Facebook Twitter WhatsApp

İmam Muhamməd Qəzali

         İslam alimlərinin ən böyüklərindəndir. Adı Muhamməd ibn Muhamməd ibn Muhamməd ibn Əhməddir. Künyəsi Əbu Hamid, ləqəbi Huccət-ül-İslam və Zeynəddindir. Qəzali nisbəsiylə məşhurdur. Müctəhid idi. İctihadı Şafii məzhəbinə uyğun oldu.

         İranın Tus şəhərinin Qəzali qəsəbəsində 1058-ci ildə (hicri 450) doğuldu.  Atası kasıb və saleh bir şəxs idi. Alimlərin söhbətlərindən heç ayrılmazdı. Əlindən gəldiyi qədər onlara kömək və yaxşılıq edər, xidmətlərində olardı.  Alimlərin nəsihətini dinləyincə ağlayar və Allahü təaladan özünə alim olacaq bir övlad verməsini yalvararaq istəyərdi. Atası yun əyirib Tus şəhərində bir  dükanda satardı. Vəfatının yaxınlaşdığını anlayınca oğlu Muhamməd Qəzalini  və digər oğlu Əhmədi xeyir sahibi və zamanın salehlərindən  bir dostuna  bir miqdar mal verərək vəsiyyət etdi və ona dedi ki:

“Mən özüm, alim bir kimsə ola bilmədim. Bu yol ilə kamala gələ bilmədim. Məqsədim  mənim yetişmədiyim kamal mərtəbələrinin bu oğullarımda hasil olması üçün kömək etmənizdir. Buraxdığım bütün pul və  ərzağı onların təhsilinə sərf edəsən!” 

         Yoldaşı vəsiyyəti eynilə yerinə yetirdi. Atasının buraxdığı pul və mal bitənə qədər onların yetişmə və yetkinləşmələri üçün çalışdı. Sonra onlara,  “Atanızın sizin üçün buraxdığı pulu təhsil və tərbiyəniz üçün sərf etdim. Mən kasıbam, pulum yoxdur. Sizə kömək edə bilməyəcəyəm. Sizin üçün ən yaxşı çarəni digər elm tələbələri kimi mədrəsəyə davam etmənizdə görürəm” dedi.   Bunun üzərinə iki qardaş mədrəsəyə getdilər və  yüksək alimlərdən olmaq səadətinə qovuşdular.

         İmam Qəzali uşaqlığında fiqhdən bir miqdarını öz məmləkətində oxudu.  Sonra Cürcana getdi.  İmam Əbu Nəsr İsmayıldan bir müddət dərs aldı. Sonra Tusa qayıtdı. Cürcandan Tusa qayıdarkən başından keçən bir hadisəni belə anlatdı:

“Bir qrup yol kəsici qarşımıza çıxdı. Yanımda olan hər şeyimi alıb getdilər. Arxalarından gedib özlərinə yalvardım.  Nə olar işinizə yaramayan dərs  qeydlərimi mənə verin. Rəisləri, “Onlar nədir? Necə şeylərdir?” deyə soruşduqda, “onları öyrənmək üçün məmləkətimi tərk etdim, qürbətə getdim. Filan yerdəki bir neçə kağızlardır” dedim. Quldurların rəisi  güldü, “Sən o şeyi bildiyini necə iddia edirsən, biz onları səndən alınca elmsiz qalırsan” dedi və onları mənə qaytardı. Sonra fikirləşdim, Allahü təala yol kəsicini məni  xəbərdarlıq üçün o şəkildə söylətdi, dedim.  Tusa gəlincə üç il bütün səyimlə çalışaraq Cürcanda tutduğum qeydlərin  hamısını əzbərlədim. O hala gəlmişdim ki, yol kəsici önümə çıxsa, hamısını alsa, mənə zərəri toxunmazdı”.

