və rizanı səciyyə halına gətirməlidir. Rəsulullah əfəndimizin; “Allahım! Əli-Muhammədin rizqini kafi gələcək qədər qıl” buyurduğu duasına uyğun olaraq, insan üçün lazım olan şeyləri yetəri qədər istəməlidir.
Əshabı-kiram da belə dua edərdi. İsrafa düşürəcək qədər zəngin; sıxıntıya, borca salacaq qədər də kasıb olmamalıdır. Qulluq vəzifəsini yerinə yetirib, ölümə hazır gözləməli, könlü başqa arzulara bağlamamalıdır. Ölüm, ilahi bir hədiyyədir. Allahu təalaya qovuşmaq və Rəsulullah əfəndimizin didarını, mübarək üzünü görməkdir.
Məzhar Canı-Canan həzrətləri, xocalarına böyük bir məhəbbət və ixlas ilə bağlıydı. Xüsusilə İmam Rabbani həzrətlərinə dərin bir məhəbbəti var idi. “Hər nəyə qovuşmuşamsa, xocalarıma olan məhəbbətim səbəbilə qovuşdum. Qulun əməlləri nədir ki, Allahu təalanın rizasına qovuşdursun! Fəqət Allahu təalanın rizasına qovuşmuş və məqbul qullarından olan şəxsləri sevmək, onlara məhəbbət bəsləmək, Allahu təalanın rizasına qovuşmaq üçün ən qüvvətli vasitədir” buyurdu.
Məzhar Canı-Canan həzrətləri belə anlatmışdır:
“Bir dəfə cahanın bəzəyi və kainatın sərvəri olan Peyğəmbər əfəndimizi yuxuda görməklə şərəfləndim. Yanyana uzanmışdıq. O qədər yaxındıq ki, mübarək nəfəsi üzümə gəlirdi. Bu əsnada susadım. Sərhənd böyüyünün oğulları, yəni İmam Rabbani həzrətlərinin övladı da orada idilər. Rəsulullah, onlardan birinə su gətirməsini əmr buyurdu. Fəqir; “Ya Rəsulallah, onlar mənim pirimin övladıdır” deyə ərz etdim. “Onlar bizim sözümüzü tutarlar” buyurdu. Onlardan bir əziz, qalxıb su gətirdi. Doyunca içdim. Sonra: “Ya Rəsulallah, həzrətiniz Mücəddidi-əlfi-sani haqqında nə buyurursunuz?” deyə ərz etdim. “Ümmətimdə onun bir bənzəri yoxdur” buyurdu. “Ya Rəsulallah! İmam Rabbani həzrətlərinin Məktubatı, mübarək nəzərlərinizdən keçdi mi?” dedim. Buyurdu ki: “Əgər ondan xatırladığın bir yer varsa oxu!” Mən də, İmam Rabbani həzrətlərinin bəzi məktublarında keçən və Allahu təala üçün ; “O, vəra-ül-vəra sonra yenə vəra-ül-vəradır, yəni Allahu təala ötələrin ötəsidir. Ağıl nəyi düşünər və nəyi təsəvvür edərsə O deyildir” buyurduğunu oxudum. Rəsulullah əfəndimiz bunu çox bəyəndi və; “Təkrar oxu!” buyurunca, təkrar oxudum. Bu ifadələri çox gözəl olaraq qiymətləndirdi. Bu hal bir xeyli müddət davam etdi.
Mən gördüyüm bu yuxuda, Rəsulullah əfəndimizin mübarək nəfəsinin və söhbətinin bərəkətilə özümü tamamilə nur və hüzur içində tapdım. Oyanıq ikən ələ keçən şeylərdən daha çox bərəkətli olan bu yuxunun bərəkətilə günlərlə acmadım və susamadım.”
Məzhar Canı-Canan həzrətləri, şəhid olaraq vəfat etdi. Vəfatından bir neçə gün əvvəl, bu fani dünyadan getmə vaxtının gəldiyi və Allahu təalaya qovuşacağı üçün çox fərqli bir eşq və şövq içində idi. O günlərdə ibadət və taətlərini daha da artırmışdı. Bir tərəfdən də tələbələri və sevənləri axın-axın söhbətinə gəlirdilər. Söhbətləri və müraqəbələri böyük bir hüzur içində keçirdi. Söhbətləri əsnasında hüzurunda toplananlar yüz nəfərdən çox olar, bərəkətlərə və feyzlərə qovuşardılar. Vəfatının yaxınlaşdığı günlərdə tələbələrindən Molla Nəsim, məmləkətinə gedib qayıtmaq üzrə icazə istədiyi zaman, bu tələbəsinə; “Artıq səninlə bir daha görüşəcəyimiz məlum deyildir” buyurdu. Bu sözlərilə vəfat edəcəyinə işarə etmişdi. Bunu eşidən tələbələri ağlamağa başlayıb göz yaşlarını tuta bilmədilər. Yenə vəfatının yaxınlaşdığı günlərdə tələbələrindən Molla Əbdürrəzzaqa yazdığı bir məktubda: “Ömrüm səksən yaşını keçdi. Əcəlim yaxınlaşdı. Bizə xeyir dua et” deyə yazmışdı. Bu sıralarda tələbələrindən digərlərinə yazdığı məktublarında da eyni şəkildə işarə etmişdir.
