Gözəl İslam / Yüz qırx yeddinci məktub  

Yüz qırx yeddinci məktub  

Sual: Muhamməd Məsum həzrətlərinin 147-ci Məktubunun xüsusiyyəti nədir ki, bunun oxunması tövsiyə edilir?

CAVAB                                                                    

Məktubun hamısı aşağıda verilmişdir:

Allahu təala sizi və bizi həbibi, sevgilisi və Peyğəmbərlərin ən üstünü Muhamməd əleyhissəlama tabe olmaqla şərəfləndirsin! Ey mərhəmətli qardaşım! Dünya həyatı çox qısadır. Əbədi olan axirət həyatında dünyada etdiklərimizin qarşılığını görəcəyik. Bu dünyada ən məsud insan qısa ömründə, Axirətə yarayacaq işləri edən, uzun Axirət səfərinə hazırlanan insandır. Allahu təala sizə insanların ehtiyaclarını qarşılayacaq, onları ədalətə və rahata qovuşduracaq bir məqam, bir vəzifə ehsan etmişdir. Bu böyük nemətə çox şükür edin! Buna şükür etmək, Allahu təalanın qullarının ehtiyacını qarşılamaqla olur. Qullara xidmət etməyiniz dünya və axirət dərəcələrinə qovuşmağınıza səbəb olacaqdır. Bunun üçün Allahu təalanın qullarına yaxşılıq etməyə, gülər üz, şirin dil və gözəl əxlaqla onlara asanlıq göstərməyə çalışın! Bu çalışmağınız Allahu təalanın razılığını qazanmağınıza səbəb olacaqdır. Hədisi-şərifdə, “İnsanlar Allahu təalanın bəndəsidir, qullarıdır. Qullarına yaxşılıq edənləri çox sevər” buyuruldu. Müsəlmanların ehtiyaclarını qarşılamağın və onları sevindirməyin, gözəl əxlaqlı, mülayim və səbirli olmağın fəzilətini və savabını bildirən hədisi-şəriflər çoxdur. Bunlardan bir neçəsini yazıram:

“Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu çətinlikdə buraxmaz. Qardaşına kömək edənə Allahu təala kömək edər. Qardaşının çətinliyini aradan qaldıranın, Allahu təala qiyamətdə çətinliyini aradan qaldırar. Bir müsəlmanı sevindirəni Allahu təala qiymətdə sevindirər.”

“Din qardaşına kömək edənin köməkçisi Allahu təaladır.”

“Allahu təala bəzi qullarını insanların ehtiyaclarını qarşılamaq üçün yaratmışdır. Dərdli olanlar onlara sığınarlar. Bunlar qiyamət gününün əzabından əmindirlər.”

“Allahu təala bəzi qullarına çox nemətlər vermiş, bunları dərdli qullarına dərman üçün səbəb etmişdir. Bu nemətləri möhtac olanlara verməzlərsə əllərindən alıb başqalarına verər.”

“Din qardaşının ehtiyacını qarşılayana on il itikaf (Ramazan ayının son on günündə, gecə-gündüz bir məsciddə ibadət etmək) savabı verər. Allah rizası üçün bir gün itikaf edənlə Cəhənnəm atəşi arasında üç xəndək uzaqlıq vardır. İki xəndək arası, şərq ilə qərb arası kimi uzaqdır.”

“Bir din qardaşının ehtiyacını qarşılayan kimsəyə Allahu təala yetmiş beş min mələk göndərər. Səhərdən axşama qədər onun üçün dua edərlər. Axşam isə səhərə qədər dua edərlər. Hər addımı üçün bir günahı əfv olar və bir dərəcə yüksəldilər.” 

“Bir mömin qardaşının ehtiyacını qarşılamaq üçün gedən kimsəyə hər addımı üçün yetmiş savab verilər və yetmiş günahı əfv olar. Onu çətinlikdən xilas edən də anadan doğulmuş kimi günahlarından xilas olunar. Bu köməyi edərkən ölərsə hesabsız olaraq Cənnətə girər.”

“Bir din qardaşının çətinliyini aradan qaldırmaq üçün onunla dövlət qapısına gedərsə, sırat körpüsü ayağı sürüşmədən keçənlərdən olar.”

“Əməllərin, ibadətlərin ən qiymətlisi bir mömini sevindirmək və ya paltar vermək yaxud acdırsa doyurmaq,  yaxud hər hansı ehtiyacını qarşılamaqdır.”

“Fərzlərdən sonra əməllərin ən qiymətlisi bir müsəlmanı sevindirməkdir.”

“Bir kimsə mömin qardaşını sevindirincə, Allahu təala bir mələk yaradar. O kimsə ölənə qədər bu mələk həmişə ibadət edər. Ölüb qəbirə qoyulanda yanına gələrək, məni tanıyırsanmı, deyər. Xeyr, sən kimsən deyincə, “Bir müsəlmana vermiş olduğun sevincəm. Bu gün səni sevindirmək və sual mələklərinə cavab verərkən köməkçi olmaq və cavablarına şahidlik etmək üçün indi sənə göndərildim. Qəbirdə və qiyamətdə sənə şəfaət edəcəyəm. Sənə Cənnətdəki məqamını göstərəcəyəm” deyər.”