         Məmləkətində keçirdiyi bu üç ildən sonra  təhsilinə davam etmək üçün o vaxtın böyük bir elm və mədəniyyət mərkəzi olan Nişapura getdi. Zamanın böyük alimlərindən olan İmam-ül-Harameyn Əbul-Məali əl-Cüvəyninin tələbəsi oldu. Üstün zəkasını və çalışqanlığını görən xocası ona çox qayğı göstərdi. Burada üsuli hədis, üsuli fiqh, kəlam, məntiq, hüquq və münazara elmlərini öyrəndi. Əbu Hamid ər-Rəsəqani, Əbul-Hüseyn əl-Mərvəzi, Əbul Nəsr əl-İsmaili, Əbu Səhl əl-Mərvəzi, Əbu Yusuf ən-Nəssac kimi dövrün böyük alimləri olan xocalarıdır.

         Nişapurda təhsilini tamamladıqdan sonra böyük bir elm və ədəbiyyat himayəçisi olan Səlcuqlu vəziri, üstün dövlət adamı Nizamülmülkün  dəvəti ilə Bağdada getdi. Nizamülmülkün yığdığı elm məclisində olan zamanın alimləri İmam Qəzali həzrətlərinin elm dərinliyinə və  məsələləri izah etməkdəki üstün qabiliyyətinə heyran qaldıqlarını etiraf etdilər. O zaman ortaya çıxan səhv təriqətlərin mənsubları onun yüksək elmi və ən çətin, ən incə mövzuları ən açıq bir şəkildə izah etməsi, natiqlik və izah etmə qabiliyyətinin yüksəkliyi, zəkasının parlaqlığı qarşısında pərişan olur və  tab gətirə bilmirdilər.

         Bu sırada otuz dörd yaşında olan İmam Qəzali həzrətlərinin İslamiyyətə etdiyi böyük xidmətlərini görən Səlcuqlu vəziri Nizamülmülk indiki təbirlə, onu Nizamiyə Universitetə Rektor olaraq təyin etdi. Bu universitetin başına keçən İmam Qəzali həzrətləri üç yüz seçmə tələbəyə zəruri olan bütün elmləri öyrətdi. Yetişdirdiyi tələbələrin hədd və hesabı yox idi. Əbu Mənsur Muhamməd,  Muhamməd ibn Əsad ət-Tusi, Əbul Həsən əl-Bələnsi, Əbu Abdullah Cümert əl-Hüseyni tələbələrinin məşhurlarındandır. Bir tərəfdən də qiymətli kitablar yazan İmam Qəzali həzrətləri elm əhli, dövlət adamları və xalq tərəfindən böyük bir məhəbbət və hörmət gördü. Şöhrəti gün keçdikcə artdı. Nizamiyə Universitetində olduğu illərdə, Kitabül-Sadə fil-füru, Kitab-ül-Vəsit, Əl-yığcam, Məahiz-ül-Xilaf adlı kitablarını yazdı.

         Ayrıca İsmailliyə adındakı səhv təriqətin fikirlərini çürütmək üçün Kitabu-Fədaihil Batınıyyə və Fədail-il-Müstəhzariyyə adlı əsərlərini yazdı.  Yenə bu sırada Yunan dilini öyrənərək fəlsəfəçilərin səhvlərini ortaya qoymaq üçün qədim Yunan və Roma filosoflarının kitablarının əsli üstündə üç il diqqətlə araşdırmalar etdi. Bu araşdırmaları əsnasında və nəticəsində fəlsəfəçilərin məqsədlərini açıqlayan Məqasid-ül Fəlasifə kitabı ilə  filosofların fikirlərini rədd edən Təhafüt-ül-Fəlasifə kitabını yazdı. Avropalı filosoflar o əsrdə dünyanın sini kimi düz olduğunu iddia edərək, elmlərini və fəlsəfələrini belə səhv bilgilər üstündə qurarkən, İmam Qəzali həzrətləri dünyanın yumru olduğunu,  qaraciyərdə qanın zəhər və mikroblardan təmizlənib təzələndiyini, öd və limfalı zərərli maddələrin buradan qandan ayrıldığını və bu işdə dalağın, böyrəklərin və öd kisəsinin rollarını, qanın maddə miqdarlarındakı nisbətinin dəyişməsi ilə səhhətin pozulacağını, bu günki fizioloji kitablarında yazdığı kimi, dəlillərlə isbat etdi. Ayrıca digər fənn elmlərində də Avropalıların bilmədikləri doğru bilgilərə kitablarında yazıb  yer verdi.