Yenə vəfatının yaxınlaşdığı günlərdə qovuşduğu nemətləri dilə gətirərək və şükür edərək belə buyurdu: “Qəlbimdən hər nə keçdisə və hər nə nemətə qovuşmaq istədimsə, Allahu təala onları mənə ehsan etdi. Məni İslami-həqiqi ilə şərəfləndirdi və çox elm ehsan etdi. Saleh əməl üzrə istiqamət verdi. Böyüklərin təsəvvüf yolunda bildirdiyi şeylərin hamısını verib kəşf, təsərrüf və kəramət ehsan etdi. Məni dünyaya düşkün olmaqdan və dünyaya düşkün olanlardan da uzaq etdi. Ancaq Allahu təalaya yaxınlaşmaqda, yüksək dərəcə olan şəhidlik dərəcəsinə qovuşa bilmədim. Xocalarımın, mürşidlərimin çoxu şəhidlik şərbətini içməklə şərəfləndilər. İndi mən qocaldım, bədənim zəif düşdü. Cihad edəcək və beləcə şəhidliyə qovuşacaq gücüm, taqətim qalmadı. Ölümü sevməyən, istəməyənlərə təəccüb edilər. Ölüm Allahu təalaya qovumağa səbəbdir.”
Məzhar Canı-Canan həzrətləri beləcə, şəhidlik dərəcəsinə qovuşmağı çox arzu etdiyini dilə gətirmişdi. Ömrünün son günlərini yaşadığı sıralarda hüzuruna gəlib gedənlər xeyli artmışdı. 1781-ci ilin Məhərrəm ayının yeddisində Çərşənbə gecəsi qapısının önündə olduqca çox kimsə toplanmışdı. Bunlar arasından üç nəfər israrla içəri girmək istəyirdilər. Nəhayət icazə alıb içəri girdilər. Bunlar Monqol və Məcusi idilər. Hüzuruna girincə; “Məzhar Canı-Canan sənsənmi?” dedilər. Məzhar Canı-Canan həzrətləri də “Bəli mənəm” buyurdu. Məgər bunlar Məzhar Canı-Canan həzrətlərinə qəsd edib, öldürmək üzrə gəlmişdilər. İçlərindən biri hücum edib xəncər vurmağa başladı. Vurulan xəncər zərbəsi qəlbinə yaxın bir yerə isabət etmiş, ağır yaralanmış və yerə yıxılmışdı.
Vəziyyətdən xəbərdar olan Nəvvab Nəcəf Xan, səhər erkəndən firəng bir təbib göndərdi. Təbibə; “Tez gedib bu mübarək şəxsi müalicə et, onu yaralayanlar da tutulanda qisas edilsin” dedi. Firəng təbib gedib Məzhar Canı-Canan həzrətlərinin yarasına baxdı və qayıdıb qəsdən Nəvvab Nəcəf Xana; “Yaxşılaşıb xilas olar, başqa təbib göndərməyə ehtiyac yoxdur” dedi. Məzhar Canı-Canan həzrətləri bu yaralı halıyla üç gün daha yaşadı. Yaralarından davamlı qan axdı. Üçüncü gün, Cümə günü idi. Günorta vaxtı əllərini açıb Fatihəyi-şərifi oxudu. Əsr vaxtında; “Günün bitməsinə neçə saat var?” buyurdu. Dörd saat vardır dedilər. O gün həm Cümə, həm də Aşurə günü idi. Axşam olanda üç dəfə dərin nəfəs aldı və şəhid olaraq vəfat etdi.
Məzhar Canı-Canan həzrətləri, İslamiyyətin yayılması və insanların həqiqi səadətə qovuşmaları üçün çox üstün xidmətlər etmişdir. Hər biri üstün birər cövhər olan qiymətli şəxslər yetişdirmiş və onları insanlara rəhbərlik etməklə vəzifələndirmişdir. Tələbələri də getdikləri yerlərdə insanlara İslamiyyəti öyrətmişlər, imanlarının vicdaniləşməsini təmin etmişlərdir. Beləcə hər biri getdiyi yerdə İslamiyyətə uyulmasına, gözəl əxlaqın yayılmasına və insanların bir-birlərinə qarşı yaxşı rəftar etmələrini təmin etmişlərdir. Onları tanıyıb sevən insanlar, onların səbəbilə təmiz bir həyat yaşamaq və səadətə qovuşmaqla şərəflənmişlərdir.
