Facebook Twitter WhatsApp

Abdullah ibn Hüzafə

Rəsulullahın elçilərindəndir.

Peyğəmbər əfəndimiz Hüdeybiyyə sülhündən sonra İslamın bütün dünyaya yayılması və insanların Cəhənnəmdən xilas olub əbədi səadətə qovuşmaları üçün   hökmdarlara elçilər göndərmək istəyirdi. Çünki o,  aləmlərə rəhmət olaraq göndərilmişdi.

İstədiyini əmr et!

Bu səbəblə bir gün Əshabı-kirama buyurdular ki:

— Bəzinizi əcnəbi hökmdarlara göndərmək istəyirəm. Əsla, İsrailoğullarının  Peyğəmbərlərinə qarşı davrandıqları kimi siz də mənə qarşı davranmayın!

Əshabı kiram cavab verdilər:

— Ya Rəsulallah!  Biz sənə qarşı  heç bir zaman heç bir şey haqqında zidd  davranmarıq. Sən bizə  istədiyini əmr et,  bizi istədiyin yerə göndər!

Beləliklə İslamiyyətə dəvət etmək üçün hökmdarlara bir-bir məktubla altı səhabə  göndərildi. Bu altı elçidən biri də Abdullah ibn Huzafə idi. Peyğəmbərimiz onu  Kisraya yəni İran şahına göndərmişdi.

Peyğəmbərimiz məktubunu Kisraya təqdim etmək üçün Bəhreyn valisinə verməsini də Abdullah ibn Huzafəyə əmr etdi.

Peyğəmbərimiz Kisraya yazdığı məktubunda belə buyurdu:

“Bismilləhirrahmənirrahim.  Allahın Rəsulu Muhamməddən,  Farsların böyüyü Kisraya!

            Hidayətə tabe olan,  doğru yolda gedənlərə, Allaha və Rəsuluna iman edənlərə, Allahdan başqa heç bir ilah və məbud olmadığına, Onun şəriki, ortağı olmadığına və  Muhammədin də Onun qulu və Rəsulu olduğuna şəhadət gətirənlərə salam olsun!

            Mən səni Allaha imana dəvət edirəm! Çünki mən, Allahın qəlbləri diri və ağılları başında olanları xəbərdar etmək, kafirlər haqqında da, o əzab sözü gerçəkləşdirmək üçün bütün insanlara göndərdiyi Peyğəmbəriyəm!

            Elə isə, Müsəlman ol, salamatlıq tap! Dəvətimdən üz çevirər, çəkinərsən bütün  Məcusilərin  günahı sənin boynuna  olsun!”

Bəhreyn valisinə verdi

            Peyğəmbərimizin İran Şahına göndərdiyi məktubun əsli 1962-ci ildə noyabr ayının  axırlarında Şamda tapılmışdır. Perqament üzərinə yazılmış olan bu mübarək məktub, zamanla rəngi dəyişmiş və toxuması köhnəlmiş yaşıl bir parçaya yapışdırılmışdır, boyu 28 sm, eni isə 21.5  sm-dir.

Abdullah ibn Huzafə həzrətləri Peyğəmbərimizin məktubunu Kisraya təqdim etmək üçün  Bəhreyn valisi  Münzir ibn  Savaya  müraciət etdi.  O da, onu Kisraya göndərdi.

Abdullah ibn Huzafənin bildirdiyinə görə özü Kisranın qapısına qədər getdi. Yanına girmək üçün icazə istədi.

Kisra, əvvəl evin salonunun bəzəndilməsini əmr etdi. Sonra, Fars dövlət adamlarının, daha sonra da, Peyğəmbərimizin elçisinin içəri girməsinə icazə verdi.

Abdullah ibn Hüzafə həzrətləri Peyğəmbərimizin məktubunu təqdim etmək üçün İran Kisrasının hüzuruna gəldi. Kisra, Peyğəmbərimizin məktubunun  elçidən alınmasını əmr etdi.  Abdullah ibn Huzafə dedi ki:

— Onu,  Rəsulullah əfəndimizin əmri ilə sənə mən verəcəyəm!

Kisra buna cavab olaraq dedi ki:

— Elə isə, buyur yanıma yaxınlaş!

Xəyal həyatı yaşayırsınız

Abdullah ibn Hüzafə Kisraya yaxınlaşaraq məktubu təqdim etdi. Kisra məktubu oxutmaq üçün Hirəli katibini çağırdı. Məktubu ona oxutdu. Katib məktubu:

“Allahın Rəsulu Muhamməddən, Farsların böyüyü Kisraya!” deyərək oxumağa başlayanda, Kisra məktuba Peyğəmbərimizin öz adıyla başlanmasına son dərəcə hirsləndi,qışqırıb-bağırdı.