         İmam Qəzali həzrətləri filosoflarla əlaqədar bu çalışmalarını Əl-Munkızu Aniddalal kitabında belə anlatmışdır:

         “Budur, indi filosofların elmlərinin hekayəsini dinlə: Onları bir neçə sinif, elmlərini də bir neçə qisim halında gördüm. Onlara çoxluqlarına və köhnə ilə yenilərini arasında doğruya yaxınlıq və uzaqlıq fərqinə baxmayaraq,  küfr və ilhad damğasını vurmaq lazımdır. Filosoflar firqələrinin çoxluğuna və  müxtəlifliyinə baxmayaraq Dəhriyyun, Tabiiyyun və İlahiyyun olmaq üzrə üç qismə ayrılarlar. Dəhriyyun sinfi köhnə filosoflardan bir zümrədir.  Yaradıcının varlığını inkar edərlər,  bunlar  zındıqdır.  Tabiiyyun - bunlar da axirətin varlığını qəbul etmədilər. Cənnəti, Cəhənnəmi, qiyaməti və hesabı inkar etdilər.  Bunlar da zındıqdır. Üçüncü sinif olan İlahiyyun,  daha sonra gələn filosoflardır.  Bunlar ilk iki sinfi rədd etmişsələr də özlərini bidət və küfrdən xilas edə bilmədilər.” Üçüncü qisimdən olan bu filosoflar özlərindən əvvəlkilərin səhvlərini açıq  aşkar göstərmək və bir yaradıcının olduğunu söyləməklə birlikdə  Peyğəmbərlərə inanmadıqları üçün küfrdə qalmışlardır. Çünki küfrdən xilas olmaq üçün  Peyğəmbərlərə və  onların bildirdiklərinə inanmaq da şərtdir.

         İmam Qəzali həzrətlərinin  filosofların fikirlərini çürütmək və etiqadlarına, fəlsəfə qarışdıran pozğun firqələrə cavab vermək üçün etdiyi bu çalışmasını eşidən bir sıra şəxslər onu  filosof zənn etmişlərdir. Bunun səbəbi fəlsəfə ilə təfəkkür arasındakı mühüm fərqi bilməmək ola bilər.  Filosoflar ağılı rəhbər etmişlərdir.  Mütəfəkkirlər isə ağıldan  istifadə etməklə birlikdə, ağıla da rəhbər olaraq Peyğəmbərləri və onların bildirdiyi imanı almışlardır. Göz üçün işıq nə isə, ağıl üçün iman odur.  İşıq olmayınca göz görə bilmədiyi kimi iman olmayınca ağıl da doğru yolda gedə bilməz. İmam Qəzali həzrətləri  filosof deyil müctəhiddir.  Onsuzda İslamiyyətdə də fəlsəfə və filosof olmaz. İslam alimi olar.  İslam dinində fəlsəfənin üstündə İslam elmləri, filosofun üstündə də İslam alimləri vardır.

