Facebook Twitter WhatsApp

Həzrəti İmam Muhamməd Taki (radıyallahu anh)

         Adı Muhamməd ibn Əlidir (radıyallahü anh). On iki imamın doqquzuncusudur. İmam Əli Rza (radıyallahü anh) həzrətlərinin oğludur. Künyəsi Əbu Cəfərdir. Künyəsi və adı  İmam Muhamməd Baqir həzrətlərinə bənzədiyi üçün ona Əbul Cəfəri Sani də deyilmişdir. Ləqəbi Taki və Cavaddır. Anası Hayrzanə və ya Reyhanə adında bir cariyə idi. Hicrətin 195-ci ilində Rəcəb ayının onunda cümə günü Mədinədə doğuldu. Hicrətin 220-ci ilində  Zilhidcə ayının 6-da çərşənbə axşamı günü vəfat etdi. Qəbri Bağdadda babası Musa Kazım həzrətlərinin qəbrinin arxasındadır.

         İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri daha kiçik yaşlarında ikən ədəbi və elmi o dərəcəyə çatmışdı ki, Xəlifə Məmun ona heyran  olub qızı Ümmə Fadlı ona nikahlayaraq Mədinəyə göndərmişdi. Məmun ona hər il min dirhəm göndərərdi. 

         İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri atası vəfat edəndə on bir yaşında idi.  Bağdadın məhəllələrinin birində yoldaşları ilə bir yol üzərində dayanmışdılar. Xəlifə Məmun ova gedərkən o yoldan keçdi. Bütün uşaqlar yoldan qaçdılar. İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri yerində dayandı. Məmun gəlib ona bir az baxdı. Allahü təala könüllərdə ona qarşı məhəbbət vermişdi. Xəlifə ona, “yoldaşların yoldan çəkildilər, sən nə üçün  dayandın?” deyə soruşdu. “Yol dar deyil ki, mən kənara çəkilincə yol açılsın.  Təqsirim yoxdur ki, səndən qorxub qaçam. Sənin haqqında doğru zənn edirəm ki, sən günahsız kimsəni incitməzsən” buyurdu. Onun gözəl üzü və şirin sözü xəlifə Məmunun çox xoşuna gəldi. “Sənin adın nədir?” deyə soruşdu, “Muhamməddir” dedi. “Kimin oğlusan?” deyə soruşdu, “İmam Əli Rzanın (radiyallahü anh) oğluyam” dedi. Məmun, atasını rəhmətlə andı və ondan razı olduğunu söylədi. Sonra yoluna davam etdi. Şəhərdən uzaqlaşınca yanındakı ov quşlarından birini ov üçün bir su gölünə saldı. Ov quşu gözdən itdi. Və bir müddət sonra havadan aşağı endi. Pəncəsində kiçik bir balıq gətirmişdi. Balıq yarı canlı idi. Məmun heyrət etdi. Balığı alıb və qayıtdılar. Yenə İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin yoldaşları ilə birlikdə olduğu yoldan keçirdilər. Bütün yoldaşlar yoldan qaçdılar. Muhamməd Taki (radıyallahü anh) həzrətləri yerindən tərpənmədi. Məmun onun yanına gəlib, “ey Muhamməd, əlimdəki nədir?” deyə soruşdu. “Allahü təala dənizdə kiçik bir balıq yaratdı, məlik və xəlifənin  ov quşları da onu ovladı. Bunu mənə Rəsulullahın (sallallahü əleyhi və səlləm) Əhli beytinin sülaləsi xəbər verdi” buyurdu. Məmun  heyrət etdi və İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin üzünə bir az daha baxdı və “sən həqiqətən İmam Rza (radıyallahü anh) həzrətlərinin oğlusan” dedi. Ona ehsan və ikramlarını artırdı. Xəlifə Məmunun qızı və İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin xanımı olan Ümmü Fadl, atası Məmuna məktub yazaraq İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin onun üzərinə  cariyə və xanım almaq istədiyini şikayət etdi. Məmun cavab yazaraq, “səni İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinə verərkən Allahü təalanın ona halal etdiyini haram etmədim. Bundan sonra mənə bu  mövzuda şikayət məktubu yazma” dedi.

         İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri buyurdu ki;  “Zalımın ədalətlə keçən günü məzlumun zülm gördüyü günündən daha ağır gəlir. Cahillər çoxalınca, alimlər onlar arasında qəriblərdir. Müsibətə səbir, yamanlıq edən üçün müsibətdir. Facirdən (pis xasiyyətli) kömək ümid edən onu sevən üçün ən kiçik cəza məhrum qalmaqdır. İki kimsə əbədi xəstədir, sağlam olduğu halda pəhriz edən və xəstə olduğu halda pəhriz etməyən.”