Bunun üzərinə Abdullah ibn Hüzafə Kisranın hüzurunda belə danışdı:

— Ey Fars camaatı! Sizlər, yer üzündən ancaq əllərinizdə olan bir qisminə hakim olaraq, Peyğəmbərsiz və Kitabsız olaraq saylı günlərinizi keçirir, bir xəyal həyatı yaşayırsınız! Halbuki, yer üzünün hakim ola bilmədiyiniz hissəsi daha çoxdur.

Ey Kisra! Səndən əvvəl nə qədər dünyalıq və axirətlik hökmdarlar gəlmiş-keçmiş və hökm sürmüşdürlər. Onlardan axirətlik olanlar dünyadan da nəsiblərini almışlar, dünyalıq olanlar isə, axirət nəsiblərini itirmişdirlər! Dünyaya çalışmaqda bir-birlərindən geri qalanlar, axirətdə bir cərgəyə gəlmişdirlər.

Sənə gətirib təqdim etdiyimiz bu işi, sən kiçik görürsən, amma, vallah,  harada olarsan ol,  kiçik gördüyün şey gəlincə, ondan qorxacaq və qoruna bilməyəcəksən!

Mənə məktub yazır ha!

Kisra isə hirslə səltənətinə qürurlanaraq dedi ki:

— Buna bax! Mənim qulum, köləm olan adam qalxıb mənə məktub yazır ha! Mülk və səltənət mənə məxsusdur! Mənim bu barədə nə məğlubiyyətə uğramaqdan, nə də mənə bir ortaq çıxacağından qorxum var! Firon, İsrailoğullarına hakim olmuşdu. Siz, onlardan daha yaxşı və güclü deyilsiniz. Sizi, dərhal hakimiyyətim altına almağımda nə mane var? Mən, Firondan daha yaxşı və güclüyəm!

Kisra, daha məktubun içində nə deyildiyini öyrənmədən məktubu alıb cırdı və Peyğəmbərimizin elçisini  saraydan çıxarmalarını adamlarına əmr etdi.

Abdullah ibn Huzafə həzrətlərini saraydan çıxardılar.

Abdullah ibn Huzafə Kisranın hüzurundan çıxar-çıxmaz, heyvanının üzərinə atlayıb yol almağa başladı.  Öz-özünə dedi ki:

— Vallah, mənim üçün iki yoldan hansı olarsa, qəm çəkmərəm. Necə olsa  Rəsulullahın məktubunu verib vəzifəmi yerinə yetirdim.

Kisra, hirsi keçdikdən sonra elçinin içəri gətirilməsini əmr etdi. Onu, Hirəyə qədər axtartdı isə də tapdıra bilmədi.

Məktubumu parçaladı

Abdullah ibn Huzafə həzrətləri Mədinəyə gəlib vəziyyəti Peyğəmbərimizə xəbər verdi.  Kisranın əsəbiləşərək məktubu cırdığını söyləyəndə, Peyğəmbərimiz buyurdu ki:

— Parça-parça olsunlar! O, mənim məktubumu parçaladı. Allah da onun mülkünü,  səltənətini parçalasın!

O, öz əliylə mülkünü parçalamış oldu! Ey Allahım! Onun mülkünü, səltənətini parçala!

Allahu təala Rəsulunun duasını qəbul etmiş, Kisra, oğlu tərəfindən bir gecə xəncərlənərək parça-parça edilmişdi. Həzrəti Ömər zamanında da bütün İran torpaqları zəbt edilərək Müsəlmanların əlinə keçdi.

Abdullah ibn Huzafə həzrətləri Həzrəti Ömər dövründə Bizanslılarla edilən bir hərbdə bir çox Müsəlmanla birlikdə əsir düşmüşdü. Bizanslılar, əllərinə keçirdikləri əsirlərə əvvəl Xristianlığı təlqin edər, qəbul etdiyi təqdirdə sərbəst buraxarlar, əks halda müxtəlif işgəncələrlə  öldürərdilər.

Abdullah ibn Huzafənin Səhabənin böyüklərindən biri olduğunu öyrənən Kral, ona ayrı  bir  əhəmiyyət verir, Xristianlığı qəbul etməsi üçün davamlı təlqinlər etdirirdi. Ancaq Abdullah ibn Huzafə bu təkliflərin heç birisinə qulaq asmır, kəlimeyi-şəhadəti söyləməyə davam edirdi.  Kral hələ ümidini kəsməmişdi.

Həzrəti Peyğəmbərin yaxın yoldaşlarından birinin Xristianlığı qəbul etməsi, gündən günə yayılaraq Bizansı təhdid edən Müsəlmanlar arasında bir təlaş meydana gətirəcək və Xristianlıq aləmi üçün  böyük bir  müvəffəqiyyət olacaqdı.

Mülkümə ortaq edərəm

Onun üçün Kral Həzrəti Abdullahın Xristian olması səbəbilə qovuşacağı dünyalıqları davamlı deyir, yeni-yeni təkliflər edirdi. Ən sonunda belə bir təklif etdi:

— Xristian olmağı qəbul etdiyin təqdirdə, qızımı verər, səni səltənətimə və mülkümə  ortaq edərəm.