         İmam Qəzali həzrətləri bu çalışmalarından sonra yerinə qardaşı Əhməd Qəzalini vəkil buraxaraq Nizamiyə Universitetindəki vəzifəsinə ara verdi və Bağdaddan ayrıldı.  Müxtəlif elmi çalışmalar və səyahətlər etdi. Şamda qaldığı iki il içində qiymətli əsəri “İhyau-Ulumiddin”i yazdı. Daha sonra Qüdsə getdi.  Burada Batini deyilən pozğun firqəyə qarşı Mufassıl-ul-hilaf,  Cavab-ul-Məsail və Allahü təalanın Əsmai Hüsna deyilən adlarını izah edən Əl-Məqsaəd ül-Əsma adlı əsərini yazdı. Qüdsdə bir müddət qaldıqdan sonra həccə getdi. Həccindən sonra Bağdada qayıtdı. Nizamiyə Universitetində Şamda yazdığı İhyasını çox saylı bir tələbə kütləsinə dərs olaraq oxutdu. Bu səfərki tədris həyatı uzun sürmədi.  Doğulduğu yer olan Tusa getdi. Burada yenə Batinilərə qarşı Əd-Dərcümərkum kitabı ilə Əl-Qistas-ul-Müstakim, Faysal-ut-Təfriqa, Kimyaı Səadət, Nəsihət ül-Müluq və Ət-Tibr-ul-Məsbuq adlı  qiymətli əsərlərini yazdı. On il qədər sürən bu xidmətlərindən sonra Səlcuqlu vəziri Fəxr-ül-Mülkün xahişi üzərinə bir müddət daha Nizamiyə Universitetində dərs verdi.  Təsəvvüfü anladan Mişqat-ül-Ənvar adlı əsərini də  bu sırada yazdı.

          İmam Qəzali həzrətlərinin təsəvvüfdə mürşidi Silsiləi aliyyənin böyüklərindən olan  Əbu Əli Farmədi həzrətləridir. Onun hüzurunda kamala gəldi. Zahir elmlərdə bənzərsiz alim olduğu kimi təsəvvüf elmlərində (övliyalıq elmlərində) də mürşid (yol göstərici) oldu. Hər iki elmdə Peyğəmbərimizin varisi oldu. Qısa bir müddət daha Nizamiyə Universitetində dərs verdikdən  sonra doğulduğu yer olan Tusa qayıtdı. Əlli beş il kimi qısa bir ömür sürən İmam Qəzali həzrətləri ömrünün son illərini Tusda keçirdi. Burada evinin yaxınlığında bir mədrəsə və bir də təkkə inşa etdirdi. Günləri insanları irşad etməklə keçdi. Əlli yaşını keçdiyi bu sıralarda Əl-Munkızu Aniddalal, fiqhin qaynaqlarına (Usuli fiqhə) dair Əl-Mustəsfa və  sələfi-salihinə (Əhli Sünnət etiqadına) tabe olmağı izah edən İlcamül-Avam an Elm-il-Kəlam adlı əsərini yazdı.

          İmam Qəzali həzrətlərinin yaşadığı dövrdə İslam aləmində siyasi və fikri baxımdan böyük bir qarışıqlıq hökm sürürdü. Bağdadda Abbasi xəlifələrinin hakimiyyəti zəifləməyə üz tutmuşdu. Bunun yanında Böyük Səlcuqlu Dövlətinin sərhədləri genişlənir və nüfuzu artırdı. İmam Qəzali həzrətləri bu dövlətin böyük hökmdarları Tuğrul Bəyin, Alparslanın və Məlik Şahın dövrlərini yaşadı. Məlik Şahin qiymətli vəziri Nizamümülk  həm döyüş meydanlarında zəfərlər qazanır, həm də o zamanın parlaq elm ocaqları olan  İslam Universitetlərini açırdı.  İmam Qəzali həzrətləri 23 yaşında ikən şərqdə Həsən Sabbah və adamları yalnış yollardan olan İsmailliyə firqəsini yaymağa çalışırdılar. Avropada isə Endülüs İslam Dövləti geriləməyə üz tutmuşdu.  Müqəddəs torpaqları  Müsəlmanlardan almaq üçün  ilk Səlib yürüşləri də İmam Qəzali həzrətlərinin zamanında başlamışdı. Bunlardan birincisi olan Səlib müharibəsinə qatılan Xaçlılar, Anadolu Səlcuqlu Hökmdarı Birinci Qılıc Aslanın üstün səy və  qəhrəmanlıqlarına baxmayaraq 600 mindən 40-50 minə düşmək bahasına da olsa  Anadolunu keçmiş,  Torosları aşmış, Antaqyanı və bir il sonra da Qüdsü ələ keçirmişlərdi (1096).