Məzhar Canı-Canan həzrətləri buyurdu ki:
“Hər kim ki, dünyaya düşkün olanlar arasına qarışsa, söhbətin bərəkətlərinə və təsəvvüfün nurlarına qovuşa bilməz! Bir kimsə dünyaya düşkün olanlar arasına ehtiyac olduğu qədər qarışar və xalis niyyətlə və batini nisbətini mühafizə edərək aralarında olarsa zərəri yoxdur.”
“Dünya məlundur və dünyada olan şeylərdən Allah üçün edilməyənlər də məlundur. Allahu təalanın sevgisi ilə dünya sevgisi bir araya gəlməz. Allahu təalanın rizasına qovuşmaq üçün masivanı yəni Allahu təaladan başqa hər şeyi və bütün məqsədləri tərk etmək lazımdır.”
Məzhar Canı-Canan həzrətlərinin öz əshabına, tələbələrinə nəsihətləri belədir:
“Təqvanın və vəranın, haramlardan və şübhəli şeylərdən saqınmanın yolu, Rəsulullah əfəndimizə mütabiət yəni tam uymaq və onun bildirdiklərini candan qəbul etməkdir. Öz halınızı, əhli-sünnətdə bildirilən xüsuslar ilə müqayisə edin. Əgər halınız, əhli-sünnətdə bildirilən xüsuslara yəni dinin əmrlərinə uyğun isə məqbuldur. Uyğun deyilsə mərduddur, rədd ediləcəkdir. Dünya və axirət səadətlərinə qovuşmaq üçün, əhli-sünnət vəl-camaat etiqadı üzrə olmaq lazımdır.”
Dünya mətaı pək azdır
Məzhar Canı-Canan həzrətləri kamal dərəcədə zühd və təvəkkül sahibi idi. Dünyadan və dünyaya düşkün olanlardan son dərəcə saqınardı. Özünə verilmək istənən hədiyyələri qəbul etməzdi. Qəbul etdiyi çox nadir olardı. Zamanın padşahı Muhamməd Şah, vəziri Qaməruddin Xan ilə Mirzə Canı-Canana xəbər göndərib, belə dedi: “Allahu təala bizə elə böyük bir mülk verdi ki, xatirlərindən hər nə keçsə hədiyyə olaraq göndərərik, təki istəsinlər.” Məzhar Canı-Canan həzrətləri bu təklif üzərinə belə cavab verdi: “Allahu təala Qurani-kərimdə məalən; “… Onlara belə de; dünyanın mətaı pək azdır…” (Nisa surəsi: 77) buyuraraq dünyanın yeddi iqlimindəki mal və mülkün az bir şey olduğunu bildirdi. Az bir şey olan bu yeddi iqlimdən biri də Hindistan olub, o da sənin əlindədir. Bunun qiyməti nədir ki? Böyüklərin himmətinin əsası isə, ondan uzaq durmaqdır.”
Yenə o bölgənin dövlət adamlarından biri, Məzhar Canı-Canan həzrətləri üçün bir dərgah tikdirdi və bütün dərvişlərin ehtiyacını da qarşılayacağını bildirərək qəbul etmələri üçün ərz etdi. Lakin Məzhar Canı-Canan həzrətləri qəbul etmədi və; “Bizim üçün hər yer birdir. Allahu təalanın qatında hərkəsin rizqi təqdir edilmişdir. Vaxtı gələndə hər kəs rizqinə qovuşar. Dərvişlərin xəzinəsi səbir və qənaət olub, bu kafidir” buyurdu.
Həqiqi dərman
Məzhar Canı-Canan həzrətlərinin səksən yeddi məktubu və məlfuzatı, Kəliməti-Tayyibat deyilən kitabda vardır. Məktublarından biri:
“Qardaşım, zamanımızın tələbəsinin zəifliyindən, övliyadan kəşf və kəramət istədiklərindən və birinci əsri göz önündə tutmadıqlarından bəhs edən məktubunuz gəldi. Bilin ki, başqa şeyxlərə meyli olan səfehləri, ağılsız kimsələri tələbə olaraq qəbul etməyə gərək yoxdur. Ağıllı və müxlis kimsələrdən, bu işə talib olanları qəbul etməlidir. Kədərlənməyin. Allahu təala həqiqi hakimdir. Ali-İmran surəsi 31-ci ayəsində məalən; “Ey Həbibim! Onlara de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun. Allah da sizi sevər” buyurulması, bütün yollardakı saliklərin, tələbələrin məqsədi olan Allahu təalanın sevgisini və rizasını qazanmağı, Peyğəmbər əfəndimizə tabe olmağa bağlı qıldı. O mütəxəssis doktor, qulları qəflət və günah xəstəliklərindən qurtarmaq üçün, dərman və pəhriz yerində olan əmr və qadağaları göndərdi. Bu resepti tətbiq edib, uyğun dərmanları alan, pəhrizə riayət edən səhhət və şəfa tapar. Qaçınan özünü ziyan və tələf etmiş olar.