“ Möminlərdən imanı kamil olanı, xasiyyəti gözəl və xanımına qarşı mülayim olandır.”

“Bir qul gözəl əxlaqı səbəbiylə axirətdə yüksək dərəcələrə qovuşar və ibadətlərinə qat-qat çox savab verilər. Pis əxlaq insanı Cəhənnəmin dərin təbəqələrinə sürüyər.”

“İbadətlərin ən asanı və ən yüngülü, az danışmaq və gözəl xasiyyətli olmaqdır.”

“Haqlı olduğu halda belə münaqişə etməyən kimsəyə Cənnətin kənarında bir saray veriləcəkdir. Zarafat olaraq da yalan söyləməyənə Cənnətin ortasında bir saray veriləcəkdir. Gözəl xasiyyətli olana Cənnətin ən yüksək yerində bir saray veriləcəkdir.”

“Gözəl əxlaq, ilıq suyun buzu əritdiyi kimi günahları əridər. Pis əxlaq sirkənin balı pozduğu kimi, ibadətləri pozar.”

“Allahu təala rəfiqdir. Hər işində mülayim xasiyyətli olanı sevər.” 

“Allahu təala mülayim xasiyyəti sevər, belə kimsəyə həmişə kömək edər. Əksinə, sərt kimsəyə kömək etməz.”

“Cəhənnəmə girməyəcək olan, Cəhənnəm atəşinin yandırmayacağı kimsə, mülayim xasiyyətli olan və hər kəsə asanlıq göstərəndir.”

“Allahu təala tələsməyəni sevər. Tələsmək şeytandandır. Allahu təala hilmi, yəni mülayim xasiyyəti sevər.” 

Mülayim xasiyyətli olan, gündüzləri oruc tutan, gecələri namaz qılan kimsənin dərəcəsinə qovuşacaqdır.”

“Hirslənəndə mülayim davrananı Allahu təala çox sevər.”

“Sərt olana qarşı mülayim davrananı və zülm edəni əfv edəni və özünü məhrum buraxana ehsan edəni və özünü axtarmayanı ziyarət edəni, Allahu təala yüksək dərəcələrə qovuşduracaq və Cənnətdə saraylar ehsan edəcəkdir.”

“Qəhrəman güləşdə, yarışda qazanan deyil, hirslənəndə nəfsinə hakim olandır.”

“Gülər üzlə salam verənə sədəqə savabı verilər.”

“Din qardaşlarını gülər üzlə qarşılamaq və əmri-məruf və nəhyi-anil-münkər etmək və din bilgiləri unudulduğu, pozğunluğun, dinsizliyin yayıldığı zamanda bir kimsəni bunlardan qurtarmaq və yollardan, meydanlardan daş, tikan, sümük və zibilləri qaldırmaq və susuz qalanın su qabını doldurmaq,  hamısı bir sədəqədir.”

“Cənnətdə, çöldən içərisi və içəridən çölü görülən saraylar vardır. Bunlar, şirin sözlü olanlara və acları doyuranlara və hər kəs yuxuda ikən namaz qılanlara veriləcəkdir.”

Bir kimsə, Rəsulullahın qarşısına gəlib Allahu təalanın çox sevdiyi əməl nədir, deyə soruşanda, “Gözəl xasiyyətli olmaqdır” buyurdu. Sağ tərəfindən gəlib, təkrar soruşanda, “Gözəl xasiyyətli olmaqdır” buyurdu. Sol tərəfindən gəlib soruşanda, yenə “Gözəl xasiyyətli olmaqdır” buyurdu. Sonra, gəzib arxadan soruşanda, Rəsulullah (səllallahu əleyhi və səlləm) mübarək üzünü buna çevirib, “Nə üçün anlamırsan? Gözəl xasiyyət, əldən gəldiyi qədər hirslənməmək deməkdir” buyurdu.

Çox kimsənin Cənnətə girməsinə səbəb olan şey nədir, deyildiyində, “Təqva, yəni haramlardan çəkinmək və gözəl xasiyyətli olmaqdır” buyuruldu. Çox kimsənin Cəhənnəmə girməsinə səbəb olan şey nədir, deyildiyində də, “Dili və fərcidir” buyuruldu. Fərc, cinsiyyət orqanı.

Hədisi-qüdsidə də buyuruldu ki:

“Bütün dinlər içində bu dini seçdim. Bu din comərdliklə və gözəl xasiyyətlə tamam olur. Bu dini hər gün bu ikisi ilə tamamlayın!”

Bu hədisi-şəriflər, TərqibTərhid adlı hədis kitabından alınmışdır. Allahu təala hamımıza bu hədisi-şəriflərə riayət etməyi nəsib etsin! Halı, hərəkətləri bunlara uyğun gələn kimsə, Allahu təala çox şükür etsin. Halı uyğun olmayan da, bu hədisi-şəriflərə riayət etmək gəlmək üçün Allahu təalaya yalvarsın! Halı uyğun olmayanın qüsurunu anlaması da böyük bir nemətdir. Qüsurlu olduğunu anlamayan, bunun üçün kədərlənməyənin dininin, imanının zəif olduğu aydın olur.

14-03-2018, 15:54
Geri