          İslam aləmindəki bu siyasi qarışıqlıqların yanında bir də fikir və  düşüncə ayrılıqları vardı.  Bütün bunlar Müsəlmanların birliyini birbaşa hərbi qüvvətlə və elm yolu ilə yıxa bilməyən daxili və xarici düşmənlərin xalq arasında zay və çürük fikirləri yaya bilmələri üçün çox uyğun bir zəmin təşkil edirdi.  Müsəlmanlar arasında etiqad birliyi sarsılmış,  düşüncə və fikirlərdə ayrılıqlar meydana gəlmişdi. Bir tərəfdən antik Yunan fəlsəfəsini anladan kitabları oxuyaraq yazılanları İslam inanclarına qarışdıranlar, digər tərəfdən Qurani-kərimin  ayələrinin mənasını dəyişdirərək və öz zay düşüncələrini qataraq  şərhlər verən Batinilər və Mutəzilə ilə digər firqələr İslam etiqadını pozmağa çalışırdı. Bunlara qarşı İslam alimlərinin başında ağılı və nəqli elmlərdə zamanın ən böyük alimi, müctəhid və əsrin mücəddidi olan İmam Qəzali həzrətləri gəlirdi.

          O, bir tərəfdən qiymətli tələbələr yetişdirdi,  bir tərəfdən də səhv firqələrin  səhv inanclarını çürütmək və Müsəlmanların bunlara aldanmaması üçün  oxuyacaqları qiymətli kitablar yazdı. Üç yüz mindən artıq hədisi-şərifi raviləri ilə əzbərdən bilən Hüccətül-İslam adıyla məşhur olan İmam Qəzali həzrətləri, İslamın iyirmi əsas elmi ilə bunların köməkçiləri olan müsbət elmlərdə də söz sahibi idi.  Hədis və Üsuli Hədis elmlərində  elm dəryası olan bu böyük alimin kitablarında  məvdu (səhv) hədis var deyərək,  İmam Qəzali həzrətlərində əskiklik aramaq,  elmin həqiqətini,  İslam aliminin dərəcəsini bilməməkdir.  Zamanında yaşayan və sonra gələn alimlər onun kitablarını sənəd qəbul etmişlər və nəticədə İmam Qəzali həzrətlərinin kitablarını ancaq məzhəbləri qəbul etməyənlərin, dində  islahat etmək üçün çalışanların bəyənmədiklərini bildirmişlərdir.

          İmam Qəzali həzrətləri 1111- ci ilin (Hicri-505) Cəmazil-əvvəl ayının 14-cü Bazar ertəsi günü böyük qismini zikr və ibadət və Qurani-kərim oxumaqla keçirdiyi gecənin sübh namazı vaxtında dəstəmazını təzələyib namazını qıldı, sonra yanındakılardan kəfən istədi. Kəfəni öpüb  üzünə sürtdü, başına qoydu:  “Əy mənim Rəbbim, Malikim! Əmrin başım, gözüm üzrə olsun” dedi.  Otağına girdi. İçəridə, hər səfərindən çox qaldı. Çölə çıxmadı. Bunun üzərinə oradakılardan üç adam içəri girincə,  İmam Qəzali həzrətlərinin kəfənini geyib, üzünü qibləyə dönüb, ruhunu təslim etdiyini gördülər. Başı ucunda bu beytlər yazılı idi:

Məni ölü görən və ağlayan dostlarıma,

Belə söylə, kədərlənən o din qardaşlarıma:

“Sanmayın ki, əsla mən ölmüşəm həqiqətən,

Vallah siz də qaçın buna ölüm deməkdən.”

                           .................

Mən bir sərçəyəm və bu bədən mənim qəfəsim.

Mən uçdum o qəfəsdən əsir qaldı bədənim.

                            .………..

Mənə rəhmət oxuyun, rəhmət olasınız.

Biz getdik, bilin ki, növbədə siz varsınız.