Bu reseptin bir surəti, bir də həqiqəti vardır. Surəti ilə avam müsəlmanları hərəkət edər. Bu da, etiqadını düzəltdikdən sonra dinə uyğun olaraq əməl edib, əmr və qadağalara uymaqla olar. Qarşılığı da Cənnətin nemətləri və Cəhənnəmdən qurtulmaqdır. Həqiqəti isə havassa, seçilmişlərə məxsus olub, qəlblərin nurlanması, parlaması və nəfslərin təzkiyəsi, təmizlənməsidir. Bunda, bildirilmiş olan surət var olmaqla yanaşı, riyazət və mücahədələr də vardır. Burada ələ keçən, təcəlli və kəşflərdir. Surətə iman və İslam, həqiqətə isə ehsan deyilir. Necə ki, hədisi-şərifdə: “Ehsan; Rəbbinə, onu görər kimi ibadət etməyindir” buyuruldu. Həqiqətsiz surət, dəridəki xəstəliklərə çarə tapmaqda, çiban və yaralar üzərinə qoyulan məlhəm və dərmanlar kimidir. Yaranı yaxşılaşdırar, çibanı keçirər. Əlbəttə faydasız deyildir. Həqiqətin isə, surətsiz heç faydası yoxdur. Bəlkə o həqiqət deyil, məkri-ilahidir. Bundan Allahu təalaya sığınırıq.
Həqiqət, təmizləmək, yəni xəstəlikli, mikroblu, xarab maddələri çıxarıb atmaq kimidir. Çünki yerində qalsalar, yenə xəstə edə bilərlər. Tam səhhətə qovuşmaq, tamamilə şəfa tapmaq, bu iki müalicənin birlikdə edilməsilə olar. Bu açıqlamadan, Peyğəmbər əfəndimizin müalicəsinin, Əshabı-kiramın təbiətlərində necə səhhət və şəfa təsirləri etdiyi asanlıqla anlaşıla bilər. Şübhəsiz ki, o müalicə və dərman, Allahu təalanı çox sevmək, bütün səyilə Rəsulullaha tabe olmaq, taət və ibadətlərdən ləzzət duymaq və günahları çirkin görüb, nifrət etməkdən başqası deyildi. Bu da onlarda qəlblərin hüzuru və nəfslərin təmizlənməsi təsirini edirdi. Rəsuli-əkrəmin bərəkətli söhbəti və İslamiyyət reseptinin tətbiqi ilə, bu mərtəbələrə olduqca qısa zamanda, bəlkə bir anda qovuşurdular. Onlar, daha sonrakı əsrlərdə adı çəkilən zövq və vəcdlərdən çox, surət və həqiqətə son dərəcə riayət və ehtimam göstərib, həqiqəti qoruyan surəti mühafizə edib, kəşf və kəramətə etina etmədilər. Bunları kamalın, yetkinliyin lüzum və şərtlərindən saymadılar.
O halda, tam səhhətə qovuşmaq istəyən talib, Rəsulullahın sünnətinə uymağı, bütün riyazət və mücahədələrdən üstün və buna aid olan nur və bərəkəti, bütün feyzlərdən üstün bilməlidir. Bütün zövq və vəcdlərə, batin cəmiyyəti və davamlı hüzur yanında dəyər verməməli və bu əsas və həqiqətlərin əldə edilməsinə səbəb olan böyüyü, Rəsulullah əfəndimizin vəkili bilməli, ona canla-başla xidmət edib, bu yolda, uşaqlar kimi, elə keçən qoz-moz kimi şeylərlə, şirin olsa da, kifayətlənməməlidir.
Fiqh bilgilərini öyrədin. Fiqhsiz din olmaz. Əhli-sünnət etiqadını öyrətməyə, yaymağa çox əhəmiyyət verin. Hər şeyinizdə Allahu təalanın həbibi olan Peyğəmbər əfəndimizə ittibaya, uymağa səy göstərin. Çünki Allahu təala həbibinə uyanları çox sevər.” (21-ci məktub)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0