         Xəlifə Məmun qızı Ümmü Fadlı İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri ilə evləndirib Mədinəyə  göndərdi. Axşama doğru Kufəyə çatdılar. Orada yerləşib bir məscidə girdilər. Məscidin  həyətində  hələ bar verməmiş bir agac, Ərəbistan  albalısı vardı.  İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri bir qab su istədi. O ağacın altında dəstəmaz  aldı və namaz qıldı. Namazdan sonra ağacın dibinə gəldi. Ağac təzə meyvə vermişdi. Çox  dadlı və tumsuz idi.  Orada olan əhali bərəkət üçün o meyvələrdən yedilər.

         Sələfdən bir şəxs belə anlatmışdır: “İraqda idim. Şamda bir nəfəri peyğəmbərlik  iddiasında olduğu üçün zəncirə bağlayaraq həbs etdiklərini eşitdim. Həbsxanaya gedib keşikçilərə bir şeylər verərək o şəxsin yanına girdim. Ağılı və fəhmi yerində idi. Başına gələnləri danış dedim. Belə anlatdı: “Şamda Həzrəti Hüseynin (radıyallahü anh) mübarək başının  dəfn olunduğu məsciddə ibadət edirdim. Qarşıma birdən bir nəfər çıxdı. Mənə qalx, dedi. Qalxdım, bir az getdik. Özümü Kufə məscidində gördüm. O şəxs, bura haradır, deyə soruşdu, Kufə məscididir, dedim. Namaza durdu. Mən də namaza durdum. Namaz bitincə çölə çıxdı. Mən də onunla birlikdə çıxdım. Bir müddət getdik. Özümü Rəsulullah əfəndimizin (sallallahü aleyhi və səlləm) məscidində gördüm.  Ravdaı-Rəsula (sallalahü əleyhi və səlləm) salam verdim. O şəxs orada da namaz qılmağa başladı. Mən də namaz qıldım. Namaz bitincə çölə çıxdı. Mən də onunla çıxdım. Bir müddət getdik. Məkkəyə çatmışdıq. Kəbəni təvaf edib çölə çıxdıq. O şəxs gözdən itdi. Mən özümü Şamda ibadət etdiyim məsciddə gördüm. Bu hala heyrət etdim. O şəxsin kim olduğunu anlaya bilmədim. Ertəsi il yenə eyni vaxtda o şəxs məni yenə yanına alıb eyni yerləri gəzdirdi. Ayrılacağı vaxt, bu gördüklərimi yaradan Allahü təala haqqı üçün siz kimsiniz, deyə soruşdum, İmam Muhamməd Taki ibn Əliyəm, buyurdu. Səhər olanda bu hadisəni tanıdıqlarıma anlatdım.  Şam valisi bunları eşidib məni peyğəmbərlik iddiasında oluram deyə tutub  həbsə atdılar, dedi. Şam valisinə bir məktub yazaraq bu vəziyyəti anlatdım. Vali məktubun arxasına, o şəxsi bir gecədə Şamdan Kufəyə aparan kimsə onu bizim həbsxanamızdan  qurtarsın, deyə  yazmışdı. Bu söz mənə çox ağır gəldi və çox kədərləndim. Vəziyyəti o şəxsə bildirmək üzrə həbsxanaya getdim. Bir də baxdım ki, valinin adamları  təlaşlı və həyəcanlı idilər. Nə oldu, deyə soruşdum, peyğəmbərlik iddiasında olduğu üçün həbs edilən şəxs itdi. Bilmirik ki, onu yer uddu yoxsa göy quşları yedi, dedilər. 

         Xəlifə Məmun vəfat edincə İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri, bizim qurtuluşumuz otuz ay sonradır, buyurdu. Otuz ay keçdikdən sonra İmam Muhamməd Taki (radıyallahü anh) həzrətləri də vəfat etdi.

         Bir şəxs belə anlatmışdır;  İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin hüzuruna gedib, “filan salehə xanım sizə dua edir və  özünə kəfən etmək üçün paltarınızı istəyir” dedim. “O salehə xanımın paltara ehtiyacı qalmamışdır” buyurdu.   Bu sözün mənasını anlaya bilməmişdim.  Sonra, o salehə xanımın on üç və ya on dörd gün əvvəl vəfat etdiyini xəbər aldım.

         Bir kimsə belə anlatmışdır; “Bir yoldaşla səfərə çıxacaqdıq. Vida etmək üçün İmam Muhamməd Taki (radıyallahü anh) həzrətlərinin hüzuruna getdik. “Bu gün səfərə çıxmayın, səbir edin. Sabah gedin” buyurdu. Hüzurundan ayrılınca yoldaşım, “Mənim  yüklərim getdi, mən bu gün yola çıxacam” dedi və yola çıxdı. Gecə yerləşdiyi dərəyə sel gəldi, seldə boğuldu.