 Son sözüm olsun, “Əleyküm səlam” dostlar.

Allah salamatlıq versin, deyəcək başqa nə var?

 

           İmam Qəzali həzrətləri özünü məzarın içinə Şeyx Əbu Bəkr ən-Nəssac qoysun deyə vəsiyyət etmişdi. Şeyx bu vəsiyyəti yerinə yetirib məzardan çıxdığında halı deyişmiş,  üzü kül kimi olmuş görüldü. Oradakılar “Sizə nə oldu?... Nə üçün belə saralıb soldunuz əfəndim?...” dedilər.  Cavab vermədi.  İsrar etdilər, yenə cavab vermədi. And verərək təkrar israrla soruşanda, məcbur qalaraq bunları anlatdı: “İmamın naşını məzara qoyduğum vaxt Qiblə tərəfindən nurlu bir sağ əlin çıxdığını gördüm. Sakit bir səs mənə belə səsləndi. “Muhamməd Qəzalinin əlini, Seyyidül Mürsəlin Muhamməd Mustafanın (sallallahu əleyhi və  səlləm)  əlinə qoy”. Mən deyiləni etdim. Budur məzardan çıxdığım zaman bənizim saralmış, solmuş olmasının səbəbi budur. Allah ona rəhmət etsin.”

           İmam Qəzali həzrətləri əsrinin mücəddidi olub din bilgilərindən unudulmuş olanlarını meydana çıxarmış, açıqlamış və hər kəsə öyrətmişdi.

İmam Qəzali həzrətləri zamanındakı dövlət adamlarının ikram və iltifatlarına qovuşmuşdu. Onlara zaman-zaman nəsihət edərək və məktub yazaraq haqqı tövsiyə etmiş, Müsəlmanların dinclik və rifahı üçün dua etmişdir.

Bunlardan Səlcuqlu Sultanı Səncərə nəsihət üçün aşağıdakı məktubu yazmışdır:

“Allahü təala İslam diyarında müvəffəq etsin, nəsibli etsin.  Axirətdə ona, yanında yer üzü padşahlığının heç qalacağı mülki əzm və axirət sultanlığı lütf etsin. Dünya padşahlığı, nəhayət bütün dünyaya hakim olmaqdan ibarətdir.  İnsanın ömrü isə ən çox yüz il qədərdir.

          Cənabı Haqqın axirətdə bir insana lütf edəcəyi şeylərin yanında bütün yer üzü bir kərpic kimi qalar. Yer üzünü bütün diyarları, vilayətləri, o kərpicin tozu-torpağı kimidir. Kərpicin və tozun-torpağının nə qiyməti olar?  Əbədi sultanlıq və səadət yanında yüz illik ömrün nə qiyməti vardır ki, insan onunla sevinib məğrur olsun? Yüksəklikləri axtar, Allahü təalanın verəcəyi padşahlıqdan başqasına aldanma.

           Bu əbədi padşahlığa (səadətə) qovuşmaq,  hər kəs üçün çətin bir şey isə də, sənin üçün  asandır.  Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Bir gün ədalət ilə hökm etmək, altmış illik ibadətdən üstündür.” Madam ki, Allahü təala sənə, başqalarının altmış ildə qazanacağı şeyi bir gündə qazanma səbəbini lütf etmişdir, bundan daha yaxşı fürsət ola bilməz! Zamanımızda isə iş o hala gəlmişdir ki, deyil bir gün, bir saat  ədalətlə iş etmək, altmış il ibadətdən  üstün olacaq dərəcəyə çatmışdır.

           Dünyanın qiymətsizliyi açıq və ortadadır. Böyüklər buyurdular ki: “ Dünya qırılmaz qızıl bir səhəng, axirət də qırılan torpaqdan bir səhəng olsa, ağıllı kimsə,  keçici olan və yox olacaq olan qızıl səhəngi buraxar, əbədi olan torpaq səhəngi alar. Qaldı ki, dünya,  keçici və qırılacaq torpaq bir səhəng kimidir.” Axirət isə heç qırılmayan əbədi olaraq qalacaq olan qızıl səhəng kimidir. Elə isə, buna  baxmayaraq dünyaya  sarılan kimsəyə necə ağıllı demək olar? Bunu yaxşı düşünün və daim  göz qarşısında tutun….”