İlk Müsəlmanlardan olub Məkkəli müşriklərin daha əvvəlki işgəncələrinə dözmüş olan Həzrəti Abdullah  izzətlə qışqıraraq bu cavabı verdi:

— Deyil bütün Bizans torpaqlarını, Ərəb və Əcəm torpaqlarını da versən, bir an olsun dinimdən dönmərəm!

Bunun üzərinə Kral Həzrəti Abdullaha dedi ki:

— Elə isə öldürüləcəksiniz.

— Buna gücünüz çata bilər. Amma imanımı qəlbimdən çıxarıb ata bilməzsiniz!

Abdullah ibn Huzafədən gözlədiyi nəticəni ala bilməyən Bizanslılar Həzrəti Abdullahı çarmıxa çəkdilər və oxçular davamlı olaraq əllərinə və ayaqlarına yaxın yerlərə ox yağdırdılar.  Bu arada yenə Xristianlıq təlqinlərinə davam edilirdi.

Eyni zamanda bir qazan su qaynadılmış və Xristian olmağı rədd etmiş olan digər Müsəlmanlardan biri gətirilmiş, qazana atılmaq üçün gözlədilirdi.

Ağlamağa başladı

Sonda o  Müsəlmanı qaynar suya atdılar. Ətrafında olanlar və Həzrəti Abdullah bu faciəvi vəziyyəti gördülər. Sonra qazanın yanına Həzrəti Abdullahı gətirdilər.

Bu əsnada Həzrəti Abdullah ağlamağa başladı. Kral Həzrəti Abdullahın qorxusundan ağladığını zənn edərək, təkrar Xristian olmasını təklif etdi. Həzrəti Abdullah yenə təklifini rədd etdi. Bunun üzərinə kral soruşdu:

— O halda nə üçün ağlayırsan?

— Mən qorxumdan ağlamıram. Biz Müsəlmanlar Allah yolunda ölməkdən qorxmuruq. Mənim ağlamamın səbəbi budur ki, başımdakı saçlarımın sayı qədər canım olsa da,  onlardan hər biri  belə Allah yolunda ölümə getsə, deyə düşündüm və belə bir düşüncə məni ağlamağa sövq etdi.

İslam izzətinin bir timsalı olan Həzrəti Abdullahın bu sözləri qarşısında Kral yeni bir təklif etdi:

— Başımdan öpərsən, səni sərbəst buraxacağam.

Bizans səltənətinə ortaqlıq təklifi qarşısında belə imanını fəda etməyən Həzrəti Abdullah, bu Xristianın başını necə öpə bilərdi? Buna müqabil bir təklif etdi:

— Burada olan bütün Müsəlman əsirləri sərbəst buraxdığın təqdirdə dediyini edərəm.

Həzrəti Abdullah  kralın başını öpməyə gedərkən belə düşünürdü:

“Bu adamın Allahın düşmənlərindən biri olduğuna inanıram. Bunun başını isə ancaq  Müsəlman qardaşlarımı  sərbəst buraxacağı üçün öpürəm.”

Həzrəti Abdullah kralın başını öpdü və o da  sözünü tutaraq 80 Müsəlman əsiri sərbəst buraxdı.

Abdullah ibn Huzafənin imanından gələn izzət və fədakarlığı 80 Müsəlmanın xilas olmasına və daha neçələrinin imanını qurtarmasına vəsilə olmuşdu.

Hər Müsəlmanın vəzifəsidir

            Əsirlərlə birlikdə Mədinəyə qayıdan Həzrəti Abdullah, Həzrəti Ömər tərəfindən qarşılandı. Həzrəti Ömər, Abdullahı təbrik etdi və orada olan Müsəlmanlara xitabən;

— Abdullah kralın başından öpərək 80 Müsəlman qardaşımızın qurtuluşuna vəsilə olmuşdur. Onun  üçün Abdullahın başından  öpmək hər  Müsəlmana bir vəzifədir.  Budur ilk olaraq mən öpürəm, 

dedi və  başından öpdü.

Abdullah ibn Huzafə ilk Müsəlmanlardan idi. Soyu Həzrəti Lüeydə Peyğəmbər əfəndimizlə birləşir. Anası Harisoğullarındandır. Müsəlman olduqdan sonra Məkkəli  müşriklərin işgəncələrinə məruz qalmışdır.  İki dəfə Həbəşistana hicrət etmişdir.

Bədir hərbindən sonra Mədinəyə gəldi. Rəsulullahla birlikdə bütün döyüşlərə qatılan Abdullah ibn  Huzafə həzrətləri, bir ara Peyğəmbərimiz tərəfindən 50 nəfərlik bir səriyyəyə  komandirlik də verilmişdi. Abdullah ibn Huzafə, Həzrəti Osman  dövründə Misirdə vəfat etdi.

Allah ondan razı olsun.