İmam Qəzali həzrətlərinin buyurduğu gözəl sözlərdən bəziləri:

  • Allahü təalanın verdiyi neməti Onun sevdiyi yerdə xərcləmək şükür; sevmədiyi yerdə istifadə etmək isə küfri-nemətdir (neməti inkar etməkdir).
  • Bəlaya şükür etmək lazımdır. Çünki küfr və günahlardan başqa bəla yoxdur ki, içində sənin bilmədiyin bir yaxşılıq olmasın! Allahü təala, sənin yaxşılığını səndən yaxşı bilər.
  • Bir sözü söyləyəcəyin vaxt düşün!  Əgər o sözü söyləmədiyin vaxt məsul olacaqsan söylə yoxsa sus!
  • Səbir insana məxsusdur. Heyvanlarda səbir yoxdur. Mələklərin isə səbrə ehtiyacı yoxdur.
  • Allahü təalanın hər etdiyimizi, hər düşündüyümüzü bildiyini unutmamalıyıq. İnsanlar bir-birinin xaricini görər. Allahü təala isə həm xaricini, həm daxilini görər. Bunu bilən bir kimsənin işləri  və düşüncələri ədəbli olar.
  • Ağlı olan kimsə nəfsinə deməlidir ki:  Mənim sərmayəm tək ömrümdür.  Başqa bir şeyim yoxdur. Bu sərmayə o qədər qiymətlidir ki, hər çıxan nəfəs heç bir şeylə təkrar ələ keçməz və nəfəsləri saylıdır, azalmaqdadır.  O halda bu günü əldən qaçırmamaq bunu səadətə qovuşmaq üçün  istifadə etməməkdən daha böyük ziyan ola bilərmi? Sabah öləcəkmiş kimi bütün üzvlərini haramdan qoru.
  • Ey nəfsim, sonra tövbə edərəm və yaxşı işlər görərəm, deyirsənsə, ölüm daha əvvəl gələ bilər, peşman olub qalarsan. Sabah tövbə etməyi bu gün tövbə etməkdən asan sanırsan, aldanırsan.

Əsərləri:

          İmam Qəzali həzrətləri ömrü boyunca gecə-gündüz davamlı yazmış  böyük bir İslam alimidir. O qədər çox kitab yazdı ki, ömrünə bölüncə, bir günə on səkkiz səhifə düşür. Əsərlərinin sayının 1000-ə çatdığı  Məvduat-ul-Ulum kitabında bildirilir. Bunlardan 400-nün adları Şeyx Əbu  İshaq Şirazinin  Hazain kitabında yazılıdır.

          Əsərləri üstündə Avropalılar geniş və uzun sürən araşdırmalar  etmişlərdir. Bunlardan P. Bouyges adlı  şərqşünas Essaie de Chronologie des Oeuvres de al-Ghazali adlı əsərində İmam Qəzalinin 404 kitabının adını vermişdir. Məşhur şərqşünas Brockelmann da Geschichte Der Arabischen Litteratur adlı əsərində,  əsərlərindən 75 dənəsinin siyahısını vermişdir. 1959-cu ildə dörd Alman akademik professoru, İmam Qəzali həzrətlərinin kitablarını oxuyaraq İslam dininə aşiq olmuşlar və həzrəti İmamın kitablarını Almancaya  tərcümə edərək sonunda Müsəlman olmuşlardır.

           İmam Qəzali həzrətlərinin vəfatından sonra  İslam dünyasının məruz qaldığı Monqol əsarəti əsnasında yandırıb yox edilən minlərlə kitabxana içində Qəzali həzrətlərinin saysız əsəri də yox edilmişdir.  Bu səbəbdən bu günə qədər əsərlərinin tam bir siyahısı və təsnifi edilməmiş, elm dünyası bu xüsusdakı əskikliyini tamamlaya bilməmişdir.

Əsərlərindən bəziləri bunlardır:

İhyau-Ulumiddin,

Kimyaı Səadət,

Cəvahir-ül-Quran,

Qavaid-ül-Əqaid,

Kitab-ül-İqtisadi fil-Etiqad,

İlcam-ül-Avam an Elm il-Kəlam,

Mizan-ül-Əməl,

Dürrət-ül-Fahirə,

Eyyüh-əl-Vələd,

Qistas ül-Müstəkim,

Təhafət-ül-Fəlasifə,

Məkasid-ül-Fəlasifə,

Əl-Munkızu Aniddalal,

Əl-Fətava, Hülasat-üt-Tasnif fit-Təsavvüf.

 

          (İlcam-ül-Avam, Eyyüh-əl-Vələd, Əl-Munkızu Aniddalal, Dürrət-ül-Fahirə və Kimyaı Səadət kitabları Həqiqət Kitabevi tərəfindən  dərc edilmişdir.)

          İmam Qəzalinin ən qiymətli əsəri İhyasıdır. Osmanlı alimlərindən Saffət Əfəndi “Təsəvvüfün Zəfəri” adlı əsərində, İmam Qəzalinin İhyau Ulumiddin kitabı elə qiymətli bir əsərdir ki, Quranı Kərimin və Peyğəmbər əfəndimizin  hədislərinin mənalarını  Müsəlmanlara izah etmək və  Allahü təalanın qullarına,  doğru yolu göstərmək, dinclik və səadətə qovuşduran İslam əxlaqını öyrətmək üçün din alimləri olaraq əlimizdə bundan başqa heç bir kitab olmasaydı, yalnız bu kitab kifayət edərdi.

          Seyid Abdülhakim Arvasi həzrətləri də, “İmam Qəzalinin Əhya kitabı, bütün alimlərə görə doğru və yüksəkdir. Bir qeyri müsəlman, sevərək səhifələri çevirsə müsəlman olmaqla şərəflənər” buyurur.

Həzrəti Musa il danışması...

          Peyğəmbər əfəndimiz Meracda ikən Musa əleyhissəlam ilə görüşür. Həzrəti Musa,  “Ümmətimin alimləri İsrail oğullarına gələn peyğəmbərlər kimidir” buyurursunuz. Bir alim necə olar da peyğəmbər kimi olar, deyir. Peyğəmbər əfəndimiz, bir alim çağırır. Həzrəti Musa gələn  alimə soruşar:

-         Sənin adın nədir?

-          Muhamməd ibn Muhamməd ibn Muhamməd Qəzali.

Həzrəti Musa soruşar:

-         Mən  sənə adın nədir dedim, sən ta babalarının adını belə söylədin? Belə söyləmək uyğundurmu? Yalnız suala cavab vermək lazım deyil mi?

-         Əfəndim, Allahu təala, “Ya Musa əlindəki nədir?” deyə soruşduğunda Siz, Əsa deməklə, qalmadınız. Bu əlimdəkini yerə vurunca su çıxar, bununla düşmənlərin oyunlarını pozaram, lazım olduğunda bu əjdaha olar, sehrbazların sehrlərini yox edirəm, gedərkən dayanaram. Bu Əsanın mənə çox faydaları vardır” dediniz. Elə deyil mi?

-         Bəli elə demişdim.

-         Məqsədiniz Allahü təala ilə daha çox danışmaq deyildimi?

-         Bəli.

-         Mən də sizin kimi böyük bir peyğəmbəri tapmış ikən çıxışımı uzatmaq üçün babalarımın da adını söylədim.

Həzrəti Musa Peyğəmbər əfəndimiz əleyhissəlama deyir ki:

          İndi aydın oldu, həqiqətən sənin ümmətinin alimləri Bəni İsrailin  peyğəmbərləri kimi imiş. (Ruhubəyan c.2, s.568)